YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda Silahlı Qüvvələr Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında “26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində dövlət quruculuğu istiqamətində bir çox mühüm addımlar atılsa da, təəssüflər olsun ki, bu başlanğıcların əksəriyyəti tamamlanmamış qaldı. Yalnız 1969-cu ildə, ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesi yenidən başlandı. Həmin dövrdə Ümummilli Liderimizin bu istiqamətdə atdığı ən mühüm addımlardan biri 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu. Müstəqilliyimizin ilk illərində o dövrkü iqtidarın səriştəsizliyi və yersiz ambisiyaları ucbatından ölkənin sözün əsl mənasında xaos içərisində olduğunu qeyd edən G.Bayramov vurğulayıb ki, belə bir şəraitdə ordu quruculuğundan söhbət belə getmirdi. Pərakəndə halda olan silahlı birləşmələr isə, xalqın və dövlətin deyil, ayrı-ayrı siyasi qüvvələrin maraqlarına xidmət edirdilər. Yalnız 1993-cü ilin yayında Ümummilli Liderin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra bu sahədə vəziyyət kökündən dəyişdi. Ulu Öndərin səyləri nəticəsində 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Milli Ordumuzun formalaşması prosesi daha da sürətləndi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin səfərbərlik üzrə zabiti Polad Maqsudov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Samux rayon şöbəsinin müdiri Mirzəmməd Orucov,  Samux RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Rüstəm Ramizli və digər çıxış edənlər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, müasir təchizatına görə ən güclü ordular sırasında durduğunu bir daha təsdiq etdiyini söyləyiblər.