Xəbərlər
Bayrağımız hər zaman zirvələrdə dalğalanacaq
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri
Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
2009-cu il noyabrın 17-də dövlətimizin başçısı İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzaladı. Sənəddə də bu fakt qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. Həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunur.
Hər bir dövlətin, millətin varlığını təsdiqləyən, əsrdən əsrə, nəsildən nəslə ərmağan olan, varlığını bildirən bayraqlar ululardan miras qalan müqəddəs əmanət, varlıq simvoludur. Tarixdə adını yaşadan sərkərdələrin düşmən üzərində qələbəsinin zəfər müjdəçisi adlandırılan Bayrağımız alınmaz qala kimi toxunulmaz sayılmış, ucadan uca hesab edilmişdir. Elə buna görə də daim başımızın üstündə saxladığımız Bayrağımız sevincimizin ilk şahidi, qələbə müjdəçisi sayılır. Bu müqəddəsliyi təsdiqləyən amillərdən biri də dövlət başçılarının bayraq qarşısında and içib xalqına, Vətənə sadiq qalacaqlarına söz vermələridir. Elə bir dövlət himni yoxdur ki, orada həmin ölkənin bayrağının adı çəkilməsin. Azərbaycanın Dövlət Himnində də ölkə vətəndaşlarına üçrəngli Bayrağımızla məsud yaşamaq, xalqımıza daim ucalmaq amalı arzulanır.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev üçün Dövlət Bayrağı milli azadlığa, milli oyanışa, milli ruhun canlanmasına bələdçi, çağırış idi. 1990-cı ildə Naxçıvana qayıdaraq bu günümüz üçün davamlı işlərə, biri-birindən əhəmiyyətli addımlara imza atan ümummilli lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin hər biri tariximizə yazılsa da onların arasında xüsusi qeyd olunacaq işlər var ki, bunlardan biri də 17 noyabr 1990-cı ildə sədrlik etdiyi Naxçıvan MSSR Ali Məclisinin sessiyasında irəli sürdüyü təklifdir. Muxtar respublikanın adından “sovet, sosialist” sözləri götürüldü. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş bayrağın, gerbin və dövlət himninin bərpası ilə bağlı möhtəşəm qərar qəbul olundu. Mavi rəngi ilə türkçülük ideyasına sadiqliyini, qırmızı rəngi ilə müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəngi ilə İslam sivilizasiyasına mənsubluğunu bildirən Bayrağımız ilə Azərbaycanın müstəqilliyinin, əbədiliyinin, milli dövlətçiliyimizin təməli qoyuldu.
Naxçıvan MR Ali Məclisinin Sədri kimi dövlət atributlarını bərpa edən Ulu Öndər Heydər Əliyevin “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun” sözləri bayrağımızın müqəddəslik rəmzidir. 1993-cü il oktyabrın 3-də Prezident seçilən “Ümummilli Lider Heydər Əliyev andiçmə mərasimində bir daha dövlətçilik rəmzi olan atributlara sədaqətini bayrağımızı öpməklə ifadə etmişdir: “Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaxşı yaşaması üçün lazımi şərait yaratmaq- bu vəzifələr mənim Prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam”.
Üçrəngli Bayrağımız müstəqilliyimizin rəmzi kimi BMT-nin, Avropa Şurasının, üzvü olduğumuz digər beynəlxalq təşkilatların, ölkəmizi başqa respublikalarda təmsil edən səfirliklərimizin qarşısında əzəməti ilə Azərbaycanı təmsil edir, göz oxşayır. Şərəfimiz, müstəqilliyimizin əbədi qarantı olan bayrağımızın dalğalanması da əsrlər boyu xalqımızın azadlığının, müstəqil siyasətimizin, süverenliyimizin, bütün xalqlarla bərabər yaşamaq hüququmuzun ifadəsi, arzuların reallaşması oldu.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Dövlət Bayrağı Günü təsis olundu. Beləliklə, hər il 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü ümumxalq bayramı kimi qeyd olunur və uğurlarımızın təqdimatında əhəmiyyətli rol oynayır.
