YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucarda Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Zəfərə gedən yolun başlanğıcı” mövzusunda tədbir keçirib.

Tədbirdə şəhid ailələri, gənclər, ziyalılar qadınlar, bu il yüksək balla ali məktəblərə qəbul olunan məzunlar iştirak ediblər.

Əvvəlcə rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər-çiçəklər düzülüb, xatirələri ehtiramla yad edilib.

YAP Ucar rayon təşkilatında baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi yad edilib.

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, ümummilli lider Heydər Əliyev 1969-cu ildə respublika rəhbərliyinə gəldiyi zamandan başlayaraq, Azərbaycan xalqının tarixi inkişafında böyük dəyişikliklər həyata keçirib. 1993-cü il iyunun 15-i isə Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub.

Ucar şəhər 3 nömrəli tam orta məktəbin direktoru Anar Misirov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə respublikaya rəhbərliyi yenidən öz üzərinə götürməsi ilə Azərbaycanın milli müstəqilliyinin və dövlət suverenliyinin qorunub saxlanmasına, daxili və xarici düşmənlərin dağıdıcı, separatçılıq hərəkətlərinin dəf edilməsinə nail olunub.

Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri - Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri “Azərbaycan Bayrağı” ordenli Kərim Əliyevin atası Məhəmmədəli Əliyev, əsgər Hikmət İbrahimovun atası Zaur İbrahimov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıblar.

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mehdiyev Mirzəli Yəhya oğlunun yadigar övladı, Ucar Mədəniyyət Mərkəzinin direktoru Tacəddin Mehdizadə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib.

Tədbirdə iştirak edən məzunlara rayon təşkilatı tərəfindən hədiyyələr təqdim olunub.

Rayon üzrə ən yüksək - 275 bal toplamış Ayxan Sultanlı ölkəmizin inkişafı naminə bütün çağırışlara cavab verməyə tam hazır olduğunu bildiriblər.

Sonda partiya sıralarına yeni daxil olan şəxslərə üzvlük vəsiqələri verilib.