Gündəm
Prezident İlham Əliyev: Müsəlman aləmində hamımız üçün çox zəruri olan daha güclü tərəfdaşlıq və birlik quracağıq
“Biz qardaşlıq ənənələrimizi bizi əvəzləyəcək gənc nəsillərə ötürməliyik. Nəzərə almaq lazımdır ki, bu gün media, qloballaşma və gündəlik həyatımızın digər elementləri müxtəlif aspektlər baxımından öz rolunu oynayır. Əfsuslar ki, onlar bəzən köklərimizi, ənənələrimizi sual altında qoyaraq, mənfi rol da oynayır. Qloballaşma özlüyündə yaxşı bir prosesdir. Lakin o bəzən kökləri, ənənələri, dini, bayramları və dəyələri yaddan çıxarmaq mənasını daşıyırsa, onda biz bu cür qloballaşmanı dəstəkləmirik.” Bu fikirləri aprelin 6-da Ciddədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşündə səsləndirib.
Prezident İlham Əliyev qeyd etmişdir ki, müsəlman aləminin gənc nəsilləri milli, ənənəvi dəyərlərimizə əsaslanaraq tərbiyələndirilməlidirlər. Əlbəttə, Səudiyyə Ərəbistanının bu baxımdan oynadığı rol çox əhəmiyyətlidir. Azərbaycan da öz növbəsində dəyərlərimizi təşviq etmək üçün əlindən gələni edir. Biz müsəlman aləminin mədəniyyətini nümayiş etdirmək, İslamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə dünyanın müxtəlif yerlərində bir çox konfranslar, sərgilər və digər mədəni tədbirlər təşkil etmişik.
“İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalıyıq, səylərimizi birləşdirməliyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq.”- deyə, Prezident İlham Əliyev qeyd etmişdir.