YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Media terminatorlarına qarşı milli düşüncəli jurnalistlər: gələcək ikincilərin olmalıdır

Ramil Vəlibəyov,

YAP Nizami rayon təşkilatının sədri

Media haqqında qanun layihəsi tam mətndə ictimaiyyətin diqqətinə təqdim olunanadək özünə media sahəsinin hüquq müdafiəçiləri deyənlər, “youtube”də, “facebook”da baxış, “like” arxasında qaçanlar sözün əsl mənasında ağızlarına gələni danışırdılar. Xüsusilə də, Sevinc Osmanqızı, Qənimət Zahid, Emin Hüseynov və başqaları hələ qanun layihəsinin preambulasını görməmiş ABŞ-dan, Fransadan ultimatumlar səsləndirir, qara yaxırdılar. Sanki düymə vahid mərkəzdən basılmışdı. Görülən mənzərə də o idi ki, Kozlariç kimilərdən maliyyələşənlər Human Rights Watch, Freedom House, RATİ hesabatlarına “tutarlı” dəlillər əlavə etmək üçün məqsədli anti-təbliğat kampaniyası qururdular.

Lakin qanun layihəsi tam mətndə ictimaiyyətin diqqətinə təqdim olunduqdan sonra bəlli oldu ki, uzun müddətdir aparılan qara piar sadəcə blef imiş. Qanun layihəsi ilə tanış olanlar əmin oldular ki, iddia olunanların əksinə olaraq, jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllü xarakter daşıyır, agentlik tərəfindən verilən jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər, eyni zamanda, media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildirlər. Eləcə də qanun sosial şəbəkələrin və “blogger”lərin fəaliyyətini tənzimləmir. Xüsusilə də, İnternet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər.

Yəni, bundan sonra da Azərbaycanda dövlət çevrilişlərinə, itaətsizliyə, terrora çağırış edən Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, dövlət başçısından tutmuş sadə vətəndaşlara qədər hər kəsin ünvanına küçə sözləri, təhqirlər yağdıran Məhəmməd Mirzəli, Orxan Ağayev, Manaf Cəlilov, Elşad Məmmədov, Vidadi İsgəndərli, mina partlayışı zamanı şəhid olmuş jurnalistlərə “zurnalist” deyən Dilarə Miriyeva, atası narkotik tranzitinə görə həbs edilmiş Təzəxan Mirələmli, anasını döydüyü üçün polis idarələrində izahatlar yazan Fatimə Mövlanlı, sifarişlə işləyən Mehman Hüseynov kimilər fəaliyyətlərinə davam edə biləcəklər. Onlar əllərində telefon, yaxud kamera qarşısında təxribat əməllərinə davam edəcəklər. Yenə də polis idarələri, məhkəmələr qarşısında şou göstərəcəklər, saxta məlumatları dövriyyəyə buraxacaqlar. Bir sözlə, adları çəkilənlər “çörəkpulu” mənbələrinin tapşırıqlarını rahat şəkildə yerinə yetirəcəklər. Yəni, təqdim olunan qanun layihəsi onlara ənənəvi fəaliyyətlərini qadağan etmir.

Belə olan halda isə əsas vəzifə sağlam, milli düşüncəli jurnalistlərin üzərinə düşəcək. Çünki radikalları obyektivliyə, vicdanlılığa dəvət etmək əbəssdir, əlavə zaman itkisidir. Bu mənada yalnız Azərbaycan dövlətinin və xalqının milli maraqlarına uyğun fəaliyyət göstərən jurnalistlər adları çəkilən media terminatorlarının təxribatlarını neytrallaşdırmalı, ictimaiyyəti dəqiq, qərəzsiz məlumatlarla təmin etməlidirlər. Burada iş müvafiq dövlət qurumlarının da üzərinə düşəcək ki, onlar da yalnış məlumatı zamanı keçməmiş təkzib etməli, həqiqəti cəmiyyətə təqdim etməlidir. Yəni, dezinformasiya cəbhəsinin darmadağın edilməsinə çalışılmalıdır.

Beləliklə də, ortaya çıxan məntiq onu göstərir ki, sözügedən qanun layihəsi qadağanedici deyil, tənzimləyici xarakterlidir. Qanun layihəsi daha çox jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, müəlliflik hüquqlarının qorunmasını təmin edəcək, mediaya dair vahid məlumat bazasının yaradılmasına imkan verəcək, informasiya mühitinin milliləşdirilməsini, daxili informasiya məkanının təhlükəsizliyini təmin edəcək. Əminliklə demək olar ki, “Media haqqında” Azərbaycan Respublikası Qanunu tamamilə demokratikdir, müasir dövrün tələblərinə cavab verir...