YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatı Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar konfrans keçirib

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı “Xocalı soyqırımı 30 ildə: Azərbaycan xalqının unutmayacağı faciə” mövzusunda konfrans keçirib.

Konfrans iştirakçıları öncə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Missiya Media Qrupunun birgə təşkil etdiyi rəsm sərgisinə baxış keçiriblər.

Akt zalında davam etdirilən konfransda Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar hazırlanmış videoçarxa baxış olub.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Könül Nurullayeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş “25-lər”dən olan Cəmşid Hüseynov və başqaları bildiriblər ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Vurğulanıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 yaşlı məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirilib. 487 dinc sakin ağır yaralanıb, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Qeyd edilib ki, ötən 30 il ərzində Azərbaycan dövləti və xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini böyük ehtiramla anıb. Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. İndiyə qədər 10-dan çox ölkə və İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Əlavə edilib ki, bu ağır faciə xalqımızı daha da mətinləşdirib, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib. İllər sonra 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını alıb, şəhidlərimizin qanı yerdə qalmayıb. Məhz, bu gün rəşadətli Azərbaycan ordusu sayəsində qürurla “Xocalı qurbanlarının qisası alınıb” deyən Azərbaycan xalqı soyqırımı dəhşətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bütün imkanlarını yenidən səfərbər edib. Heç şübhəsiz ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 28 yanvar 2022-ci il tarixində imzaladığı Sərəncam isə bir daha Zəfər çağını yaşayan Azərbaycan dövlətinin və xalqının Xocalı soyqırımını dünya miqyasında tanıdılması, faciəyə hüquqi qiymətin verilməsi və bu dəhşətli faciəni törədənlərin öz layiqli cəzalarını almaları işlərində növbəti mərhələnin başlanğıcı olacaq.

Çıxışlardan sonra YAP Nizami rayon təşkilatının və Missiya Media Qrupunun “Xocalı soyqırımı 30 ildə: Azərbaycan xalqının unutmayacağı faciə” mövzusunda birgə təşkil etdiyi rəsm və inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

DİGƏR Xəbərlər Arxiv