YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: YAP “Biz birlikdə güclüyük!” devizi altında daha möhtəşəm uğurlara və qələbələrə doğru inamla irəliləyir

“Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının VII qurultayından bir il ötür. Bir ildə ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında baş verən yeniliklərə, əldə olunan uğurlara nəzər salsaq bu fikri böyük əminliklə qeyd edə bilərik ki, möhkəm təməl, gələcəyə hesablanmış strategiya, təkmil islahatlar inkişafın əsasıdır. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyası adını qazanaraq daim dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayır. İrəli sürdüyü təşəbbüslərin, qəbul etdiyi qərarların, müəyyənləşdirdiyi hədəflərin təməlində də “Güclü dövlət, yüksək rifah” prinsipi dayanır. Xalqın inamını və etimadını qazanan partiya hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirir. Bu, ulu öndər Heydər Əliyevin ideyalarına sadiqliyin, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın və dəstəyin göstəricisidir. Tarixi Zəfərimizin reallıqları fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında dövlət başçısı, YAP Sədri cənab İlham Əliyev Qələbəmizi şərtləndirən amillərdən,   müasir müstəqil Azərbaycana davamlı uğurlar qazandıran Heydər Əliyev yolundan geniş bəhs edərək bu fonda gələcək perspektivləri açıqladı. Ölkə Prezidenti bu inamı ifadə etdi ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da  ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, YAP Sədri cənab İlham Əliyev VII qurultayda partiyanın yeni Proqramının hazırlanması və təsdiqi ilə bağlı tapşırıqlarını verdi: “Ötən ilin sonunda YAP İdarə Heyətinin qərarı ilə təsdiqlənən, demokratik dəyərlərə və milli maraqlara əsaslanan, müasir yanaşma və metodları özündə ehtiva edən  partiyanın  yeni Proqramında partiyadaxili münasibətləri səciyyələndirən əsas meyarlar öz əksini tapıb.  Peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmilik və müasirlik kimi amillər önə çəkilir. Partiya hər zaman cəmiyyətdə yeniliyin və müasirliyin tərəfdarı, təşəbbüskarı kimi çıxış edir.”

Millət vəkili vurğulayıb ki,  Proqramda YAP-ın  fəaliyyətinin növbəti strateji hədəfləri müəyyən edilib:”Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış əsas hədəflərdir.  Bu günümüzün  çağırışlarından biri məhz işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərini müasir tələblər əsasında həyata keçirmək, soydaşlarımızın Böyük Qayıdışını təmin etməkdir. Yeni Azərbaycan Partiyasının yeni Proqramında partiyanın bu prosesə dəstəyi əsaslı şəkildə qeyd olunur. Ölkəmizdə görülən bütün işlərdə fəal iştirak edən, hər zaman ölkə vətəndaşlarının istəklərini ifadə edərək  onların yüksək rifah şəraitində yaşayışı üçün bütün zəruri addımların atılmasında həm maraqlı olan, həm də təşəbbüslər irəli sürən Yeni Azərbaycan Partiyası 30 ilə yaxın  öz döğma yurd-yuvasından qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın Böyük Qayıdışına öz töhfələrini verməyə çalışır. Ümumilikdə, YAP-ın fəaliyyətinin hədəfləri milli maraqların qorunmasına, Azərbaycan dövlətinin dayanıqlı inkişafına, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılmasına xidmət edir.”

“Yeni Proqramın “Müzəffər Liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” fəslində qeyd olunduğu kimi,  partiyanın xalqımızın maraqlarına söykənən fəaliyyəti ölkəmizin bütün sahələrdə davamlı inkişafını təmin edir” söyləyən Malik Həsənov bildirib ki, “Biz birlikdə güclüyük!” devizi altında təsdiqlənən yeni Proqram özündə bütün  məqamları ehtiva edir: “Bu deviz Azərbaycan dövlətinin, xalqının gələcəyinə yönələn bütün addımların mahiyyətində dayanır. 44 günlük İkinci Qarabağ müharibəsinin ilk günündə bu çağırışı edərək “Dəmir yumruq” kimi birləşdik, dünyaya birliyimizi, məğrur, yenilməz xalq olduğumuzu nümayiş etdirdik.  Tarixi Qələbəmizdə bu birliyimizin rolu böyükdür. İki ildən artıqdır dünyanı bürüyən  koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlayanda da  “Biz birlikdə güclüyük!” dedik və onun müsbət nəticələri göz önündədir. Ölkəmizin hər bir uğurunda öz rolu, payı olan Yeni Azərbaycan Partiyası hər zaman monolitliyi, sözlə əməl birliyi ilə diqqətdə olur, birgə səylərin göstərilməsi ilə hədəflərə yüksək səviyyədə nail olur.”

Millət vəkili  qeyd edib ki, YAP-ın ümumxalq partiyası olması onu gələcəkdə də aparıcı siyasi qüvvə kimi gücləndirən meyardır:

“Partiyada  cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin geniş şəkildə təmsil olunması xalqımızın YAP-a böyük etimadının ifadəsidir. Əsas hədəflərindən biri Heydər Əliyev irsinin təbliği və təşviqi olan,  dövlət siyasətinin həyata keçirilməsində, ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranmasında və partiyalararası dialoqun möhkəmlənməsində fəal iştirak edən,  beynəlxalq əlaqələrini genişləndirməklə Azərbaycan həqiqətlərinin təbliğinə, ölkələr arasında münasibətlərin  inkişafına böyük töhfələr verən  YAP-ın cəmiyyətdə mövqeyi günbəgün  möhkəmlənməkdədir.  YAP “Biz birlikdə güclüyük!” devizi altında daha  möhtəşəm uğurlara və qələbələrə doğru inamla irəliləyir.”