YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şanlı Zəfər - milli qürurumuzun təntənəsi”

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılan şanlı qələbənin 5-ci ildönümü münasibətilə “Şanlı Zəfər - milli qürurumuzun təntənəsi” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov, Səbinə Xasayeva və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək Zəfər bayramı münasibətilə iştirakçıları təbrik ediblər. Onlar xalqımıza tarixi Zəfər qələbəsini yaşadan, bu yolda canlarını fəda edən bütün şəhidlərə Allahdan rəhmət, qazilərimizə isə şəfa arzulayıblar. Qəhrəmanlıq dastanı yazan Vətən övladlarının heç vaxt unudulmayacağı, xalqımızın qəlbində daim yaşayacağı vurğulanıb.

Çıxışlarda qeyd olunub ki, bu gün xalqımız böyük coşqu və fəxarət hissi ilə Şanlı Zəfərin 5-ci ildönümünü qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, sərkərdəlik məharəti, hərbi-siyasi diplomatiyası və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Vətən müharibəsində qəhrəmanlıq tariximizə qızıl hərflərlə Zəfər dastanı yazılıb. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan ordusu məğlub edilib, çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.

Dünyaya səs salan bu tarixi Zəfərlə Qalib Azərbaycan yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi və humanitar mənzərəsini dəyişib. Bu gün Azərbaycan regionun ən güclü və qüdrətli ölkəsi kimi beynəlxalq arenada xüsusi nüfuza malikdir və qlobal məsələlərin həllində əsas söz sahiblərindən biridir. Böyük Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin, onun ölməz ideyalarının təntənəsi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin parlaq təcəssümüdür.

Hazırda işğaldan azad olunmuş bütün ərazilərdə Prezidentin şəxsi nəzarəti altında genişmiqyaslı quruculuq və yenidənqurma işləri aparılır, “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra olunur.

Tədbirdə həmçinin şəhid leytenant Kənan Süleymanlının anası Səadət Şirəliyeva və II dərəcəli Vətən müharibəsi əlili Zöhrab Vəliyev çıxış edərək şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda bayram konsert proqramı təqdim olunub. Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Orkestri və tanınmış incəsənət nümayəndələri milli-vətənpərvərlik mövzusunda musiqilər səsləndiriblər.