Xəbərlər
Siyavuş Novruzov NATO PA-nın Rouz-Rout seminarında Ermənistana qarşı sərt sanksiyaların tətbiq edilməsini tələb etmişdir
Serbiyanın paytaxtı Belqradda NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarı keçirilmişdir. Seminarda Milli Məclisin deputatları Siyavuş Novruzov və Rauf Əliyev iştirak etmişlər. NATO-nun bu mötəbər tədbirində əsas məruzə ilə Serbiya Baş nazirinin müavini, Xarici işlər naziri, hal-hazırda ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç çıxış etmişdir.
Plenar iclasda çıxış edən Milli Məclisin deputatı Siyavuş Novruzov təşkilatın bəzi ölkələrə münasibətdə ikili standartdan çıxış etməsini yolverilməz hal kimi qiymətləndirmişdir. Ukraynanın daxili işlərinə qarışması ittihamı ilə Rusiyanın NATO-nun Parlament Assambleyasının assosiativ üzvlüyündən çıxarılmasını nümunə gətirən MM-in deputatı Siyavuş Novruzov bu cür sanksiyaların Ermənistana qarşı tətbiq olunmamasını ikili standartın bariz təzahürü kimi qiymətləndirmişdir. Azərbaycanlı millət vəkili qeyd etmişdir ki, əgər NATO və bu kimi digər nüfuzlu beynəlxalq təşkilatlar ayrı-ayrı ölkələrə qarşı münasibətdə bu cür ikili standartdan imtina etməsə və qarşıduran tərəfələrə fərqli münasibət göstərəcəksə, o halda münaqişələrin həlli mümkün olmayacaqdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə ittiham edən Siyavuş Novruzov bu qurumun bu günə kimi münaqişənin həlli ilə bağlı əsaslı bir iş görmədiyini plenar iclas iştirakçılarının nəzərinə çatdırmışdır. Həmsədrlərin münaqişə zonasına səfərlərini daha çox turist səfərlərinə bənzədən MM-in deputatı Siyavuş Novruzov ATƏT-in rəhbərliyindən bu münaqişənin həlli ilə bağlı əsaslı tədbirlərin görülməsini, işğalçı dövlət olan Ermənistana qarşı sərt sanksiyaların tətbiq edilməsini tələb etmişdir.
MM-in deputatı Siyavuş Novruzov daha sonra öz çıxışında NATO Parlament Assambleyasının növbəti Rouz-Rout seminarının Ermənistanın paytaxtında keçrilməsi ilə bağlı təklifə kəskin etirazını bildirmişdir. O, digər ölkənin ərazilərini işğal etmiş işğalçı ölkənin paytaxtında belə bir mötəbər tədbirin keçrilməsinin NATO kimi təşkilata nüfuz gətirməyəcəyini nəzərə çatdırmışdır. Ermənistanda əvvəllər keçirilmiş müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə ayrı-ayrı öləkələrin nümayəndələrinin rəsmi Yerevan tərəfindən təhqir edilməsindən, Moldova Respublikasının Ombudsmanının obyektiv çıxışına görə Yerevanda həbsindən və bu günə qədər davam edən təqibindən, Kəlbəcərdə öz doğma ata-ana yurdunu ziyarət edən iki Azərbaycan vətəndaşı üzərində qondarma məhkəmə prosesindən və hələ də onların girovluqda saxlanmasından bəhs edən Siyavuş Novruzov toplantı iştirakçılarını növbəti Rouz-Rout seminarının Ermənistanda keçirilməsinin əleyhinə səs verməyə çağırmışdır.