YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan həmişə beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı olub

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı  çıxışı zamanı Prezident cənab İlham Əliyev layihə iştirakçıları olan ölkələrin bir komanda olaraq gördükləri effektli işlərdən bəhs etdi. Hər il yeni nailiyyətlərin qeyd olunduğunu qeyd edən ölkə başçısı Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasını bütün iştirakçı dövlətlərin nailiyyəti olduğunu vurğuladı.

XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizinin dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı kimi aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib. Belə ki, Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr, yerdə qalan həcm isə Gürcüstan, Yunanıstan və Bolqarıstana ixrac olunub.

Azərbaycan həmişə beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Yeni bazarlarda da Azərbaycan qazına ehtiyac var. Ölkəmiz neft ixracatına 2006-cı ildən başlayıb və bu müddətdə təchizatda heç bir fasilə olmamış, müqavilə şərtləri pozulmamışdır. Çünki Azərbaycanın həyata keçirdiyi enerji siyasətinin arxasında heç bir siyasi gündəm olmayıb. Azərbaycanın enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artmaqdadır.

Hazırda ölkəmizin isbat edilmiş 2,6 trilyon kubmetr qaz ehtiyatı məlumdur. Texnologiyaların sürətlə inkişafı deməyə əsas verir ki,  Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq. Ən böyük yataq “Şahdəniz”dir  ki, onun da ehtiyatı bir trilyon kubmetrdir. Digər layihələrin də üzərində işlərin aparıldığını bildirən ölkə başçısı ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata başlanılacağını və birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacağını açıqlamışdır. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı  çıxışı zamanı Prezident cənab İlham Əliyev yaxşı nəticə verəcəyinə ümid bəslənilən digər böyük yataqlar “Babək”, “Ümid” və “Azəri-Çıraq-Günəşli” haqqında da məlumat vermişdir.

Ölkə başçısı Azərbaycanda demoqrafik vəziyyətin çox müsbət olduğunu və əhalinin sayının artması ilə əlaqədar qaza olan daxili tələbatın  artdığını qeyd etmişdir. Eyni zamanda, sənayenin inkişafı da daxili təlabatın artması ilə nəticələnir. Bundan əlavə, 2020-ci ildə Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin qazlaşdırması üçün əlavə həcmdə qaza ehtiyac var. Cari ildən etibarən keçmiş qaçqınlar öz doğma torpaqlarına qayıdacaqdır. Ona görə də, əlavə qaza ehtiyac var. İşğaldan azad edilmiş ərazilər üçün xüsusi proqram var. Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir.

Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Azərbaycanın elektrik enerjisi potensialının əsasən daxili istehlaka hesablandığını qeyd edən cənab Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdə olduğuna diqqət çəkmişdir. Ölkəmizdə böyük həcmdə vəsait yatırılıb və elektrik enerji xətləri tamamilə müasirləşdirilib, habelə yeni elektrik stansiyaları tikilib. Ötən ay enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilməsi bu istiqamətdə görülən işlərdəndir. Azərbaycanın elektrik enerjisinə regional bazarda da ehtiyac var. Bu gün ölkəmiz dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir. Azərbaycanda bərpaolunan enerji mənbəyi nə qədər çox olarsa, ixrac üçün daha çox qaza qənaət edilə bilər.

Çıxışı zamanı cənab Prezident İlham Əliyev Xəzər dənizinin təsdiq olunmuş enerji yataqlarının qiymətləndirilməsinə dair xüsusi proqramın olduğunu bildirmişdir. İlkin rəqəmlərə əsasən Xəzər dənizinin texniki potensialı 150 min meqavatdan çoxdur və bu potensialın inkişafı ilə bağlı artıq aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər alınıb. Bir sözlə, Azərbaycan artıq uzun illərdir özünü etibarlı enerji mənbəyi kimi sübut edib.