YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“TEXNOFEST Azərbaycan” festivalı Azərbaycan-Türkiyə arasındakı qardaşlığının növbəti nümunəsidir

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana   siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.

2021-ci il iyunun 15-də Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə iki dövlət və xalqlarımız arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu. Azərbaycanla Türkiyə arasındakı münasibətlərin bu səviyyədə olmasının bir əsas səbəbi iki ölkənin dövlət rəhbərlərinin dostluq, qardaşlıq münasibətləridir. Müasir dünyamızın iki parlaq lideri kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da bu münasibətlərə nail ola biliblər.

Bir neçə gün öncə  Bakıda keçirilən “TEXNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı Azərbaycan-Türkiyə arasındakı qardaşlıq, dostluq münasibətlərinin yeni salnaməsidir. Baş vermiş son tarixi proseslər isə ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə münasibətlərini dəyərləndirərək irəli sürdüyü "Bir millət, iki dövlət” formulunu gerçək həyatda bir daha reallığa çevirdi. “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında birgə iştirak edən Azərbaycan və Türkiyə Prezidentləri iki dost, qardaş, müttəfiq ölkənin keçdiyi inkişaf yoluna nəzər salıb əzəli və əbədi qardaşlığımızı şərtləndirən amilləri açıqladılar, mühüm məqamlara toxunub olduqca əhəmiyyətli mesajlar verdilər.

Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan-Türkiyə qardaşlığının tarixinə nəzər salaraq keçilən yolun təhlili əsasında səsləndirdiyi “Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik” fikirləri ölkələrin inkişafında liderlərin rolunun təqdimatı oldu. Azərbaycan Prezidentinin vurğuladığı kimi, Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Qardaş Türkiyənin dövlət baçısı özünün şəxsində bildirdi ki, fəaliyyətində həmişə  Azərbaycan xalqının və dövlətinin milli maraqlarının müdafiəsinə çalışıb, Azərbaycanın müstəqil siyasətini təqdir edib. Hər iki ölkənin dövlət başçılarının  qardaşlığı  Türkiyə və Azərbaycan xalqlarına örnəkdir.

Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqaməti, bölgə, dünya üçün də çox önəmli təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasalar, bölgəmizdə sülh və əmin-amanlıq bir  o qədər də möhkəm olacaq. Bütün dünya  bunun İkinci Qarabağ müharibəsi zamanı bir daha şahidi oldu. Türkiyə sonadək Azərbaycana  mənəvi və siyasi dəstəyini göstərdi. Ən əsası müharibənin ilk günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” bəyanatı xalqımıza Vətən uğrunda həlledici savaşda əlavə güc, ruh, inam verdi. Tarixi Zəfərimizin sevincini birlikdə yaşadıq və bu gün də işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini birgə həyata keçirir, Böyük Qayıdışa birlikdə hazırlaşırıq.

 “TEKNOFEST Azərbaycan” festivalı Azərbaycan və Türkiyə gənclərinin nümayiş etdirdikləri birlik, həmrəylik fonunda iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafının da aydın mənzərəsini yaratdı.

 “TEKNOFEST”  birliyimizin növbəti nümayişi, təzahürüdür” söyləyən dövlət başçısı, həmçinin bildirdi ki,   “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır. “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaq. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu və gələcəkdə də daim bir yerdə olacaqlar.

 Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 104-cü ildönümündə Bakıda keçirilən dünya şöhrətli “TEXNOFEST Azərbaycan” Aerokosmik və texnologiya fistivalı, bu festifalda Azərbaycan və Türkiyə prezidentlərinin tarixi çıxışları bizi- bütün türk dünyasını duyğulandırdı, qürurlandırdı, şərəfləndirdi. Bakıdan bütün dünyaya qoşa qanada çevrilmiş ay ulduzlu bayraqlarımızın altında dostluq və qardaşlığın ən gözəl nümunəsinin mesajı verildi.