YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya birliyi və ictimaiyyəti Xocalı soyqırımını lazımınca qiymətləndirməyib

Müşfiq Cəfərov

Milli Məclisin deputatı

1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı törətdilər. Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri işğal nəticəsində xarabalığa çevrildi. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vəhşilliklə dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.

Həmin vaxt hadisə yerində bir çox xarici jurnalistlər olub. Moskva, London, Paris kimi şəhərlərin məşhur mətbu orqanları bu hadisələr barədə yazıb, fotoşəkillər dərc ediblər. Lakin bütün bunlara baxmayaraq hələ də dünya birliyi və ictimaiyyəti bu faciəni lazımınca qiymətləndirməyib. Düşünürəm ki, Azərbaycan bu sahədə yetərli qədər təbliğat və tanıtma işləri aparsa da, sanki həmin vaxt dünya Xocalını görməzlikdən gəlib. Çünki xarici jurnalistərin özlərinin yazdıqları dəhşətli mənzərələr var. Onlar günahsız sakinlərin necə vəhşiliklə qətlə yetirilməsindən, cəsədlərin başına açılan oyunlardan yazıblar.

Heydər Əliyev Fondu tərəfindən “Xocalıya ədalət” kampaniyası təşkil olunub. Bu kampaniyalar bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Birgə belə təşəbbüslər irəli sürməklə dünyamızı daha ədalətli və sülh şəraitində yaşada bilərik. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.