YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Azərbaycanlıların soyqırımı tarixi unudulmamalıdır

Əli Hüseynli

Milli Məclisin deputatı

1918-ci il martın 31-də Azərbaycanda törədilən soyqırımından 104 il keçir. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Bu gün artıq uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri beynəlxalq səviyyədə öz siyasi və hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.

Möhtəşəm Zəfərlə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi şəraitdə bu tarixə yeni, daha mükəmməl baxış bucağı formalaşmaqdadır. Faciənin mahiyyətini daha dərindən dərk etmək üçün hesab edirəm ki, soyqırımına aparan yolun tarixi köklərinə və bu istiqamətdəki siyasi proseslərə nəzər salmaq vacibdir.

Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirmək üçün ermənilərdən vasitə kimi istifadə edən çar Rusiyası Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. Belə ki, 1724-cü ildə I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda - Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdu.

1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri isə Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Bu milli faciənin davamı kimi əzəli torpaqlarımızın zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Beləliklə də, soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına “bəraət qazandırmaq məqsədilə” erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.

Bu süni xülyalardan ruhlanan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirmişlər. Bakı şəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayılmışdı. Nəticədə yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.

XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğın aktı 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib.

Azərbaycanlıların soyqırımından bəhs ediləndə daha çox 1918-ci ilin martında Bakıda, Şamaхıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri qırğınlardan danışılır. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının  və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.

Təəssüf ki, o dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin bu hadisələrə hüquqi-siyasi qiymət verməyə imkanı yetmədi. Bu tarixin əsl mahiyyətinin açılmasında Azərbaycan xalqının Ümummilli lideri, Prezident Heydər Əliyevin müstəsna rolu vardır. Onun 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Ulu öndərin Bakı şəhərində Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksinin ucaldılması haqqında 1998-ci il 5 avqust tarixli Sərəncamına uyğun olaraq yeni kompleks açıldı.

2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin hücum diplomatiyası xəttini elan etməsindən sonra azərbaycanlılara qarşı törədilmiş soyqırımıları haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər daha da vüsət almışdır. 2018-ci il 18 yanvar tarixində dövlətimizin başçısı 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalamışdır. Bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərin əhəmiyyəti danılmazdır. Məhz Fondun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması onun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir.

2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilmiş, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksi ucaldılmışdır.

Ölkə rəhbərinin tövsiyəsi ilə 2018-ci il martın 30-da Azərbaycan Respublikasının Milli Məclisi ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclas keçirmiş və bununla bağlı Bəyanat qəbul etmişdir.

Azərbaycan xalqı sülhsevər və tolerant xalq olaraq dünyaya unikal nümunələr göstərir. Lakin eyni zamanda biz xalqımıza qarşı törədilmiş 1905-ci, 1918-ci il qırğınlarını, 1948-1953-cü ilin 150 minlik deportasiyasını, ötən əsrin 1980-1992-ci illərdə yaranmış 700 mindən artıq məcburi köçkünlərimizin çəkdiyi məşəqqətləri,  300 mindən artıq Ermənistandakı tarixi yurdlarından qovulmuş qaçqınlarımızın mərhumiyyətlərini, 1990-cı il 20 yanvar faciəsini və 1992-ci il Xocalı soyqırımını, 30 illik işğal dövründə Qarabağ torpaqlarında, hətta cəbhə xəttindən çox uzaq yaşayış məntəqələrində baş vermış və bu gün bütün dünyanın nifrətinə səbəb olan cinayətlərin nəticələrini hər zaman xatırlamalıyıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a verdiyi müsahibəsində bununla bağlı fikirlərini bölüşərkən söyləmişdir: “... Yəni, bu yaddaş silinməməlidir... Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq...”.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi atlında qazanılan tarixi Qələbə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı siyasətinə tezliklə beynəlxalq səviyyədə hüquqi qiymət veriləcəyinə və ədalətin zəfər çalacağına bəslənən ümidləri gücləndirir.

DİGƏR Xəbərlər Arxiv