YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucarda Birinci Qarabağ müharibəsi şəhidinin xatirəsi anılıb

Ucarda Birinci Qarabağ müharibəsi şəhidi Əlihəsənov Adət Əlişirin oğlunun şəhadətinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva və şəhid valideynləri rayonun Bərgüşad kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüb, ruhuna dualar oxuyublar.

Həmin qəbiristanlıqda Qarabağ uğrunda döyüşlərdə şəhid olan Azayev Heydər Əlövsət oğlunun, Gülaliyev Ayaz Hökümalı oğlunun, Cavadov Mirələm Məhyəddin oğlunun, Baloğlanov Elxan Əlihüseyn oğlunun, Mehdili Niftalı Qnyaz oğlunun məzarları, itkin düşən şəhid Xudaverdiyev Ramazan Abduləli oğlunun isə rəmzi məna daşıyan məzarı da ziyarət olunub. 

Sonra təşkilat nümayəndələri şəhidin ailəsi ilə birlikdə ehsan süfrəsində iştirak ediblər. Anası Növrəstə Əlihəsənova və döyüş yoldaşları Adət Əlihəsənov haqqında xatirələrini bölüşüblər.

Şəhidin yaxınları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 1973-cü il dekabrın 6-da Ucarda anadan olan şəhid Adət Əlihəsənov 1994-cü il yanvarın 12-də Beyləqan rayonunda şəhadətə yüksəlib. Vətən qəhrəmanı Prezidentin 24 iyun 2003-cü il tarixli Fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.