YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası: Sabitlik, inkişaf və dövlətçilik ideyası

“Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən illər ərzində böyük və şərəfli yol keçib. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə – 21 noyabr 1992-ci ildə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın müdrik oğlu, Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə 1993-cü ildə hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu həmçinin onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə – iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.

Millət vəkilinin sözlərinə görə, partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdi: “33 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini müəyyən etmişdi. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etdi. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib. Xalqımızın təkidli tələbi nəticəsində Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdaraq ölkəmizin uğur formulunun əsasını qoydu. Bu gün də bu uğurlu siyasət ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən davam etdirilərək, xalqımızın inamını daha da gücləndirir. Artıq YAP nəinki regionda, dünyada nüfuzlu bir siyasi təşkilat kimi tanınır”.

Onun fikrincə, sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı olaraq aparılmasını vacib vəzifə kimi müəyyən edir: “Partiyamız yarandıqdan sonra iştirak etdiyi bütün seçkilərdə parlaq qələbə qazanıb. Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Görülən işlər ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin edir və dövlətin milli maraqlarını daim qoruyur. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Azərbaycanın regional təşəbbüslərinin əhəmiyyəti ildən-ilə artır. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat şəkildə qurur. Bu baxımdan, partiyamızda da mütəmadi olaraq islahatlar həyata keçirilir. YAP-ın VII Qurultayında qəbul edilmiş qərarlar bunun göstəricisidir. Qurultayda Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilib, yeni tərkibli Gənclər Birliyi formalaşdırılıb. Eləcə də, İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş partiyanın yeni proqramında yeni hədəflər müəyyənləşdirilib. Bu hədəflər naminə davamlı tədbirlər həyata keçirilir. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın hakim siyasi partiyası beynəlxalq əlaqələrini daha da genişləndirir”.

Sevinc Fətəliyeva qeyd edib ki, siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Onun sözlərinə görə, ölkədə yeni siyasi konfiqurasiya və dialoq mühiti formalaşıb: “Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi partiyaların təşəbbüskarlığına da müsbət təsir edir. Bu baxımdan, YAP-ın təşəbbüskləri ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir. Hesab edirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bundan sonra da qələbələr partiyası statusunu qoruyacaq, yeni-yeni nailiyyətlər qazanacaq”.