YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Ümumrespublika uşaq forumları uşaqlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi baxımından vacib platformaya çevrilib

Bu gün fərqli ab-havada, qalib xalq olaraq Zəfər sevincindən doğan qürur və fərəh hissi ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna toplaşmışıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun cəsarəti və qəhrəmanlığı sayəsində Qarabağa qayıdışın birinci ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd edirik. Vətən müharibəsi nəticəsində qazanılan Qələbə, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan uşaqları üçün də yeni bir dönəmin başlanğıcı kimi, onların müdafiəsinin daha da gücləndirilməsi istiqamətində böyük imkanlar yaradır. Bu günləri bizə yaşatdıqları üçün Prezident İlham Əliyevə, Ordumuza, könüllü döyüşçülərimizə təşəkkürümüzü bildiririk. Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onları ehtiramla yad edir, qazilərə isə sağlamlıq arzulayırıq.

Bu sözləri Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, Foruma hazırlıq mərhələsində uşaqlar üçün maarifləndirici tədbirlər, dövlət qurumlarının rəhbərləri və digər tanınmış şəxslərlə görüşlər, eyni zamanda, yay məktəbi təşkil edilib.

Azərbaycan uşaqlarının ümumrespublika forumlarının 2009-cu ildən keçirildiyini qeyd edən komitə sədri deyib ki, bu tədbirlər uşaq hüquqlarının qorunması və təmini, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, qanunvericiliyin təkmilləşdirilməsi, dövlət proqramları və fəaliyyət planlarının hazırlanmasında, həyata keçirilməsində uşaqların fikirlərinin nəzərə alınması, eyni zamanda, onların əsas maraqlarının qorunması, uşaq iştirakçılığının təmin edilməsi baxımından çox vacib platformaya çevrilib. Forumların təşkili bir tərəfdən dövlət orqanlarının, ictimaiyyət nümayəndələrinin, vətəndaş cəmiyyətləri qurumlarının, eləcə də KİV-in diqqətini uşaqların hüquq və azadlıqlarının qorunmasının zəruriliyinə cəlb edilməsi baxımından əhəmiyyətlidir. Bu Forumun maraqlı və fərqləndirici cəhətlərindən biri də ondan ibarətdir ki, tədbir uşaqlar tərəfindən idarə edilir. Bununla da onlar idarəetmənin ilk addımlarını atırlar. Forum iştirakçıları bir qayda olaraq təhsil, sağlamlıq, sosial müdafiə, asudə vaxt, internet təhlükəsizliyi, uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu, vətənpərvərlik kimi mövzular ətrafında fikirlərini hökumət rəsmilərinə çatdırırlar. Onlar isə öz növbələrində uşaqların fikirlərinə münasibət bildirirlər.

“Bu il müstəqilliyinin bərpasının 30 illiyini qeyd edən Azərbaycan əhalisinin 26,2 faizini, yəni, 2 milyon 636,8 min nəfərini uşaqlar təşkil edir. Uşaqların sağlam ailə mühitində böyüməsi və tərbiyələnməsi, müasir standartlara uyğun keyfiyyətli təhsil alması, hər növ təzyiq və zorakı münasibətdən qorunması, xüsusilə həssas qrupdan olan uşaqlar üçün bütün imkanların təmin edilməsi dövlətimizin bu sahədə həyata keçirdiyi siyasətin prioritet istiqamətləridir. Müstəqilliyimizin və dövlətçiliyimizin xilaskarı, uşaqların sevimlisi olan ümummilli lider Heydər Əliyev tərəfindən 1990-cı illərdə əsası qoyulan bu siyasət bu gün çox böyük uğurla davam etdirilir”, - deyə Bahar Muradova qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv