YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Sovet ordusunun Bakıda törətdikləri qırğın, faşistlərin İkinci Dünya müharibəsində törətdikləri cinayətlərdən fərqlənmirdi

Kamilə Əliyeva

Milli Məclisin deputatı

Tarix boyu Azərbaycan xalqı heç vaxt zülmə, müstəmləkəyə boyun əyməyib. Xalqımız Vətən uğrunda, torpaq uğrunda, hər zaman bu amal uğrunda birləşib, mübarizə aparıb. Bu yolda qurbanlar verdik, şəhidlərimiz oldu, ancaq müstəmləkəyə boyun əymədik. 1990-ci il 20 yanvar tarixi həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqbal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə şanlı bir səhifə kimi yazıldı.

Həmin dövrlər Azərbaycanda hakimiyyətdə olanlar xalqın maraqlarına zidd hərəkətlərə yol verdiyinə və köləlik siyasəti yeritdiklərinə görə onların istefasını tələb edən, eləcə də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə etiraz etdiyinə görə o zamanki SSRİ rəhbərliyi Azərbaycan xalqını cəzalandırmaq qərarına gəldi. 1990-ci il yanvarın 19-dan 20-ə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi və digər güc strukturlarının hərbiçiləri Bakıya və Respublikamızın digər rayonlarına yeridildi. Fövqəladə Vəziyyət elan edilməsi barədə xalqa xəbərdarlıq edilmədi. Dinc əhali ağır hərbi texnikalardan və avtomatlardan atəşə tutularaq qətlə yetirildi. Fövqəladə Vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbiçilər 82 nəfəri amansızlıqla qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Fövqəladə Vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakıda daha 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə Vəziyyətin elan olunmadığı Neftçala rayonunda və Lənkəran şəhərində də dinc əhali öldürüldü. Törədilən bu cinayət 1990-ci ilin yanvarın ortalarından planlaşdırılmışdır. Azərbaycana göndərilən müdafiə nazirliyinin tərkibindəki hərbiçilərin əksəriyyəti erməni əsgər və zabitlərdən təşkil olunmuşdur. Hərbiçilər Bakinı zəbt etmək məqsədi ilə yanvarın 19-u saat 21:00 radələrindən müxtəlif istiqamətlərdən ağır hərbi texnikalar şəhər üzərinə yeririldi. Bu əməliyyatlar SSRİ Müdafiə Naziri Dmitri Yazov, SSRİ Daxili İşlər naziri Vadim Bakatin, SSRİ DTK sədr müavini Filip Bobkov tərəfindən həyata keçirilmişdir. Yanvarın 20-də Bakı şəhəri və digər rayonlarımıza ordu yeridilməsi və dinc əhalinin amansızlıqla qətlə yetirilməsi bəşəriyyətə qarşı yönəlmiş bir cinayət idi. Gözünü qan tutmuş sovet əsgərləri qocaları, qadınları, uşaqları belə qətlə yetirdilər.

Sovet ordusunun Bakıda törətdikləri qırğın, faşistlərin İkinci Dünya müharibəsində törətdikləri cinayətlərdən fərqlənmirdi. Dəhşətli faktlardan biri də o oldu ki, 1990-ci ilin 20 iyul tarixində SSRİ Baş Prokurorluğu hərbiçilərin hərəkətlərində cinayət tərkibinin olmaması barədə qərar çıxartdı.

Qanlı Yanvar hadisələri Azərbaycanlıların milli kimliyinin yaranmasına böyük təsir göstərdi, xalq müstəqil dövlət qurulması tələbi ilə ayağa qalxdı. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri, Azərbaycan Kommunist Partiyası Bakı şəhər Komitəsinin birinci katibi bu qırğınların qarşısının alınmasında heç bir tədbir görmədilər. O vaxtkı bəzi rəhbər şəxslər xalqa ekstremist damğası vurmaqdan belə çəkinmədilər.

Azərbaycan xalqının başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiymət verən şəxs ulu öndər Heydər Əliyev oldu. Bütün qadağalara baxmayaraq, öz həyatını təhlükəyə atan ulu öndər Heydər Əliyev 1990-ci il yanvarın 21-də Moskvadakı Azərbaycan Nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarının kim olduğunu dünya ictimaiyyətinə çatdırdı və onları ittiham etdi. Ulu Öndər Heydər Əliyev Bakıya qoşun yeridən SSRİ Rəhbərliyinin qərarını kəskin tənqid etdi və bunu təcavüz adlandırdı.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-ci il tarixli qərar qəbul etdi. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu il mart ayının 29-da Milli Məclisdə "1990-ci il yanvarın 20-də Bakıda törədilmiş faciələr haqqında" Qərar qəbul edildi. Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə "20 Yanvar Şəhidi" fəxri adı təsis edildi. Ümummilli Lider Heydər Əliyevin yolunu davam etdirən Prezident cənab İlham Əliyev 20 yanvar şəhidlərinin xatirəsinin uca tutulması və şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət yetirir. Prezident cənab İlham Əliyevin 19.01.2006-ci il tarixli "20 Yanvar Şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Fərmanı əsasən şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədi ilə təqaüd verilir.

Azərbaycan xalqı 1990-ci ilin yanvarında Azərbaycanın azadlığı uğrunda öz canını fəda vermiş insanları heç vaxt unutmayacaq. Bu insanların xatirəsi hər zaman anılacaq.

 

DİGƏR Xəbərlər Arxiv