YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısıdır

“Dövlət müstəqilliyinin bərpasının 30 ilini möhtəşəm uğurları ilə arxada qoyan Azərbaycan digər sahələrdə olduğu kimi, qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması sahəsində  də əldə etdiyi təcrübə ilə  nümunədir. Ölkəmizdə qadınlara diqqət və qayğı  dövlət siyasətinin əsas tərkib hissəsidir  və  bu  sahədə təkmil qanunvericilik bazası mövcuddur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər  Heydər Əliyev qadınların ictimai-siyasi fəallıqlarının artırılmasına, dövlət idarəçiliyində irəli çəkilmələrinə xüsusi diqqət yetirirdi. Ümummilli Liderin  Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da Azərbaycanda qadın siyasətinin prioritetliyini təsdiqləyən amillərdəndir. Son 18 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlar, qəbul olunan qanunlarda təkmilləşmə, hədəflərin uğurlu icrasına xidmət edən Dövlət proqramları, Fəaliyyət planları, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanan təşəbbüsləri, həyata keçirdiyi layihələr dövlət qadın siyasətində yeni bir mərhələnin təməlini qoyub. Bu sırada  dövlət başçısı İlham Əliyevin  6 fevral 2006-cı il tarixli Fərmanı ilə ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli nəzərə alınaraq   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  yaradılmasını xüsusi qeyd etməliyik. Təbii ki, atılan hər bir addım Azərbaycanın bu gününə və gələcəyinə, kiçik dövlət kimi dəyərləndirilən ailə institutunun təkmilləşdirilməsinə, qadınların cəmiyyətdə rolunun artmasına və dövrün, zamanın çağırışlarının düzgün cavablandırılmasına öz töhfələrini vermələrinə yönəlib.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası  Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Diqqəti ölkə Prezidenti İlham Əliyevin  8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində yer alan “Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etdi” fikirlərinə yönəldən Vüqar Rəhimzadə bildirib ki, tarixi Zəfərimizi şərtləndirən amillər sırasında əsas yer tutan gənclərimizin  torpaq, Vətən sevgisinin  formalaşmasında, onların vətənpərvərlik ruhunda tərbiyə olunmalarında qadınlarımızın rolu böyükdür: “Bu gün hər bir ana 30 il işğal altında qalan torpaqlarımızın azad edilməsində, soydaşlarımızın doğma yurd-yuva həsrətinə son qoyulmasında, Azərbaycan xalqının yenilməz, məğrur xalq kimi dünyaya təqdimatında onların  yetişdirdikləri vətənpərvər oğulların öz payının, rolunun olmasından son dərəcə qürurludur. Qanları, canları ilə tarix yazan, Azərbaycanı qalib ölkə kimi şöhrətləndirən  şəhidlərimizin  həyat yolu hər bir Azərbaycan gənci üçün vətənpərvərlik məktəbinə çevrilib. Qadınlarımızın bu əziz bayramı günündə bir daha şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara torpaq, Vətən sevgisini aşılayan analara minnətdarlığımızı ifadə edirik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün çıxışlarında, müsahibələrində bu məqamı xüsusi qeyd edir ki, 44 günlük İkinci Qarabağ müharibəsinin qəhrəmanları onun Prezidentlik dövründə yetişən mübariz gənclikdir. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın qəhrəmanlıq, mübarizlik rəmzinə dönərək ona bəslənilən ümidləri tam doğrultdu.”

 YAP Xətai rayon təşkilatının sədri ölkəmizdə qadın hərəkatının inkişafından geniş bəhs edərək vurğulayıb ki, Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dünyada birincilər sırasında seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərimizə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarlıqla xidmət edirlər.

“Bu gün çoxşaxəli fəaliyyəti ilə  ölkə və dünya qadınlarına nümunə olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva  Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki,  birinci xanımın  xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir: “Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatına, təbliğinə xidmət edir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və tarixi ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olmasının bariz nümunəsidir.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, dövlət qadın siyasətinin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb: “Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət strukturlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Ayrı-ayrı istiqamətlər üzrə statistik  rəqəmlərə diqqət yetirsək hər bir sahədə qadın fəallığının şahidi olarıq.”

Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının 800 minə yaxın üzvünün böyük əksəriyyətini də qadınlar təşkil edir: “Ümummilli Lider partiyanın I qurultayında bu çağırışı etmişdi ki, qadınların və gənclərin YAP-da təmsilçiliyi yüksək olmalıdır. Təbii ki, bu da ulu öndər Heydər Əliyevin qadınların ölkə həyatında fəal iştirakına böyük önəm verməsindən irəli gəlirdi. Son 18 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qadınların idarəetmədə, bələdiyyələrdə və parlamentdə təmsilçiliklərinin artırılması ilə bağlı çağırışları da diqqətçəkəndir. Ümumxalq səsverməsi yolu ilə Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi,  vitse-prezidentlik institutunun yaradılması, ölkənin birinci xanımı Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi, həmçinin Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayında partiya Sədrinin Birinci müavini postunun yaradılması və Mehriban xanım Əliyevanın bu vəzifəyə təyin edilməsi Azərbaycan qadınlarının dövlətçiliyimizin inkişafında göstərdikləri fədakarlığın nümunəsidir. Bu gün Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayır.  Dövlət başçısı İlham Əliyev 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrikində bu əminliyi ifadə etmişdir ki,  Azərbaycan qadını bundan sonra da ölkəmizdəki böyük quruculuq işlərində əzmkarlıqla çalışacaq, müstəqillik salnaməmizi yeni müvəffəqiyyətləri ilə zənginləşdirəcəkdir.”