YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Mərkəzi Aparatında “Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir” mövzusunda videokonfrans keçirilib

Fevralın 24-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Xocalı faciəsinin 30-cu ildönümünə həsr edilmiş “Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda YAP İdarə Heyətinin, Təftiş Komisiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin üzvləri, Mərkəzi Aparatın əməkdaşları, yerli təşkilatların sədrləri, mətbu orqanların baş redaktorları və Xocalı  rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Xocalı faciəsində, həmçinin ərazi bütövlüyümüzün qorunması, torpaqlarımızın azad olunması uğrunda həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Xocalı faciəsinə həsr edilmiş film nümayiş etdirilib.

Videokonfransda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, son 200 ildə xalqımız böyük müsibətlərlə üzləşib: soyqırımı, deportasiya, etnik təmizləmə, işğal, terrorizm. Bütün bu faciələrin kökündə böyük güclərin himayəsi altında 2 əsr bundan əvvəl əzəli Azərbaycan torpaqlarında yerləşdirilmiş ermənilərin məkrli planları dayanır. Məqsəd isə bir olub - nəyin bahasına olursa-olsun, azərbaycanlıları sıxışdırıb yurdundan çıxarmaq, torpaqlarımızı ələ keçirmək! Qəddarlığı, cəlladlığı, qaniçənliyi özlərinin həyat tərzinə çevirən erməni millətçiləri öz havadarlarına arxalanaraq çirkin niyyətlərinə nail olmaq üçün hər cür vəhşiliyi törətməkdən çəkinməyiblər. 1905-1906, 1918-ci illərdə törədilən kütləvi qırğınlar, azərbaycanlıların yaşadıqları yüzlərlə yaşayış məntəqəsinin, mədəniyyət abidələrinin, hətta məzarlıqların yerlə yeksan edilməsi bəşəriyyətə qarşı cinayətdir. Sonrakı hadisələrdə olduğu kimi, beynəlxalq ictimaiyyət bu ədalətsizliklərə sadəcə göz yummaqla kifayətlənib.

YAP Sədrinin müavini qeyd edib ki, yalnız XX əsrin əvvəllərində əzəli Azərbaycan torpaqlarında dövlət qurmağa nail olan ermənilərin Azərbaycana qarşı torpaq iddiası keçmiş Sovetlər dönəmində də davam edib: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki, sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır”. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə ermənilər öz xəyallarını-torpaq iddiasını dilə gətirməyə belə cəsarət etmirdilər. Ümummilli liderimiz SSRİ rəhbərliyindən istefa verəndən dərhal sonra hərəkətə keçdilər, Ermənistanda 250 min azərbaycanlını etnik təmizləməyə məruz qoydular, torpaqlarımızın 20 faizini işğal etdilər və 700 min soydaşımızı yurdundan didərgin saldılar. 1988-1993-cü illərdə davam edən işğal zamanı ermənilərin hədəfi mülki əhali - körpə uşaqlar, qadınlar və yaşlılar olub. Bağanıs Ayrım, Qaradağlı, Ağdaban, Başlıbel, Xocalı qətliamları erməni cəlladlarının vəhşiliyinin, insanlıq əleyhinə cinayətlərinin bariz sübutudur. Yaddan çıxarmaq olmaz ki, Xocalı şəhəri 1988-ci ildə ermənilər tərəfindən 3-cü dəfə dağıdıldı. Şəhər 1905 və 1918-ci illərdə də erməni terror dəstələrinin vəhşiliyinin qurbanı olmuş, yandırılmışdı. Xocalı faciəsi bəşər tarixinin ən qanlı cinayətlərindən biri kimi erməni vandalizminin növbəti nümunəsi idi”.

Vurğulanıb ki, dünya 44 günlük Vətən müharibəsi dövründə də erməni vandalizminə şahidlik etdi. Gəncə, Tərtər, Bərdə və digər şəhər və kəndlərimizin kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alınmasına, müharibə qanunlarına zidd olaraq mülki əhalinin öldürülməsinə, evlərin, sosial obyektlərin dağıdılmasına beynəlxalq ictimaiyyət yenə də göz yumdu. Vətən müharibəsi zamanı xarici ölkələrin diplomatik korpusunun nümayəndələri bir neçə dəfə bölgələrə səfər etdilər, erməni cəlladlarının törətdiyi vəhşiliklərin canlı şahidi oldular. Lakin əksər beynəlxalq qurumlar, aparıcı ölkələr erməniyə “dayan” demədi, əksinə, Azərbaycana mütəmadi olaraq təzyiq göstərməyə, müharibəni dayandırmağa, Ermənistanı düçar olduğu məğlubiyyətdən qurtarmağa çalışdılar. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu hər gün irəlilədi, xalqımızın müqəddəs amalını gerçəkləşdirdi, torpaqlarımızı işğaldan azad etdi və bizə tarixi Zəfəri bəxş etdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də beynəlxalq təşkilatların uzun illər kağız üzərində qalmış qərar və qətnamələrinin icrasına da nail oldu, Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı.

“Azərbaycan Xocalı faciəsinin dünyada soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparır, məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlət orqanları, diaspor təşkilatları ilə yanaşı, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən mühüm addımlar atılır. Xüsusilə də, Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə 2008-ci ilin may ayından başlanan "Xocalıya ədalət" kampaniyasının uğurla davam etdirilməsi real nəticələrin əldə olunmasını şərtləndirir. İslam Əməkdaşlıq Təşkilatı, bir sıra ölkələrin parlamentləri, ABŞ-ın 20-dən çox ştatı bu cinayəti qətliam kimi tanıyıb, Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr ucaldılıb. Amma hələ də ikili standartlara aludə olan, bu mərəzdən yaxa qurtara bilməyən, yaxud qurtarmaq istəməyən dairələrin XX əsrin faciəsi hesab edilən Xocalı soyqırımına və onu törədənlərə münasibəti birmənalı, yəni obyektiv və ədalətli deyil. Halbuki, Ulu öndər Heydər Əliyevin təbirincə desək: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir". Buna görə də bu qanlı cinayətin təşkilatçıları və icraçıları – Ermənistanın keçmiş siyasi və hərbi rəhbərliyi beynəlxalq hüquq qarşısında cavab verməli və öz layiqli cəzalarını almalıdırlar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər” sözləri xalqımızda belə bir qəti əminlik yaradır ki, faciə qurbanlarının qanı yerdə qalmayacaq, haqqın, ədalətin zəfər çalması üçün dövlətimizin gördüyü tədbirlər gec-tez öz bəhrəsini verəcəkdir. Belə bir müdrik kəlam var: “Tarixin acı dərslərindən düzgün nəticə çıxarmayan xalqın gələcəyi olmaz”. Biz son 200 ildə, həmçinin ötən 30 ildə başımıza gətirilən müsibətlərdən və xüsusən Xocalı faciəsindən doğru-düzgün nəticə çıxarmalı, ibrət dərsi götürməliyik. Bir sözlə, illər keçsə də, Azərbaycan xalqı heç zaman Xocalı faciəsini unutmayacaq”,-deyə YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib.

Tədbirdə YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov “Xocalı faciəsi 200 il davam edən erməni terrorunun tərkib hissəsidir” mövzusunda çıxış edib. O bildirib ki, Gülüstan və Türkmənçay müqaviləsinə əsasən ermənilərin tarixi torpaqlarımıza köçürülməsindən sonra xalqımızın həyatında faciələr yaşanıb. Onun sözlərinə görə, həmin vaxtdan etibarən ermənilər terror təşkilatları yaradıb, tarixi torpaqlarımızda özlərinə dövlət yaratmaq üçün havadarlarının dəstəyi ilə kütləvi qırğınlar törədiblər: “1905-ci il, 1918-ci il hadisələri də  buna sübutdur. Sovetlər dövründə, 1948-1953-cü illərdə azərbaycanlılar öz doğma yurdlarından deportasiya olundular. Daha sonra Qarabağda 1988-ci il fevralın 12-də Əsgəranda ermənilər torpaq iddiaları ilə çıxış etməyə başladılar,  fevralın 13-də isə Xankəndidə mitinq keçirildi və sonra bu hadisə qanlı müharibəyə çevrildi. O vaxtkı hakimiyyət torpaqlarımızın, o cümlədən Xocalının  düşməndən qorunması üçün heç bir addım atırmırdı, sadəcə yalan vədlər verməklə məşğul idilər”.

E.Məmmədov qeyd edib ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayının zirehli texnikasının və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində soyqırımı törədərək 63-ü uşaq, 106-ı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakinini qətlə yetirib. Şəhəri tərk etməyə məcbur olan əhali isə dağlara, meşələrə qaçsa da, hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyib, onlara amansız divan tutublar. Soyuq, qarlı fevral gecəsində yüzlərlə soydaşımız əsir düşüb, girov götürülüb. Soydaşlarımız erməni təcavüzündən yayınıb meşələrə, dağlara qaçsa da, onların çoxu soyuqdan, şaxtadan məhv olublar. O deyib ki, ermənilərin əhatəsində olan Xocalı 4 ay mühasirədə qaldı: “Faciə baş verməmişdən əvvəl, son bir ay ərzində respublika rəhbərliyindən bizə məlumat verirdilər ki, “sabah yolu açırıq, mühasirəni yarırıq”. Amma bu baş vermədi. Xocalıdakı vəziyyətə o vaxtkı hakimiyyət məsuliyyətsiz yanaşırdı və ermənilər də bundan istifadə edərək şəhərə hücum etdilər, dinc insanları qətlə yetirdilər. O dövrdə respublikada hakimiyyət uğrunda mübarizə gedirdi, bu səbəbdən də torpaqlarımızın müdafiəsi yaxşı təşkil olunmadı”.

Milli Məclisin deputatı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində faciə qurbanlarının qisasının alındığını deyib və yaxın zamanlarda Xocalı sakinlərinin də öz yurdlarına qayıdacaqlarına inandığını söyləyib.

“Xocalı faciəsi erməni vəhşiliyinin əyani sübutudur” mövzusunda çıxış edən Xocalı sakini, şəhid övladı, Daxili İşlər Nazirliyinin Hospitalının həkimi Almaz Həsənova bildirib ki, Xocalı faciəsi haqqında danışmaq hər kəs üçün çox çətindir: “Çünki bu qətliam XX əsrin ən böyük faciələrindən biridir. Mənim atam da bu faciənin qurbanı olub. Ermənilər Xocalıda görünməmiş vəhşilik törətdilər. Ermənilər 63 uşağı, 106 qadını, çoxlu sayda qocanı xüsusi qəddarlıqla öldürüblər. Biz bilirik ki, müharibənin öz qanunları var. Müharibələrdə dinc insanları öldürmək hərbi cinayət sayılır. Amma ermənilərin Xocalıda törətdiyi qətliam bütün bəşəriyyətə və insanlığa qarşı cinayətdir. Bu cinayəti törədənlər öz cəzalarını almalıdır, dünya bu soyqırımı tanımalıdır”.

A.Həsənova qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu “Dəmir yumruq” əks-hücum əməliyyatı keçirərək 44 gündə ərazilərimizi 30 il davam edən düşmən işğalından azad etdi: “Ali Baş Komandanın dəmir iradəsi və sarsılmaz qətiyyəti, eyni zamanda, xalqın birliyi və şanlı ordumuzun şəxsi heyətinin cəsarəti sayəsində müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı. Bu gün bütün şəhidlərimizin ruhu rahatdır”.

Videokonfransda “Xocalı XX əsrin faciəsidir” mövzusunda çıxış edən YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev bildirib ki, Xocalı soyqırımına qədər ermənilər Qarabağ ərazisində yerləşən bir çox yaşayış məntəqələrinin, o cümlədən Ağdərə rayonunun İmarət Qərvənd, Xocavənd rayonunun Axullu, Tuğ, Qaradağlı, Xocalı rayonunun Cəmilli, Meşəli, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsini və Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal etmişdilər: “Ermənilər yalnız Xocalıda azərbaycanlılara qarşı soyqırım aktı törətməmişdi. Yuxarıda qeyd olunan yaşayış məntəqələrinin işğalı zamanı da dinc əhaliyə qarşı cinayətlər, qətliamlar törədilmişdi. Şəraitdən aslı olaraq bəzi yaşayış məntəqələrində soyqırımının miqyası böyük, bəzilərində isə nisbətən kiçik olmuşdu. Xocalı rayonunun Meşəli və Xocavənd rayonunun Qaradağlı kəndlərində ermənilər tərəfindən sözün həqiqi mənasında insanlıq əleyhinə qətliam törədilmişdi. Cəmi 409 sakini olan Meşəli kəndinin işğalı zamanı 28 nəfər amansızccasına qətlə yetirilmişdi. Əgər mühasirəni yarmaq mümkün olmasaydı, Meşəli kəndindən bir nəfər belə xilas ola bilməzdi. Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zamanı isə kənddə qalmış 139 nəfərdən 91 nəfəri xüsusi amansızlıqla qətlə yetirilib. Bunları qeyd etməklə bir daha vurğulamaq istəyirəm ki, ermənilər yalnız Xocalıda soyqırımı törətməyib. Yaşayış məntəqələrimizin işğalı zamanı harada fürsət tapıblarsa, öz xislətlərini göstəriblər”.

Onun sözlərinə görə, Xocalıda törədilən soyqırımı hadisəsi miqyasına görə ən dəhşətlisi və ən amansızıdır: “Dörd ay tam mühasirə şəraitində qalan, adi çörəyə belə möhtac olan dinc əhali şaxtalı bir qış gecəsi hər tərəfdən mühasirəyə alınaraq ilk öncə artilleriya və ağır texnikaların mərmi yağışına tutulub. Daha sonra isə canlı qüvvə dinc, əliyalın əhali üzərinə hücuma keçib, evlərə od vurulub, qarşılarına çıxan hər kəs qocasına, qadınına, körpəsinə, uşağına baxılmadan vəhşicəsinə qətlə yetirilib. Dünya bu qətliama səssiz qalmamalıdır”.

Siyasi elmlər doktoru, professor Elçin Əhmədov tədbirdə “Xocalı soyqırımını törədənlər cəzasız qalmayacaqlar” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanınması üçün sistemli tədbirlər həyata keçirir: “Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı işlər ulu öndər Heydər Əliyevin xalqın tələbilə hakimiyyətə qayıdışından sonra başlayıb. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu məsələni diqqət mərkəzində saxlayır.  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələlərdən biri  kimi müəyyənləşdirilib”.

Onun sözlərinə görə, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondu sistemli tədbirlər həyata keçirir: “2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası hazırda uğurla davam etdirilir. Görülən işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı, 17 ölkənin parlamenti və ABŞ-ın 24 ştatı Xocalı soyqırımı haqqında müvafiq sənədlər qəbul ediblər. 44 günlük Vətən müharibəsində Xocalı qatillərinin bir qismi öz layiqli cəzalarını aldılar. Amma inanırıq ki, güclü Azərbaycan dövləti qarşıya qoyduğu məqsədə nail olacaq və Xocalı qətliamını törədən bütün canilər ədalət məhkəməsinə çıxarılacaq. Eyni zamanda, Xocalı soyqırımı bütün dünyada tanınacaq”.

Daha sonra videokonfransda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı siyasi partiyalara və beynəlxalq təşkilatlara müraciət qəbul olunub.

Videokonfransa yekun vuran YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, biz xalq olaraq bundan sonra da güclənməli və birlik nümayiş etdirməliyik. Azərbaycanın gələcəyinin Heydər Əliyev yolu və ideyaları ilə bağlı olduğunu deyən YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, bu yolu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri  İlham Əliyevin ətrafında daha sıx birləşməliyik.