YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Mərkəzi Aparatının təşkilatçılığı ilə “Dayanıqlı sabah üçün bugünkü bərabərlik” mövzusunda tədbir keçirilib

Martın 10-da Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilatçılığı ilə partiyanın Nizami rayon təşkilatının qərargahında “Dayanıqlı sabah üçün bugünkü bərabərlik” mövzusunda tədbir keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov bildirib ki, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını Azərbaycanın Konstitusiyası təşkil edir. Eyni zamanda, "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanun da respublikamızda qadınların hüquqlarının etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapıb.

R.Vəlibəyov  Nizami rayonunda gender məsələlərinə həsr olunmuş maarifləndirmə tədbirləri haqqında da məlumat verib.

Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdir müavini Zəkiyyə Musayeva deyib ki, gender bərabərliyi olan cəmiyyət - qadın və kişinin bərabər üzv olduğu cəmiyyətdir. Belə cəmiyyətdə kişi və qadınların hüquqları bərabər səviyyədə müdafiə olunur. Gender bərabərliyinin təşviqi daimi məsələdir və onun davamlı aparılması vacibdir. Bu sahədə vətəndaş cəmiyyəti subyektləri də əhəmiyyət kəsb edən məsələləri əhatə etmək istiqamətində aktiv fəaliyyət göstərir. Eyni zamanda, qadınlar kişilərlə bərabər ölkənin ictimai həyatında, iqtisadiyyat, mədəniyyət, elm, incəsənət və digər sahələrdə də uğurla çalışırlar. Elə bir sahə tapmaq olmaz ki, orada qadınlar təmsil olunmasın. Bütün bunlar isə Azərbaycanda gender siyasətinin uğurlarıdır.

Daha sonra çıxış edən YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, Azərbaycanda uğurlu dövlət gender siyasəti həyata keçirilir. Azərbaycanda gender məsələlərinin xalqımızın ümummilli lideri Heydər Əliyevin hər zaman diqqət mərkəzində olduğunu xatırladan Sədaqət Qəhrəmanova vurğulayıb ki, ulu öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində qadınlara göstərilən diqqət və qayğının artdığının şahidi olmuşuq. Məhz Onun ölkəmizə rəhbərliyi dövründə Azərbaycan qadınları cəmiyyət həyatının müxtəlif sahələrində öz sözlərini deyə biliblər. Ulu Öndərin fərmanı ilə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, 2000-ci ildə dövlət qadın siyasəti ilə bağlı fərmanın imzalanması bu sahəyə xüsusi diqqətin ifadəsidir.

Onun sözlərinə görə, Ulu Öndərimizin müəyyənləşdirdiyi bu siyasət Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə, dövlətimizin başçısının müvafiq fərmanı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması böyük əhəmiyyət kəsb edir. Heydər Əliyev ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyini, qayğısını hər zaman hiss edirlər. Bu gün ölkəmizdə gender bərabərliyi diqqət mərkəzindədir və qadınlarımız da cəmiyyətizin aparıcı hissəsinə çevrilib.

Sonra tədbir diskussiya şəraitində davam edib, iştirakçıların sualları cavablandırılıb.