YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2018-ci il növbədənkənar prezident seçkilərinin keçirilməsi bugünkü uğurlarımızın rəhnini formalaşdıran müdrik siyasi qərar idi

Əli Hüseynli

Milli Məclisin deputatı

4 il bundan öncə - 2018-ci il prezident seçkilərində cənab İlham Əliyev yenidən xalqın böyük etimadını qazandı və bundan sonra ölkədə islahatların keyfiyyətcə yeni mərhələsi başladı.

Bu seçimi Prezident İlham Əliyevin xeyrinə müəyyən etmiş amillər  ölkə liderinin xalqın milli ideya ətrafında möhkəm birliyinə nail olması, ölkəmizin keçdiyi böyük inkişaf yolu, Azərbaycan dövlətçiliyinin əsaslarının ciddi şəkildə möhkəmlənməsi, dövlətimizin qüdrətinin və iqtisadiyyatının daha da artması, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin xeyli dərəcədə güclənməsi ilə bağlıdır. Eyni zamanda bu illər ərzində insan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri sırasında yer almışdır.

Geniş islahatlar kursu dövlət idarəetməsini əhatə etmiş, şəffaf, müasir idarəetmə ilə bağlı qərarlar verilmişdir. Bu gün birmənalı demək olar ki, Azərbaycanda cənab Prezidentin həyata keçirdiyi bu islahatlar öz mahiyyətinə görə postsovet və Şərqi Avropa ölkələrini qabaqlayıb. Faktiki olaraq qarşıya qoyulan məqsəd Azərbaycanı dünyanın ən müasir ölkələri sırasına çıxarmaqdır və bu müasirlik həm idarəetmədə, həm korrupsiyaya qarşı mübarizədə, həm vətəndaş-məmur münasibətində, həm iqtisadiyyatın yeni müasir qaydalarla idarə olunmasında və eyni zamanda ölkənin sosial rifahında, əhaliyə göstərilən sosial qayğıda özünü göstərir.

Xüsusilə idarəetmədə mənfi faktorların və meyllərin təcili aradan qaldırılması və yeni idarəetmə metodları, kreativ düşüncəyə malik savadlı və bacarıqlı, yüksək işgüzar və mənəvi keyfiyyətlərə malik gənc kadrların potensialından istifadə olunması zamanın çağırışı kimi ortaya çıxmışdı ki, bu da öz növbəsində bütün səviyyələrdə özünü bütün mənalarda doğrultmuş güclü dövlətçilik prinsiplərinin dominant rolunu şərtləndirirdi. Seçkilərdən sonra bu islahatlar ilk növbədə özünü icra strukturlarında aparılan mütərəqqi yeniliklər, Nazirlər Kabinetinin yenidən formalaşdırılması, peşəkar insanların, idarəçilik sahəsində formalaşmış şəxslərin müxtəlif vəzifələrə təyin olunması ilə müşayiət olundu.

Eyni zamanda, dövlətimizin başçısı 2019-cu ilin aprel ayında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı hüquq sistemində inqilabi dəyişikliklərin əsasını qoyan çox əhəmiyyətli bir Fərman imzaladı. Çünki məhkəmə sistemində həyata keçirilən islahatlar, təbii ki, iqtisadi islahatlara dəstək olmalıdır.

“Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”, – Prezident İlham Əliyev  2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışı zamanı bu sözlərlə xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasətin mahiyyətini ifadə edib.

“Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”, – deyən ölkə başçısı davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artmışdır.

Davamlı inkişaf və siyasi sabitlik məkanına çevrilmiş Azərbaycanda bu illər ərzində əmək haqları təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artmışdır. 2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirmişdir. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb və dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb.

2003-2018-ci illərdə iqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmişdir. Ulu öndər Heydər Əliyevin siyasi iradəsi sayəsində reallaşan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmiş, “Cənub Qaz Dəhlizi” və onun tərkib hissələri olan  Trans-Adriatik (TAP) və Trans-Anadolu (TANAP) qaz boru kəmərlərinin təməli qoyulmuşdur. Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir.

2003-2018-ci illər yol və nəqliyyat infrastrukturunun sürətlə inkişaf edən dövrüdür. Həmin illər ərzində ölkəmizdə 15 min kilometr yeni yol çəkilişi təmin edilmişdir. 7 aeroport tikilmiş, onlardan 6-sı beynəlxalq statusa malikdir.  Xəzər dənizində ən böyük yeni ticarət limanın inşası başlanmış, dəmir yolu infrastrukturu əhəmiyyətli dərəcədə yenilənmişdir.

Bu dövrdə Azərbaycan böyük beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Bakıda keçirilən 1-ci Avropa Oyunlarında Azərbaycan ikinci yerə, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə nail olmuşdur.

Son illər bütün istiqamətlərdə əldə olunmuş böyük uğurlar, xüsusilə möhkəm xalq-Prezident-ordu birliyinə, həmrəyliyə arxalalanan və ölkəmizin təhlükəsizliyi və sabitlik naminə müdrikcəsinə “nəyi nə zaman, necə etməyi” dəqiq hesablamağı bacaran Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyününün bərpa edilməsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsinin gətirdiyi möhtəşəm Zəfər 2018-ci il növbədənkənar prezident seçkilərinin keçirilməsinin labüdlüyünün, eyni zamanda Azərbaycan xalqının bu seçimdə əsla yanılmadığının danılmaz tarixi və siyasi sübutdur.