YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası tarixi zərurətdən və ictimai tələblərdən yaranmış partiyadır

“Yeni Azərbaycan Partiyası tarixi zərurətdən və ictimai tələblərdən yaranmış partiyadır. Məlumdur ki, 1990-cı illərin əvvəlində  Azərbaycanın bir dövlət olaraq mövcudluğu sual altında idi. Faktiki olaraq, Azərbaycan vətəndaş müharibəsi ərəfəsində idi. Ümummilli lider Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyindən  kənarlaşdırılmasından sonra Sovet imperiyası tərəfindən Azərbaycana qarşı aparılan siyasət, bunun nəticəsi olaraq  Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində respublikamızda mürəkkəb vəziyyət yaranmışdı”. Bu fikirləri YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

Tahir Budaqov bildirib ki, o dövrdə  Azərbaycan  müstəqilliyini elan etsə də, bu, formal xarakter daşıyırdı. Onun fikrincə, belə bir şəraitdə  Azərbaycanın gələcəyi böyük sual altında idi: “Respublikamızı düşdüyü bu ağır vəziyyətdən  dünya miqyaslı siyasi xadim Heydər Əliyev xilas edə bilərdi. Bu reallığı ziyalılar, mütərəqqi düşüncəli insanlar dərk edirdilər. 1992-ci ildə  məşhur 91-lərin müraciəti əsasında Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda  Yeni Azərbaycan Partiyası  təsis edildi.  YAP yaranandan qısa zaman sonra müxalifət partiyasından iqtidar partiyasına çevrildi, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq  Azərbaycanı bütün bu bəlalardan xilas edərək  inkişaf və tərəqqi yoluna çıxardı”.

Bu gün YAP-ın  fəaliyyətinin Heydər Əliyev ideyalarına əsaslandığını deyən partiyanın Mərkəzi Aparatının rəhbəri qeyd edib ki,  Heydər Əliyev siyasətinin layiqli  davamçısı, Prezident  İlham Əliyev partiyamızın rəhbəri kimi bu  ideyaların daha da inkişaf etdirilməsi, Azərbaycançılıq ideologiyasının təbliğ edilməsi, Azərbaycanın sosial-iqtisadi inkişafının təmin edilməsi yolunda daim böyük səylər göstərib.

“44 günlük Vətən müharibəsi də Heydər Əliyev yolunun Azərbaycan üçün yeganə, alternativsiz yol olduğunu bir daha təsdiqlədi. Biz bu gün Azərbaycan vətəndaşı olmağımızla qürur duyuruq.  Azərbaycanın müasir inkişaf modeli, Azərbaycanın tərəqqisi bir çox ölkələr üçün də nümunə ola bilər. Yeni Azərbaycan Partiyasının üzvləri, o cümlədən xalqımız bütün bu dövr ərzində - istər ümummilli lider Heydər Əliyev ətrafında, istərsə Prezident İlham Əliyev ətrafında həmişə sıx birləşib. Çünki getdiyimiz yol Azərbaycanı daim zəfərlərə aparır”, - deyə YAP Sədrinin müavini vurğulayıb.