YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı ilə yeni Azərbaycan qurdu

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Azərbaycanın dövlətçilik tarixində əhəmiyyəti ilə seçilən, müstəqilliyimizin əbədilik tarixi adlandırılan 15 İyun- Milli Qurtuluş Günü respublikamızda böyük təntənə, Zəfər sevinci ilə qeyd olunur. Artıq İki ildir ki,  Milli Qurtuluş Gününü Zəfər sevinci, ərazi bütövlüyümüzü təmin etmiş dövlət kimi qeyd edirik. Böyük qürur hissi ilə qeyd edirik ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev son 18 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirərək ata vəsiyyətini şərəflə yerinə yetirdi, adını qalib ölkənin qalib Lideri kimi tarixə yazdı. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə yeni Azərbaycan qurdu. Əgər 1993-cü ildə müdrik siyasətçi Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün adını iftixarla çəkdiyimiz, vətəndaşı olduğumuz üçün qürur duyduğumuz Azərbaycan adlı məmləkətin varlığından söhbət gedə bilməzdi.

Əvvəla onu qeyd edək ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşdi. Belə ki, 1992-ci ildə hakimiyyəti zor gücünə zəbt edən AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələndi. 1991-1993-cü ilin iyununadək olan dövr tariximizə xaos, anarxiya, özbaşınalıqlar dövrü kimi daxil oldu. O illər tariximizin qara səhifəsi kimi xarakterizə olunur. Azərbaycan “Olum, ya ölüm!” dilemması qarşısında qalmışdır. Belə çətin vəziyyətdə xalq əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü  il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin  sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin  iyun ayında Milli Məclis  15 iyun gününü bayram elan etmişdir. Ulu öndər Heydər Əliyevin  hakimiyyətinin hər iki dövrünə nəzər salsaq dövlətə, xalqa xidmətin nümunəsini görərik. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi siyasət nəticəsində müstəqil dövlətimiz xaos, anarxiya, özbaşınalıq və iqtisadi böhrandan xilas oldu, sabitlik, inkişaf dövrünə qədəm qoydu. Uğurlu gələcəyə hesablanmış siyasət Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də işğalçı Ermənistanla atəşkəs sazişinin imzalanması ölkəmizdə sabitliyin daha da möhkəmlənməsini, eyni zamanda, digər sahələrdə uğurlu addımların atılmasını təmin etdi. Məhz həmin ilin sentyabrın 20-də dünyanın aparıcı transmilli şirkətləri ilə tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişi imzalandı. Bununla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Bu saziş ölkəmizin iqtisadi imkanlarını artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələri reallığa çevrildi. Onlarla neft və qaz sazişləri, Anlaşma memorandumları imzalandı. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması da Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir. Ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən qabaqcıl ölkələrindən birinə çevirdiyi kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xilaskarlıq missiyasını uğurla gerçəkləşdirməklə özünün şah əsəri kimi dəyərləndirilən Azərbaycanı yüksəklərə qaldırdı, dünya birliyinin fəal üzvünə çevirdi.

Ulu Öndərin 1993-2003-cü ildə yaratdığı möhkəm təməl sonrakı illərdə Azərbaycanın uğurlu inkişafını şərtləndirdi. Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində göstərdiyi inam və etimad ünvanı Onun dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının daha da genişlənməsini şərtləndirdi. Belə ki, cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi Azərbaycanın bugünkü və gələcək uğurlarının təməli oldu. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. 30 ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizlə azadlığa qovuşdu. Xalqımız hər zaman olduğu kimi, bu gün də öz Liderinə arxalanır, Onun ətrafında dəmir yumruq kimi birləşib. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Milli Qurtuluşdan başlanan yolun zirvəsində tarixi Zəfərimiz dayanır. Bu Zəfər Azərbaycanın gücünü, qüdrətini, birliyimizi, həmrəyliyimizi, ən əsası tarixinə, torpaqlarına sahib çıxan və bunun üçün canından keçməyə hazır olduğunu təsdiqləyən bir xalq olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycanın bugünkü uğurları Heydər Əliyev siyasətinin təntənəsidir. Ümummilli Lider Azərbaycanı müstəqil, qüdrətli, qalib Azərbaycan kimi görmək istəyirdi. Azərbaycanın müstəqilliyinin əbədiliyini, sarsılmazlığını təmin edən ulu öndər Heydər Əliyev 2003-cü ilin oktyabrında xalqa müraciətində bu fikri xüsusi qeyd etmişdi ki, sona çatdıra bilmədiyi işləri özü qədər inandığı cənab İlham Əliyev başa çatdıracaq. Dahi şəxsiyyətin ən böyük arzularından biri torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın öz doğma yurd -yuvalarına qayıdışı idi. Bu istəyi Prezident İlham Əliyev reallığa çevirməklə adını tarixə torpaqlarımızın xilaskarı, qalib Ali Baş Komandan kimi yazdı. Artıq böyük qürur hissi ilə Milli Qurtuluş Günü azad Qarabağımızda, azad Şuşamızda da qeyd edilir. Adını tarixə qalib Xalq, qalib Dövlət kimi yazan Azərbaycan Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə daha uca zirvələri fəth edəcək.

DİGƏR Xəbərlər Arxiv