YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Böyük Qayıdış: dayanıqlı məskunlaşma” mövzusunda tədbir keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı tərəfindən Bərdə rayonu ərazisində yerləşən 588 ailəlik məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşan bir qrup rayon sakini və partiya üzvləri ilə görüş keçirilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüşdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov və digərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən “Böyük Qayıdış” proqramının işğaldan azad edilmiş ərazilərdə yeni həyatın bərpasını və dayanıqlı məskunlaşmanın təmin olunmasını hədəflədiyini bildiriblər. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Ermənistanın 30 illik işğalı dövründə dağıdılmış ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, müasir elmi-texnoloji yeniliklərin tətbiqi ilə regionda sosial-iqtisadi həyat yenidən canlandırılır.

Vurğulanıb ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən şəhərsalma və məskunlaşma siyasəti ekoloji dayanıqlılıq, müasir idarəetmə prinsipləri, insan amili və regionların ümumi iqtisadi sistemə inteqrasiyası əsasında formalaşdırılır. Bildirilib ki, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində 8 şəhərin baş planı təsdiq edilib, 100-dən artıq yaşayış məntəqəsi üzrə şəhərsalma sənədləri hazırlanıb. Eyni zamanda bölgədə 3 beynəlxalq hava limanı inşa olunub, magistral avtomobil və dəmir yolları çəkilib, körpü, tunel və digər mühüm infrastruktur obyektləri istifadəyə verilib.

Çıxışlarda qeyd olunub ki, azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, ekoloji tarazlığın qorunması, müasir kommunal xidmətlərin təşkili, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi və məşğulluq imkanlarının artırılması bölgələrin uzunmüddətli və dayanıqlı inkişafına xidmət edir. Vurğulanıb ki, “Böyük Qayıdış” prosesi yalnız keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını deyil, həm də regionda sosial rifahın, iqtisadi fəallığın və milli həmrəyliyin gücləndirilməsini təmin edən mühüm dövlət strategiyasıdır.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv