YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir

İlkin Əliyev

YAP Zərdab rayon təşkilatının sədri

Dünyanın bir çox ölkələrinin müharibələr, daxili xaos, iqtisadi tənəzzüllə mübarizə apardığı bir vaxtda 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmış Azərbaycan sabitlik adasını xatırladır. İndi ölkəmiz nəinki öz yeni hədəfləri uğrunda adımlar atır, eyni zamanda dünya səviyyəli, qlobal məsələlərin həllinə töhfələr verməkdədir.

Dünyanın diqqət mərkəzində olan “Formula 1” üzrə Azərbaycan Qran-prisinin ardınca ölkəmiz növbəti dəfə möhtəbər bir tədbir olan Qlobal Bakı Forumuna ev sahibliyi etdi.

Bəşəriyyəti narahat edən problemlərin həlli istiqamətində adımlar atılmasına xidmət edən IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir çox vacib məsələlərə, o cümlədən regionda və dünyada yükdaşımaların artmasına da böyük töhfə verəcək Zəngəzur dəhlizinin açılmasına diqqət çəkdi. Dövlətimizin başçısı çıxışında, 10 noyabr razılaşmasına uyğun olaraq ermənilər Laçın yolundan sərbəst istifadə etsələr də, azərbaycanlıların Ermənistan ərazisindən keçərək bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilməmələrinin ədalətsizlik olmasını, Ermənistan tərəfindən bizə belə bir əlaqə yolunun verilməsi məsələsinin məqsədyönlü şəkildə gecikdirilməsinin səmərəsiz bir cəhd olduğunu vurğuladı. Ali Baş Komandan gələcək regional sülhün fundamental elementlərindən olan Zəngəzur dəhlizinin açılması məsələsi ən qısa zamanda həll edilib bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmağın çətin olacağını bildirərək dövlətimizin mövqeyini aydın şəkildə ifadə etməsi Azərbaycan Prezidenti tərəfindən Ermənistan rəhbərliyinə növbəti çağırış kimi dəyərləndirilə bilər. Ermənistan rəhbərliyi bu ölkənin də xilasında böyük rol oynaya biləcək Zəngəzur dəhlizinin açılması kimi bir fürsəti layiqincə dəyərləndirməlidir.

Hər kəsə məlumdur ki, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın 9-cu maddəsində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasının zəruriliyi vurğulanaraq Zəngəzur dəhlizi ilə bağlı məsələ də öz əksini tapıb.

Dünyanın 53 ölkəsindən 400-ə qədər ali və yüksək səviyyəli nümayəndə, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmilərinin iştirak etdikləri bu tədbirdə Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər həm də bu dəhlizin önəmini, ölkəmiz üçün əhəmiyyətini bir daha dünyanın diqqətinə çatdırdı. Bütün dövlətlər Zəngəzur dəhlizinin önəmini anlamalı və heç bir halda bu dəhlizin açılmasına süni maneələr törədilməməlidir.

Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan və Ermənistan üçün vacib deyil. Bu dəhliz bir çox beynəlxalq hədəflərin həyata keçməsində çox mühüm rol oynaya bilər. Azərbaycan Prezidenti əksər çıxışlarında Zəngəzur dəhlizinin beynəlxalq yükdaşımalara mühüm töhfə verəcəyini, bir növ həlqə rolunu oynayacağını vurğulayıb.

Azərbaycan yürütdüyü siyasətlə bu əməkdaşlıqda maraqlı olduğunu sübut edib.

Bəli, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın digər bölgələrinin Naxçıvanla nəqliyyat əlaqələrinin açılması baxımından deyil, eyni zamanda Azərbaycan və Türkiyənin yeni bir nəqliyyat layihəsində birləşməsi deməkdir.

Bu dəhlizin mövcudluğu Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropa ölkələrinin əlaqələndirilməsinə, Xəzər və Aralıq dənizi hövzələrinin əlaqələrinin yaranması və inkişafına geniş imkanlar yaradacaq.

Son illər Azərbaycanın həyata keçirdiyi layihələr, beynəlxalq əməkdaşlıq, yürüdülən siyasət göstərir ki, dövlətimiz Zəngəzur dəhlizindən öncə də öz imkanlarını şaxələndirməklə qarşıya qoyulan bütün nəqliyyat, iqtisadiyyat layihələrinin həyata keçirilməsinə nail olub.

Odur ki, Ermənistan da onun üçün həyati əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin açılmasında maraqlı olmalıdır, adekvat adımlar atmalıdır.

Məsələn, elə bu yaxınlarda BMT-nin Ümumdünya Ərzaq Proqramı “Aclıq xəritəsi”ni açıqladı. Sənəddə Ermənistanda 500 minə yaxın insanın normadan az qidalandığı vurğulanıb. Məlumatda o da qeyd olunub ki, Ermənistanda qida çatışmazlığından əziyyət çəkənlərin sayı son 1 ayda 70 min nəfər artıb. Təkcə bu fakt göstərir ki, Ermənistanda iqtisadi böhran ilbəil daha da dərinləşir. Belə olduğu halda Ermənistan öz xilası üçün yaranmış tarixi imkanı, fürsəti dəyərləndirməyi bacarmalıdır. Ermənistanın yürütdüyü işğalçılıq siyasəti 30 il ərzində bu ölkəni dalana çevirib. Batmaqda olan Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması ilə bu vəziyyətdən xilas ola bilər.

Azərbaycanın tarixi, milli maraqlarına cavab verən Zəngəzur dəhlizi açılacaq və bunun alternativi yoxdur. Azərbaycanın rəsmi olaraq bəyan etdiyi kimi, Ermənistan bunu nə qədər tez anlasa, qəbul etsə, onun xeyrinədir.