YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regional sülhün bərqərar olması üçün Zəngəzur dəhlizinin açılması fundamental elementlərdən biridir

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da dünyanın 50 ölkəsindən yüksək səviyyəli nümayəndələrin iştirakı ilə işə başlayan, beynəlxalq aparıcı forumlar sırasında yüksək yerdə olan “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu regionun iqtisadi və siyasi mərkəzinə çevrilmiş respublikamızın humanitar dövlət kimi də dünyanın diqqət mərkəzində olduğunu gözlər önünə sərdi.

Forumda geniş nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışdığını və Qarabağ münaqişəsinin həlli, regionda sülh və təhlükəsizlik üçün bir fürsət olduğunu, işğal, dağıntı və xalqımızın demək olar ki, otuz il əziyyət çəkdiyi humanitar böhranla bağlı məsələlərə geniş şəkildə toxunaraq işğaldan azad edilmiş ərazilərdə çoxlu sayda siyasətçilər, ictimai xadimlər, jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət ziyarətçilərin olduğunu, onların hər şeyi, erməni işğalından sonra hansı dağıntıların qaldığını öz gözləri ilə gördüklərini vurğuladı.

Bununla belə, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı-Ali Baş Komandan-Ordu birliyi sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşmən işğalından azad etməyimiz və doğma torpaqlarımızda daşı-daş üstə qoymayan erməni vandalları ilə sülh müqaviləsinin imzalanması istiqamətində dövlətimizin atdığı addımlar dünyada humanist xalq kimi tanınan Azərbaycan xalqının başda prezidentimiz İlham Əliyev cənabları olmaqla humanist bir dövlətə malik olduğunu bütün dünyaya sübut etdi.

Hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, irəli sürülən beynəlxalq hüququn beş əsas prinsipinin Ermənistan hökuməti tərəfindən qəbul edilməsi bağlanacaq uzunmüddətli sülh üçün müsbət dinamika təşkil edir. Lakin Ermənistan tərəfindən sülh razılaşmasının praktiki olaraq həyata keçirilməsi istiqamətində hansısa addımların atılmaması yenə də erməni rəsmilərinin ifadə etdiyi sözlərin qeyri-ciddi məna daşıdığını göstərir. Həmçinin, Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması üçün dövlətimizin 2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatında öz üzərinə götürdüyü öhdəliyin artıq bir il yarımdır ki, tam şəkildə təmin olunmasına baxmayaraq Azərbaycanlılar Ermənistan ərazisindən keçərək bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər.

Regional sülhün bərqərar olması üçün Zəngəzur dəhlizinin açılması Azərbaycanla Ermənistan arasında birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulması istiqamətində fundamental elementlərdən biridir və dəhliz fəaliyyətə başlamadan sülh danışıqlarından söhbət etməyə dəyməz. Azərbaycanın Ermənistan hökumətinin Zəngəzur dəhlizi ilə bağlı Üçtərəfli Bəyənata əməl etməsinə həm də, işğaldan əziyyət çəkmiş tərəf kimi mənəvi haqqı var.

Azərbaycanda yaşayan ermənilərlə bağlı möhtərəm prezidentimiz dəfələrlə qeyd etmiş və təminat vermişdir ki, Azərbaycanın bütün əhalisi kimi burada yaşayan ermənilərin də hüquq və təhlükəsizlikləri Azərbaycan Konstitusiyası ilə nəzərə alınacaq.

Lakin, təəssüflər olsun ki, hələ də Ermənistan hökuməti tərəfindən dırnaqarası Dağlıq Qarabağın statusu ilə bağlı fikirlər səsləndirilir. Ermənistan hökuməti başa düşməlidir ki, heç bir səmərəliliyi olmayan bu məsələ Ermənistanın özü üçün təhlükəlidir. Artıq 1991-ci ilin sonlarından Azərbaycan parlamentinin qərarına uyğun olaraq Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil. Belə bir statusla bağlı hansısa bir məsələnin Ermənistan tərəfindən gündəmə gətirilməsini Azərbaycanın ərazi bütövlüyünün sual altında qoyulmasına cəhd kimi qiymətləndirmək olar. Təbii ki, bu halda Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu qalmayacaq. Əlbəttə tarixi nöqteyi-nəzərdən nüfuzunun yüz faizi azərbaycanlılardan ibarət olan Qərbi Zəngəzur əhalisinin özləri üçün status tələb etməsi ədalətli olardı.

DİGƏR Xəbərlər Arxiv