YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sadiq Qurbanov: Moskva Bəyannaməsi ilə Azərbaycan müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanıb

“Məlum olduğu kimi, fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalandı. İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ərəfəsində imzalanan Moskva Bəyannaməsi həm ikitərəfli münasibətlərin gələcək inkişafı, həm də regional təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir”. Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Deputat bildirib ki, qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin hazırlanması və tərəflər arasında razılaşdırılması uzun sürən prosesdir. Dövlət başçısı İlham Əliyev hələ Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi. Bu baxımdan Bəyannamənin imzalanması gündəmə yeni çıxan məsələ deyil və heç bir halda regionda gedən son proseslərlə əlaqələndirilə bilməz.

S.Qurbanov qeyd edib ki, Azərbaycan öz milli maraqlarına uyğun çoxşahəli müstəqil xarici siyasət yürüdür. Azərbaycan xarici siyasətində multilateralizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu təsdiq edir. Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb. “2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi"ni imzalayıblar. Sənəd hər iki ölkənin parlamentləri tərəfindən təqdiq olunub. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətləri  müttəfiqlik səviyyəsinə yüksəldib, Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib” deyən millət vəkili vurğulayıb ki, ölkəmizin bu dəfə Rusiya ilə qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə imzalaması ölkəmizin öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanması deməkdir.

Moskva Bəyannaməsinin əhəmiyyətinə toxunan millət vəkili qeyd edib ki, bu sənədin imzalanması ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir: “Moskva Bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə,  sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Burada vacib olan məsələlərdən biri də odur ki, Bəyannamədə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür. Hər iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürür, eyni zamanda, iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacaqlar. Ölkəmiz üçün bacib olan məqamlardan biri də budur ki, Bəyannamədə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanıb”.

Deputat onu da qeyd edib ki, Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir-birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir: “Türkiyə ilə imzalanmış Şuşa Bəyannamasi kimi, Rusiya ilə imzalanan Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır”.