Xəbərlər
“Zəfər Günün mübarək, Azərbaycan!”
Noyabrın 6-da Qaradağ rayonu Lökbatan qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə “Zəfər Günün mübarək, Azərbaycan!” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edərək, xatirəsinə ehtiramlarını bildirib və abidə önünə gül dəstələri düzüblər.
Mərkəzin foyesində Cabbar Qaryağdıoğlu adına 9 saylı Uşaq Musiqi Məktəbinin muğam ifaçıları, nağaraçalanları və aşıqlar qrupu vətənpərvərlik ruhunda musiqi nömrələri və şeirlər təqdim ediblər.
Sonra Qaradağ rayon 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi yetirmələrinin Zəfər Gününə həsr olunmuş əl işlərindən ibarət sərgi ilə tanışlıq olub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Zəfər Günün mübarək, Azərbaycan!” mövzusunda videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Qafar Əliyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs ölkəmizə böyük uğurlar və qələbələr bəxş edib. Məhz bu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən üzərində tarixi qələbə qazanıb, xalqımız isə qalib xalq statusuna yüksəlib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün regionun və dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilib. Dövlət başçısının beynəlxalq təşkilatlarda və yüksək səviyyəli sammitlərdə iştirakı zamanı ölkəmizə göstərilən hörmət və etimad, Azərbaycanın artıq qalib və qürurlu bir dövlət kimi qəbul edilməsinin bariz nümunəsidir.
Dəyirmi masada çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva, Rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, şəhid anaları Fəridə İsmayılova və Gülnarə Eyvazova, “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ rayon filialının sədri Əvəz İsmayılov, “Sədərək” Ticarət Mərkəzi ərazi partiya təşkilatının sədr müavini Sabir Ələkbərov və Cabbar Qaryağdıoğlu adına 9 saylı Uşaq Musiqi Məktəbinin direktoru Əfrasiyab Dadaşov vurğulayıblar ki, 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımız bir yumruq kimi birləşərək 8 Noyabr 2020-ci ildə Böyük Zəfərə nail olub. Bu Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.
Tədbirin sonunda Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə və gənclərə fəxri fərmanlar təqdim olunub, partiyaya yeni qəbul edilən şəxslərə üzvlük vəsiqələri verilib.
