YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində etibarlı layihədir

Bu gün Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu nəhəng enerji infrastrukturu layihəsi olan Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişdirir. Bu baxımdan adı çəkilən Dəhliz dünya neft-qaz sənayesində ən mühüm və iddialı layihələrdən biridir. Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarının uzaqgörənliklə atdığı addımlar regionun enerji xəritəsinin dəyişməsinə səbəb olub və Azərbaycanın müəllifi olduğu enerji dəhlizlərinin coğrafi hüdudları genişlənib. Cənub Qaz Dəhlizinin reallaşmasında əsas siyasi qətiyyət və prinsipial qərar məhz Azərbaycanın dövlət başçısı İlham Əliyevə məxsusdur. Bu dəhliz Avropanın enerji təhlükəsizliyi, dekarbonizasiyası və təmiz enerjiyə keçidində böyük əhəmiyyətə malikdir.

Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı öz töhfəsini vermişdir. Yəni, dəyəri 33 milyard ABŞ dolları təşkil edən bu layihədə dünyanın aparıcı maliyyə institutları birgə iştirak ediblər.

Cənub Qaz Dəhlizi layihəsi tam başa çatdıqdan sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. 2021-ci ildə Azərbaycan xarici bazarlara 19 milyard kubmetr təbii qaz ixrac edib ki, bunun da 8,5 milyardı Türkiyəyə, 7 milyard kubmetri İtaliyaya ixrac olunub. Yerdə qalan həcm başqa üzv ölkələrə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Bu gün Avropanın digər ölkələri də Azərbaycan qazından istifadə etmək üçün müraciətlər edirlər. Çünki Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var.

Bir məqamı qeyd etmək yerinə düşər ki, Azərbaycan neft ixracatına 2006-cı ildən başlayıb. Təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi məqsəd güdülməmişdir. Azərbaycanın enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Cənub Qaz Dəhlizi layihəsi istismara verildiyi qısa müddət ərzində bəzi ölkələr qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artmaqda davam edir.

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində alternativ və etibarlı layihədir. Əgər əvvəllər Azərbaycan bu layihənin reallaşdırılması istiqamətində bir vasitəçi ölkə kimi görünürdüsə, hazırda Cənub Dəhlizinin formasını və gələcəyini təyin edən əsas iştirakçıya çevrilib. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində fəal iştirakı, həm də onun qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə mühüm təsir göstərib.

Bir məqam xüsusi ilə qeyd edilməlidir ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdədir. Böyük həcmdə vəsait yatırılıb və elektrik enerji xətləri tamamilə müasirləşdirilib, habelə yeni elektrik stansiyaları tikilib. Ötən ay enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib.

Qeyd etməliyik ki, Azərbaycanın elektrik enerjisinə regional bazarda da ehtiyac var. Bu gün biz Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edirik. Həcmlər ilbəil artır. Bizim Azərbaycanda bərpaolunan enerji mənbəyimiz nə qədər çox olsa, biz ixrac üçün daha çox qaza qənaət edərik.

Həmçinin Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilər üçün xüsusi proqramı var. Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsini nəticəsində ümidverici rəqəmlər əldə edilib. Hesablamalara görə külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur.

Yuxarıda qeyd olunan faktlar Azərbaycanın enerji potensialı hələ uzun illər ərzində dünaynın diqqət mərkəzində olacağından xəbər verir.

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri