YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır

Vüqar Rəhimzadə

Milli Məclisin deputatı, “91-lər”dən biri

“Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.” Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında “Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi” çağırışını səsləndirərək bunu əsaslı şəkildə diqqətə çatdırmışdır. Bildirmişdir ki, o vaxt cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdu. Ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması, bax, bu idi o vaxt gənc müstəqil Azərbaycanın mənzərəsi. Belə olan vəziyyətdə ölkə necə inkişaf edə bilərdi?! Bizim torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı qovulmuşdu. Şuşa və Laçın işğal altına düşmüşdü, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaranmışdı, qaçqınlar, köçkünlər yaranmışdı və gələcək üçün, bu vəziyyəti dəyişdirmək üçün heç bir əsas yox idi. Kim bu vəziyyəti dəyişdirəcəkdi? O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü.

Ölkəmizin həyatında, bu gün xalqın partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasında dönüş nöqtəsi olan, məşhur “91-lər”in müraciəti kimi tarixə yazılan “Azərbaycan Sizin sözünüzü gözləyir”  müraciətini imzalayan şəxslərdən biri kimi həmin dövrün reallıqlarının şahidiyəm. Təbii ki, zaman hadisələrin düzgün təhlilində və dəyərləndirilməsində zəngin mənbə rolunu oynayır.  Bugünümüzdən dünənimizə baxanda bu əminlik ifadə edilir ki,  müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyalarını şərəflə yerinə yetiriblər. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev daim bu çağırışı edir ki, “91-lər”i Azərbaycan xalqı unutmamalıdır: “Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular”. Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri Ümummilli Lider Heydər Əliyevin  Yeni Azərbaycan Partiyasının 10 illiyinə həsr olunan yubiley mərasimində  səsləndirdiyi “91-lər, onlar artıq dillərdə əzbər olublar. Mən 91-lərin hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm. Ona görə yox ki, “91-lər”in müraciəti mənim həyatımda böyük bir dönüş rolu oynadı. Yox. Partiyanı yaradandan 7 ay sonra xalq, o cümlədən o vaxt iqtidarda olanlar, artıq qaçıb dağılmaqda olan insanlar məni Azərbaycana dəvət etməyə məcbur oldular. Yəni “91-lər”in müraciəti olsaydı da, olmasaydı da,  1993-cü ildə Azərbaycana gələcəkdim. Ancaq o vaxt müraciətin altına imzasını qoyan insanların hər biri  Azərbaycanın gələcəyinə görə böyük cəsarət,  qəhrəmanlıq göstərib. Biz onları partiyamızın əsasını qoyan veteranlar kimi öz sıralarımızda daim saxlayacağıq” fikirlərinin davamıdır.

Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalılarının, tanınmış insanlarının və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Ulu Öndər Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Dahi şəxsiyyət Heydər Əliyev həmin müraciətə “Yeni müstəqil Azərbaycan uğrunda” cavabında bu məqamı xüsusi qeyd etmişdir ki, güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.

Qeyd etdiyimiz kimi, “91-lər”in müraciəti ölkəmizin həyatında dönüş nöqtəsi oldu. Beləliklə, 1992-ci ilin 21 noyabr tarixində  müxətlif bölgələrdən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda partiyanın təsis konfransı keçirildi. Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə  təsis konfransının məhz Naçıvanda keçirilməsinin səbəbini bir daha  ictimaiyyətin diqqətinə çatdırdı. Bildirdi ki, Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilmiş birinci təsis konfransı tarixi hadisə idi. Ulu Öndərin sədrliyi ilə keçirilmiş bu konfransdan sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdı. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi: “Çünki o vaxt, bir daha demək istəyirəm, ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu. Çünki ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü, bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi, əslində, geriyə addımlar atılırdı. Biz təkcə senzuranın tətbiq edilməsini yada salsaq, demək kifayətdir ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi. O vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Yəni, demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü.” 

1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının yaradılması  gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Partiya yaranandan 7 ay sonra Ümummilli  Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri, oktyabr ayında isə xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi başladı.  Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin yarıtmaz siyasəti, idarəçilik qabiliyyətlrinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmalarının Azərbaycanı hansı problemlərlə üz-üzə  qoyduğu daim tariximizin qaranlıq səhifəsi kimi vərəqlənməli, indiki və gələcək nəsillərə çatdırılmalıdır. Bu gün müasir müstəqil, qalib, bütövləşən Azərbaycanın uğurlarından, Zəfərlərindən böyük qürurla bəhs ediriksə,  hər bir Azərbaycan vətəndaşı, gənci bilməlidir ki, bunlar böyük səylərin, qətiyyətin nəticəsidir.  O dövrü   yaşamayanlar bunu öyrənməlidirlər. Dövlətimizin başçısı İlham Əliyevin çağırışlarında bu məqam xüsusi qeyd edilir ki, dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox. Təbii ki, o dövrü  yaşamayan  bugünkü gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Ulu Öndər  Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət,  yarımmüstəmləkə kimi yaşaya bilərdi.

Artıq o vaxtdan 33 il  keçir. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Tarixə söykənərək böyük qürur hissi ilə  Ümummilli Lider Heydər Əliyevin  rəhbərliyi ilə  ölkəmizin 1993-cü ildən başlanan inkişaf, tərəqqi yolunun uğurlarından bəhs edirik. Azərbaycanın müstəqillik tarixinin bəldəçisi olan Yeni Azərbaycvan Partiyası bu uğurlara verdiyi böyük töhfələri ilə  qürurludur.  Ulu Öndər Heydər Əliyev ilk gündən partiyanın gələcəyinə böyük inam bəslədi və bunu “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri ilə təsdiqlədi. Ümummilli Liderin bu çağırışı ötən 33 ildə partiyanın fəaliyyətinin əsas prinsipinə çevrildi. Partiya bu çağırışının məsuliyyətinin böyüklüyünü dərk edərək bunu atdığı addımları ilə doğrultdu. Yarandığı gündən xalqın partiyası imicini qazandı, sıralarını daha da zənginləşdirdi. Təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyası sıralarında bu gün 800 minə yaxın üzvü birləşdirir. Hər zaman qeyd olunduğu kimi, bu, yalnız statistika deyil, xalqın Yeni Azərbaycan Partiyasının gələcəyinə inamının göstəricisidir. Sözlə əməl birliyi, tutduğu yola sadiqliyi YAP-ın cəmiyyətdə nüfuzunun artmasında əhəmiyyətli rol oynayır.  Xalqın bu partiyaya inamı sonsuzdur. Bunu ölkəmizdə keçirilən seçki prosesləri də təsdiqləyir. Zəngin seçki təcrübəsinə malik olan Yeni Azərbaycan Partiyası bütün  seçki kampaniyalarından uğurla çıxaraq adını tariximizə zəfərlər partiyası kimi yazdırıb. Ümummilli Lider Heydər Əliyevin yaradıcsı olduğu, bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın  gələcəyinə inam sonsuzdur. Hər bir ölkənin inkişafında əsas faktor olan Lider və düşünülmüş siyasət amillərini nəzərə alsaq, bu gün hər bir Azərbaycan vətəndaşının harada yaşamasından asılı olmayaraq  özünü xoşbəxt hiss etdiyini əminliklə deyə bilərik. Daim ölkəsinin, xalqının gələcəyini düşünən, Azərbaycanın dünyaya Günəş kimi doğmasını təmin edən Ümummilli Lider Heydər Əliyevin  siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev çıxışlarında bildirir ki, uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqıdır, Azərbaycan vətəndaşıdır.

Xalq-Prezident birliyinin, həmrəyliyinin  uğurlu nəticələri Azərbaycanın bugünkü reallıqlarında özünün aydın ifadəsini tapır. Ümummilli Lider Heydər Əliyevin   müəyyənləşdirdiyi inkişaf strategiyası bugünümüz və gələcəyimiz üçün  istiqamət oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini  qazanaraq Prezident seçilən cənab İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi aşağıdakı fikirlər müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xalqımız, dövlətimiz naminə gördüyü işlərin, göstərdiyi xidmətlərin aydın ifadəsidir: “Heydər Əliyevin siyasəti  Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanıb. Azərbaycan  beynəlxalq aləmdə  özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla  hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün  beynəlxalq, irimiqyaslı  layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə  həyata keçirilir.”

Dövlətimizin başçısı İlham Əliyevin ötən ilin yanvarında  yerli televiziya kanallarına müsahibəsində “Biz bu 20 ildə haradan haraya gəlmişik” sualını cavablandırarkən bildirmişdir ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi: “Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.”

Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasını şərtləndirdi. Məhz bu təmələ əsaslanaraq bu gün Azərbaycan çoxtərəfli əməkdaşlığın əsas iştirakçısı və təşəbbüsçüsü kimi çıxış edir. Ölkəmiz əməkdaşlıq məkanı kimi tanınır. Sabitliyin və əlverişli iqtisadi mühitin yaradılması ilə Azərbaycan böyük investisiyalar məkanına çevrildi. Bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin 350 milyard dollara gəlib çatması təbii ki, həmin dövrdə yaradılan möhkəm təməlin nəticəsidir. Ümummilli Lider Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməklə Azərbaycanın bu günü üçün iöhkəm təməl yaratdı. «Əsrin müqaviləsi»nin  ardınca, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması da Azərbaycanın artan nüfuzunun, möhkəmlənən mövqeyinin göstəricisidir. 2014-cü ildə, “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2020-ci ilin sonunda  layihə tam tərkibdə reallığa çevrildi. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası zaman keçdikcə genişlənirsə, bu, Azərbaycanın bugününə və gələcəyinə inamın göstəricisidir.  Bu gün Azərbaycanın iştirakı ilə həyata keçirilən enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir. Hazırda Azərbaycan 14 ölkəyə qaz ixrac edir. Dünyanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin rolu günbəgün artır. Bu gün Azərbaycan yaşıl enerjiyə keçid mərhələsini uğurları ilə zənginləşdirir. Ölkəmizin ötən il dünyanı Bakıya toplayan COP29 tədbirinə ev sahibliyi bütün çağırışları özündə ehtiva edir. Azərbaycan qlobal prbolemlərin həllinə verdiyi davamlı töhfələri ilə diqqətdədir.

İqtisadi tərəqqi bütün sahələrdə uğurların əsasıdır. Bu gün Azərbaycana hansı sahədən baxsaq sürətli inkişafın, tərəqqinin şahidi olarıq. Ölkəmizdə iqtisadi  tərəqqi güclü sosial siyasətlə tamamlanır. Ümummilli Lider Heydər Əliyev hələ 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması ilə bağlı  Fərman imzalayanda bu çağırışı xüsusi qeyd etmişdi ki, neft xalqın sərvəti olub yalnız indiki deyil, gələcək nəsillərə məxsusdur.

Neft gəlirlərinin istifadə olunmasında şəffaflıq kriteriyalarını qoruyan Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilən layihələr Azərbaycanın hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Müqayisəli təhlili əsasında bu reallıq daim önə çəkilir ki, neftlə zəngin çox ölkələr var. Lakin bu resurslar onlara heç də uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycan iqtisadiyyatının düzgün əsaslar üzərində qurulması  bu problemi yaşamamasına səbəb olur. Ölkəmizdə əksinə, neft gəlirlərinin ədalət prinsipi əsasında bölgüsü əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılması ilə müşayiət olunur. Bu il sayca beşinci sosial paketin icrası ölkəmizdə ədalət prinsipinin yüksək səviyyədə təmin edildiyini, ən əsası vətəndaş məmnunluğunun dövlətin siyasətində prioritet olduğunu bir daha təsdiqlədi.

İqtisadi tərəqqi  müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində də mühüm addımların atılmasını şərtləndirdi. Bu gün Azərbaycan Ordusunun keçdiyi inkişaf yolunun bələdçisi təbii ki, tarixi Zəfərimiz və suverenliyimizin tam bərpa edilməsidir. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Baxmayaraq ki, torpaqlarımız işğaldan azad edilib, Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, əsas prioritetlərdən biri yenə də ordunun maddi-texniki bazasının möhkəmləndirilməsidir.

İqtisadi müstəqiliyimiz siyasi mövqeyimizin möhkəmləndirilməsində əsas faktordur. Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun artması diqqətdən kənarda qalmır. Ümummilli Lider Heydər Əliyev hələ 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdanda müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələrdən bəhs edərkən bu məqamı xüsusi bildirmişdi ki, bunun üçün ilk növbədə beynəlxalq təqdimat əsasdır. Müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulması, inkişaf etdirilməsi, diaspor quruculuğu əsas məsələ kimi qarşıda dayandı. 2001-ci ildə Ümummilli Liderin təşəbbüsü və Sərəncamı ilə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi ilə müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi daha da möhkəmləndi. Bu birlik 2020-ci ildə  44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi. Dünya azərbaycanlıları  30 ildən sonra Qarabağın tacı Şuşada bir araya gələrək V Zəfər Qurultayını keçirdilər. Təbii ki, uğurlarımızın miqyası o qədər genişdir ki, onları sıralamaq belə mümkünsüzdür. Çünki Azərbaycan daim irəli baxmağı,  qazandığı uğurlarla kifayətlənməməyi bir prinsip kimi öndə saxlayıb. Dövlət başçısı İlham Əliyevin Zəfərimizin reallıqları əsasında keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında qeyd etdiyi kimi, hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.

 Onu da qeyd edək ki, tarixi Zəfərimizin reallıqları fonunda yeniləşmə, təkmilləşmə siyasi partiyaların da fəaliyyətinə öz müsbət təsirini göstərdi, onların həyatında təkmilləşməyə yol açdı. 2021-ci ilin 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edildi.  Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın Sədri, Prezident  İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin 5 mart tarixində Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edildi. Sözügedən təyinat yüksək etimadın təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının fəal ictimai-siyasi, vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşıb. Mehriban xanım Əliyeva  ictimai-siyasi həyatda, davamlı xarakter alan islahatlar prosesində fəal iştirakı ilə müasir müstəqil, qalib Azərbaycanın yeni-yeni hədəflərinin  reallığa çevrilməsinə böyük töhfələr verir.

Şübhəsiz, bugünkü uğurlarımız 1993-2003-cü illərdə yaradılan möhkəm təməlin, eyni zamanda, Ulu Öndərin xalqa 2003-cü il 1 oktyabr tarixli müraciətində növbəti inamın ünvanının düzgün müəyyənləşdirilməsidir. Həmin müracitəində  “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var” söyləyən Ulu Öndər Heydər Əliyev onu da bildirmişdi ki,  üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.

Prezident İlham Əliyev son 22 ildə bu inamı real addımları ilə doğrultdu. Ən əsası adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı. Azərbaycan hər bir sahədə gücləndi, yeni-yeni hədəflərə doğru inamla addımladı. Artıq beş ildir ki, tarixi Zəfərimizin sevincini yaşayırıq. Azərbaycan yaratdığı  yeni reallıqlar fonunda  qarşıya qoyduğu  hədəflərə doğru inamla addımlayır. Tarixi Zəfərimiz və suverenliyimizin tam bərpası ilə Prezident İlham Əliyev  2003-cü ildə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində  Ümummilli Lider Heydər Əliyevə müraciətində əksini tapan vədini doğrultdu. Prezident İlham Əliyev həmin vaxt bu vədi vermişdi ki, əsəriniz olan müasir müstəqil Azərbaycanı  möhkəmləndirəcəyik, zənginləşdirəcəyik, zəfərlərə doğru aparacağıq. Həmin vədindən 17 il sonra , 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində  tarixi Zəfərə imza atdıq. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. Zəfərimizdən üç il sonra isə 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Bununla da Azərbaycanın həyatında yeni dövr başladı. Yeni dövrün yeni hədəfləri müəyyənləşdirildi.

Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın keçdiyi inkişaf yoluna baxış Yeni Azərbaycan Partiyasının 33 ilik yolunun aydın mənzərəsidir. Çünki bu illər ərzində Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən seçki proseslərində müəyyənləşdirdiyi şüarlar  partiyanın hədəflərini özündə ehtiva edir. Bu hədəfləri şərtləndirən isə təbii ki, Azərbaycanın uğurlarıdır. Bu baxımdan dövlətimizin, onun Liderinin siyasəti Yeni Azərbaycan Partiyasının siyasəti olmaqla yanaşı, uğurlarımız partiyanın hər bir seçki prosesində dəstəyini, qələbəsini təmin edib. Yeni Azərbaycan Partiyası yarananda “Yeni müstəqil Azərbaycan uğrunda!” şüarını seçdi və təsdiqlənən Proqramında bu hədəfə nail olmağın mexanizmləri öz əksini tapdı. Artıq tarixi Zəfərimizdən sonra partiyanın yeni Proqramının  təsdiqinə böyük zərurət yarandı. Dövlət başçısı İlham Əliyev  partiyanın VII qurultayındakı çıxışında bununla bağlı tapşırığını verdi. Bildirdi ki, bu proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməlidir.

Partiyanın VII qurultayında yeni qərarların qəbulu, yeni tərkibin formalaşması qarşıdakı dövr üçün görüləcək işlərin aydın mənzərəsini yaratdı. Partiyanın yeni Proqramı YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmişdir. Partiyanın yeni Proqramı 5 fəsildən ibarətdir. Partiyanın inkişafı və uğurları, Siyasi dəyərlər və prinsiplər, Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları,  Partiyanın əsas hədəfləri və Müzəffər Liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya. Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub. Bunlar Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı. Partiyadaxili münasibətləri xarakterizə edən əsas meyarlar isə peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativlik, müasirlik. Partiyanın 11 strateji hədəfi var: Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi; Güclü iqtisadiyyat və davamlı inkişaf; İnklüziv cəmiyyət, ədalətli sosial təminat və  insan kapitalının inkişafı; Şəffaflığın artırılması; Vətəndaş cəmiyyətinin inkişafı; Azərbaycan dili və dünya azərbaycanılılarının həmrəyliyi; Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması; Vətəndaş həmrəyliyinin təminatı; Milli maraqlar və xarici siyasət; Ordu quruculuğu; İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış.

Yeni dövrə qədəm qoyan Azərbaycan dövləti  ötən il müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazilsində prezident və parlament, bu ilin yanvarında isə bələdiyyə seçkilərini keçirdi. Bu seçkilər  Yeni Azərbaycan Partiyasının cəmiyyətdə nüfuzunun bir daha təqdimatı oldu. 2024-cü ildə “Qalib xalqın qalib Lideri!” çağırışı ilə  7 fevral prezident seçkilərinə, “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə  1 sentyabr parlament seçkilərinə qatılan Yeni Azərbaycan Partiyası tarixinə növbəti qələbə səhifələrini yazdı. Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına yuxarıda qeyd etdiyimiz müsahibəsində  növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı ünvanlanan “Cənab Prezident, belə bir addımın atılmasını şərtləndirən əsas amillər nədən ibarətdir” sualını cavablandırarkən bildirmişdir ki, birinci səbəb təbii ki, suverenliyimizin tam bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur.  2023-cü ilin sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində  buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq  bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi. İkinci səbəb ondan ibarətdir ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır. Digər səbəb isə  ondan ibarətdir ki, Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. O da qeyd edilmişdir ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi.

Yeni hədəflər Yeni Azərbaycan Partiyasının yeni Proqramında öz əksini tapıb. Göründüyü kimi, Yeni Azərbaycan Partiyası uğurlarımıza bələdçilik etməklə dövrün, zamanın tələblərinə uyğun olaraq daim  yeniləşməyə  maraq göstərir, yeni-yeni hədəflərin reallığa çevrilməsi istiqamətində davamlı addımlar atır. 33 ilin zəngin təcrübəsi, uğurları Yeni Azərbaycan Partiyasının qarşısında böyük imkanlar açır. Dövlət başçısı İlham Əliyev məhz partiyanın yarandığı gündən tutduğu yola sadiqliyini, Azərbaycanın uğurlu gələcəyini düşünərək qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri önə çəkərək bu çağırışı etmişdir ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Ötən 33 il zaman baxımından  az olsa da, partiyanın qazandığı uğurların miqyasının genişliyi fonunda sanki 100 ilə bərabər bir dövr kimi xaraterizə edilir. Çətin və şərəfli yol keçən partiyanın tarixinə yazılan 33 il  bir daha təsdiqlədi ki,  uğurların açarı qətiyyət, böyük səylər, özünəinam hissi, qarşıya qoyulan hədəfə nail olmaq üçün  mövcud imkanlardan maksimum istifadə etmək bacarığıdır. Təbii ki, burada xalqın sevgisi, inamı xüsusi yer tutur. YAP yarandığı gündən xalqın partiyasıdır.