YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənilər azərbaycanlılara qarşı olan nifrətlərini evləri, binaları dağıtmaqla büruzə veriblər

Kamilə Əliyeva

Milli Məclisin deputatı

Sovetlər dövründə Azərbaycanın ən böyük və inkişaf etmiş şəhərlərindən biri olmuş Ağdam şəhəri erməni faşistləri tərəfindən yerlə yeksan edilmişdir. Ermənilər azərbaycanlılara qarşı olan nifrətlərini evləri, binaları dağıtmaqla da büruzə vermişlər. 30 il ərzində Ağdam şəhərində daş üstə daş qoymamışlar, şəhəri tamamilə talan etmişlər. Şəhər işğaldan azad edildikdən az sonra Prezident cənab İlham Əliyev bir neçə dəfə Ağdama səfər etmişdir. Ölkə başçımız şəhər ictimaiyyəti ilə görüşləri zamanı Ağdam şəhərinin Baş planını da müzakirə etmişdir. Ötən il Ağdam şəhərinin Baş planı təsdiqləndikdən sonra ölkə başçımız Ağdam şəhərinə səfər etdi və bir neçə sosial və məişət obyektlərinin, yaşayış binalarının təməl daşını qoydu. Bundan sonra Ağdam şəhərinin yenidənqurulması işi sürətləndirildi.

Fevralın-13 də Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə növbəti dəfə səfər etdilər. Səfər zamanı ölkə başçımız Ağdamda görülən işlərlə yaxından tanış oldu, çox sayda sosial, infrastruktur obyektlərin, yeni müəssisələrin və yaşayış binalarının təməlini qoydu. Yaxın gələcəkdə Ağdam Qafqazın ən böyük sənaye şəhərinə çevriləcək.

190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır. Ağdam sakinlərinin öz yurd yerlərinə dönmələri üçün ilk növbədə rahat yaşayış binaları, fərdi evlər inşa edilməli, ən əsası onlar işlə təmin olunmalıdırlar. Yaxın vaxtlarda Ağdam Sənaye Parkında onlarla yeni müəssisələr fəaliyyətə başlayacaq. Bu gün ölkəmizdə sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Ölkə başçısı yerli sahibkarlara da müraciət edərək azad edilmiş ərazilərə sərmayə qoymağa dəvət etdi. Buraya sərmayə qoyacaq iş adamlarına dövlət tərəfindən hər cür dəstək göstəriləcək, eyni zamanda onlara güzəştli kreditlər ayrılacaq.

Ağdam şəhərində fəaliyyət göstərəcək “Ağdam-1”, “Ağdam-2” yarımstansiyaları şəhəri elektrik enerjisi ilə tam təmin edəcək. Şəhərdə cənab İlham Əliyev tərəfindən təməli qoyulan müasir tipli mehmanxana təxminən 2 ildən sonra istifadəyə veriləcək. Ölkə başçımız 6 evdən ibarət yaşayış kompleksinin təməl daşını qoydu. 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanası, min nəfərə qədər şagirdin təhsil ala biləcəyi 1 saylı məktəbin inşası da iki ilə tikilib istifadəyə veriləcək. Ağdama gedən yol infrastrukturları da yenidən qurulur. Bərdə-Ağdam avtomobil və dəmir yolu yaxın vaxtlarda istifadəyə veriləcək. Füzuli-Ağdam şəhərlərini birləşdirəcək avtomobil yolu da çəkiləcək. Bu yol Ağdamı Füzuli hava limanı ilə birləşdirəcək.

Görülən işlər Azərbaycanın öz daxili hesabına aparılır. Ölkəmiz həm texniki resurslar, həm də maddi imkanlar baxımından bütün bu işləri görmək qabiliyyətindədir. Bununla bərabər çox saylı xarici şirkətlər də quruculuq işlərində iştirak etmək niyyətində olduğunu bildirmişdilər. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması işində Heydər Əliyev Fondu müstəsna xidmətlər göstərir. Bir çox dini və tarixi abidələrimizlə yanaşı, Ağdam Cümə məscidinin bərpa işləri də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban Əliyeva dini abidələrimizin bərpa və restavrasiya işlərində çox böyük işlər görməkdədir. İşğaldan azad olunmuş torpaqlarda Fondun gördüyü işlər onu göstərir ki, Mehriban xanım Azərbaycanın milli-mənəvi dəyərlərinə böyük ehtiram göstərir.

İşğaldan azad edilmiş bütün bölgələrimizdə quruculuq-abadlıq işləri çox sürətlə aparılır. Artıq Şuşa və Ağdam şəhərlərinə avtobus marşrutları təşkil edilib. Vətəndaşlarımız gəlib burada aparılan abadlıq işlərini öz gözləri ilə görürlər. Biz Şuşanı da, Ağdamı da, bütün kənd və şəhərlərimizi də yenidən quracağıq. Ermənilər bilməlidirlər ki, Azərbaycan xalqı heç vaxt onlara qarşı törədilmiş bu vəhşilikləri unutmayacaq.