YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın 2022-ci ildən başlayan növbəti iqtisadi yüksəlişi gələcək illərdə daha sürətlə inkişaf edəcək

Kamilə Əliyeva

Milli Məclisin deputatı

2021-ci il istər siyasi, istərsə də iqtisadi cəhətdən ölkəmiz üçün çox uğurlu bir il oldu. İşğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı yenidənqurma və bərpa işlərinə start verildi. Siyasi cəhətdən ən böyük uğurumuz nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın bölgədə yaratdığı reallıqları qəbul etmələri oldu. Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr olunmuş beynəlxalq tədbirin Şuşa şəhərində keçirilməsi əlamətdar bir hadisə oldu. Bu bir daha onun göstəricisidir ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyır.

Prezident cənab İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə ölkəmizin cari ildə qazandığı uğurlar haqqında ətraflı çıxış etdi.  Azərbaycan xalqı torpaqlarımızı öz gücü hesabına işğaldan azad etməklə BMT- nin 30 il bundan öncə çıxardığı və kağız üzərində qalmış qətnamələrin icrasını da yerinə yetirmiş oldu. BMT dən sonra dünyanın ən böyük təşkilatı olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə nüfuzunu daha da artırmış oldu. Bunları nəzərə alaraq Qoşulmama Hərəkatının üzv dövlətlərinin razılığı ilə Azərbaycanın quruma sədrliyi daha bir il də uzadıldı. Qoşulmama Hərəkatı Azərbaycanın apardığı müharibədə və müharibədən sonrakı dövrlərdə də hər zaman ədalətli mövqe nümayiş etdirdi. Prezident cənab İlham Əliyevin yürütdüyü müdrik xarici siyasət nəticəsində İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanın mövqeyini dəstəkləyən, o cümlədən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasını qətiyyətlə pisləyən bir neçə qərar - qətnamə qəbul etmişdir. Bu gün ATƏT Azərbaycanın yaratdığı reallığı tam qəbul edir. Lakin təəssüflər olsun ki, Minsk qrupu 28 il müddətində Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişənin həllində heç bir səmərəli fəaliyyət göstərmədi.  Bu müddət ərzində qurum bölgəyə yersiz səfərlər etməklə öz işlərini bitmiş hesab etmişdir. Artıq Avropa İttifaqı da yeni reallıqları qəbul etmişdir. Brüsseldə keçirilmiş görüşlərdə imzalanmış yekun kommunikedə "Dağlıq Qarabağ" adı yer almamışdır. Avropa İttifaqı münaqişənin həll olunduğunu qəbul edib və bu qurum Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə məşğuldur. Bu ilin aprel ayının 6-da keçirilmiş görüşdə də bu məsələlər müzakirə edilmişdir.

Azərbaycanın münasibətlərin normallaşdırılması üçün 5 prinsipdən ibarət təqdim etdiyi sənəd Ermənistan tərəfindən qəbul edilmişdir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etmiş və Azərbaycana qarşı ərazi iddialarından əl çəkmişdir. Ümidverici məqamlardan biri də ondan ibarətdir ki, 30 ildən sonra ilk dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon söhbəti olmuşdur.  Ermənistana aydın olmalıdır ki, Azərbaycan və Türkiyə ilə əlaqələri  normallaşdırmadan  inkişaf edə bilməz və 30 illik işğalçılıq siyasəti onlara baha başa gəlmişdir.

44 günlük Vətən Müharibəsindən sonra da Azərbaycanda ordu quruculuğu sürətlə inkişaf etdirilir. Ali Baş Komandan cənab İlham Əliyev ordumuzun dünyanın ən müasir silahları ilə təminatına böyük diqqət yetirir. Bu gün də ordumuzda böyük islahatlar aparılır. Vətən Müharibəsində böyük igidliklər göstərmiş Xüsusi Təyinatlı Qüvvələrlə yanaşı yeni qoşun növü - Komando növü yaradılmışdır. Hər bir Azərbaycan vətəndaşı qürur duyur ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü ordu sıralarında yer alır.

Dünyada Azərbaycana dost dövlətlərin sayı artmaqdadır. Bir çox böyük dövlətlər Azərbaycanı özlərinə etibarlı və müttəfiq ölkə hesab edirlər.  Dünyanın ən böyük və nüfuzlu şirkətləri Azərbaycana irihəcmli investisiyalar yatırmağa böyük səy göstərirlər.

Müşavirədəki çıxışı zamanı cənab İlham Əliyev cari ilin birinci rübündə ölkəmizin qazandığı iqtisadi uğurlar barədə də ətraflı məlumat verdi.  Cari ilin birinci rübündə ÜDM 6,8 faiz, qeyri neft iqtisadiyatlmız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4%, qeyri-neft sənaye istehsalında 18%-dən çox olmuşdur. Qeyd olunan iqtisadi göstəricilər onu deməyə əsas verir ki, iqtisadiyyatımızın neft-qaz sektorundan asıllığı azalmaqdadır.

Bu gün dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. Ölkəmizdə Prezident cənab İlham Əliyevin apardığı iqtisadi islahatların nəticəsidir ki, ixracımız idxalı dəfələrlə üstələyir. Ölkəmizə bu ilin birinci rübündə 5,1 milyard dollar gəlib.

Çox böyük uğurdur ki, bütün bu nəaliyyətləri heç kimdən dəstək almadan öz gücümüzə etmişik. İşğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işlərini 100% öz hesabımıza aparırıq. İşğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma və bərpa işlərinin sürətlə aparılmasına ermənilər tərəfindən bu ərazilərin minalanması səbəbindən böyük maniyə yaranır. Ölkə başçımız ərazilərin minadan təmizlənməsində beynəlxalq təşkilatları, bu işlə məşğul olan QHT-ləri Azərbaycana kömək etməyə dəvət etdi. Minaların təmizlənməsi üçün Azərbaycanın kifayət qədər texnikası və maddi-texniki bazası var, ancaq bu sahədə peşəkar işçi qüvvəsinə böyük ehtiyac duyulur. Yaxın gələcəkdə Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru dünyanın ən gözəl zonalarından birinə çevirəcək. Buraya qayıdacaq soydaşlarımız çox firavan həyat yaşayacaqlar.

Bu gün dünyada gedən siyasi proseslər, müharibələr ərzaq qıtlığının yaranmasına səbəb olub. Rusiya-Ukrayna müharibəsi dünyada ərzaq qıtlığını və bahalaşmasını daha da dərinləşdirdi. Azərbaycana bu dövlətlərdən ərzaqlıq buğda ixrac olunurdu. Bu problemləri aradan qaldırmaq üçün ölkə başçımızın göstərişinə əsasən işğaldan azad edilmiş torpaqlarımızda taxıl bitkilərinin əkilib becərilməsinə böyük diqqət yetirilir. Görülmüş tədbirlər nəticəsində işğaldan azad edilmiş 50 min hektar sahədə ikinci dəfə əkin işləri aparılacaq.

Dövlətimiz istər birinci Qarabağ, istərsə də ikinci Qarabağ müharibəsində şəhid hərbiçilərimizin ailələrinə və qazilərimizə xüsusi diqqət ayırır. Prezident cənab İlham Əliyevin tapşırığına əsasən bu qəbildən olan insanların bütün problemləri aradan qaldırılır, onların sosial vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə mənzil və fərdi evlərlə təmin olunurlar.

Işğaldan azad edilmiş Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və bərpa işlərinə start verilib. Digər şəhər və qəsəbələrimizin də Baş planları yaxın vaxtlarda təsdiqlənəcək. Qarabağ və Şərqi Zəngəzurun bərpasına 2,2 milyard manat vəsait ayrılmışdır ki, artıq bu məqsədlə 300 milyon manatdan çox vəsait sərf olunmuşdur. Ərazilərimizin minalardan təmizlənməsi üçün dövlət büdcəsindən 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yaradılması və əhalimizin bu torpaqlara köçürülməsi üçün ilk növbədə bu ərazilərin elektrik enerjisi ilə təchizatı həyata keçirilməlidir. Ölkə başçımızın tapşırığı və şəxsən özünün iştirakı ilə, Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda bir çox su elektrik stansiyaları tikilib istifadəyə verilmişdir.

Artıq ölkəmizdə günəş və küləklə işləyən elektrik stansiyalarının tikilməsinə start verilib. Dünyanın bir neçə böyük şirkətləri artıq Azərbaycanda günəş və küləklə işləyən elektrik stansiyalarının inşasına başlamışdır. Qarabağ və Şərqi Zəngəzurda da külək və günəşlə işləyən elektrik stansiyalarının işləməsi üçün çox əlverişli şərait mövcuddur.

Işğaldan azad olunmuş ərazilərimizdə nəqliyyat infrastrukturunun yaradılması yönümündə böyük işlər görülməkdədir. Yeni dəmir yol və avtomobil yollarının çəkilişi davam etdirilir. Qarabağ və Şərqi Zəngəzurda heç vaxt yolu olmayan ərazilərimizə 700 kilometrdən çox avtomobil yolu inşa edilməkdədir.

Mədəniyyət paytaxtımız Şuşada böyük quruculuq işləri sürətlə davam etdirilir. Yeni məktəb və xəstəxana, yaşayış binaları tikilir, şəhər içməli su ilə təchiz edilmişdir. Keçən il Şuşada Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xarıbülbül musiqi festivalı keçirilmişdir. Bu ilin may ayında müxtəlif ölkələrin folklor kollektivlərinin iştirakı ilə yenə də Xarıbülbül festivalı keçiriləcək. TÜRKSOY 2023-cü ili Şuşanı "Türk dünyasının Mədəniyyət paytaxtı" elan etmişdir.

Azərbaycanın 2022-ci ildən başlayan növbəti iqtisadi yüksəlişi gələcək illərdə daha sürətlə inkişaf edəcək.

DİGƏR Xəbərlər Arxiv