YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Ermənilərin törətdiyi cinayətlər cəzasız qalmayacaq

“Hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrlərdə isə həmin torpaqların özgəninkiləşdirilməsi prosesi başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib: İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orda yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgənin yaradılmasına nail oldular. Süni surətdə yaradılmış bu ərazi bölgəsi, əslində azərbaycanlıların öz tarixi torpaqlarından qovulması, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsi üçün şərait yaradıb. Azərbaycan torpaqlarında “Böyük Ermənistan” yaratmaq ideyasını reallaşdırmaq üçün erməni tarixinin saxtalaşdırılmasına başlanıb”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Deputat bildirib ki, “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçiriblər. Ermənilərin törətdikləri, Bakıdan başlanan kütləvi qırğınlar Azərbaycanı və indiki Ermənistan ərazisindəki azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini əhatə edib. Yüzlərlə yaşayış məntəqələri dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Bu siyasətin qanlı tərkib hissələrindən ən dəhşətlisi 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımı öz ağır nəticələri ilə seçilir. 1918-ci ilin mart ayından etibarən silahlı daşnak-bolşevik dəstələri, erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli və dini mənsubiyyətlərinə görə xüsusi qəddarlıqla qırğına məruz qalıb, insanlar diri-diri yandırılmış, tarixi və mədəniyyət abidələri, məktəblər, xəstəxanalar, məscidlər və qəbiristanlıqlar yerlə yeksan edilib.

“Aradan uzun illər keçsədə erməni cəlladlarının törətdikləri o qanlı hadisələr, ağlasığmaz vəhşiliklər unudulmayıb və Azərbaycan xalqı tərəfindən heç bir zaman unudulmayacaq. Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa olunduqdan sonra tarixi keçmişimizi daha dərindən öyrənmək imkanı yaranıb, uzun illər gizli qalmış həqiqətlər üzə çıxıb. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla həmin dəhşətli hadisələrə siyasi qiymət verilib. 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmiş və hər il dövlət səviyyəsində qeyd olunur. 2018-ci ildə bu bəşəri cinayyətlər barədə həqiqətlərin ölkə və dünya ictimayyətinə daha dolğun çatdırılması məqsədilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən geniş tədbirlər planı həyata keçirilib.  Cənab  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  müzəffər  Azərbaycan Ordusu  44 gün davam edən  Vətən müharibəsi zamanı  tariximizdə ilk dəfə olaraq  işğal edilmiş torpaqlarımızı işğaldan azad etdi. Öz  doğma yurdlarından didərgin düşmüş soydaşlarımız tezliklə yenidən salınmış kənd və qəsəbələrə, şəhərlərə öz evlərinə, doğma yurdlarına qayıdacaqlar. Erməni millətçiləri tərəfindən 1918-ci ildə və daha sonralar o cümlədən XX əsrin axırlarında azərbaycanlılara qarşı törədilmiş bu soyqırımları zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini yad edərək, beynəlxalq hüququn norma və prinsiplərini nəzərə alaraq 31 mart Azərbaycanlıların soyqırımını dövlətlər və beynəlxalq təşkilatlar tərəfindın genosid aktı kimi tanımağa çağırır və soyqırımı törədən Ermənistana qarşı sanksiyalar təbiq olunmalı,  günahsız, dinc əhaliyə qarşı soyqırımı həyata keçirən cinayətkarlar ədalət məhkəməsinin qarşısında cavab verməlidirlər”,-deyə R.Əliyev vurğulayıb.