YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Davud Qurbanovun doğum günündə barelyefinin açılışı olub

Vətən müharibəsi şəhidi Qurbanov Davud Tariyel oğlunun doğum günündə yaşadığı Asəf Zeynallı 27A ünvanında yerləşən binanın önündə barelyefinin açılışı olub.

Mərasimdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, şəhidin ailə üzvləri, qeyri-hökümət təşkilatlarının rəhbərləri, Binəqədi rayaon ictiamiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Davud Qurbanovun rayon təşkilatının sıralarında təmsil olunmasının yüksək fəxarət və qürur hissi doğurduğunu bildirərək, partiya üzvü kimi şəhidin aktiv fəaliyyətindən bəhs edib. Davud kimi şəhidlərimizin qanının yerdə qalmadığı, onların əziz xatirələrinin daim qəlblərdə yaşayacağını vurğulayıb.

Daha sonra çıxış edənlər – professor Emira Süleymanova və şəhidin ailə üzvləri şəhidin qəhrəmanlığından, vətənpərvərliyindən söz açaraq, onunla bağlı xatirələrini bölüşüblər.

Mərasimdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Qeyd edək ki, şəhid Qurbanov Davud Tariyel oğlu 1996-cı il fevralın 15-də Bakı şəhərində anadan olub. 2002-2013-cü illərdə R.Pirnəzərov adına 299 saylı Biləcəri qəsəbə məktəb-liseyində, 2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsində təhsil alıb. "Space" və "ATV" telekanallarında montajçı vəzifəsində çalışıb. 2019-cu ilin oktyabr ayından həqiqi hərbi xidmətə çağırılıb. Oktyabr ayının 3-ü Suqovuşan döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. 4 oktyabr 2020-ci ildə Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn olunub.

Vətən torpaqlarının ərazi bütövlüyü və işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq şəhid olan Qurbanov Davud Tarıyel oğlu ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.