YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyinin təşəbbüsü ilə “İşğaldan azad edilmiş ərazilərdə gənclərin dayanıqlı və fərdi inkişafı” mövzusunda videokonfrans keçirilib

Dekabrın 25-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşəbbüsü ilə “İşğaldan azad edilmiş ərazilərdə gənclərin dayanıqlı və fərdi inkişafı” mövzusunda videokonfrans keçirilib.

Tədbirin moderatoru YAP Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Ramin Məmmədov ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycan gəncliyi ölkəmizin hərtərəfli inkişafında fəal iştirak edir. Bu baxımdan, dayanıqlı inkişaf məqsədlərində, işğaldan azad edilmiş ərazilərin quruculuğunda gənclərin iştirakı vacib amildir.

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi   Hüseyn Hüseynov çıxış edərək bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ölkəmizin tarixində yeni bir dövrün başlanğıcıdır. Bu Qələbə yeni geosiyasi, iqtisadi reallıqlar yaratmaqla yanaşı, həm də mühüm tarixi proseslərin əsasını qoyur. Onun sözlərinə görə, hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır. Artıq dövlətimizin bu istiqamətdə fəaliyyətə başladığını deyən H.Hüseynov qeyd edib ki, prosesdə Azərbaycan gəncliyi də fəal iştirak etməlidir.

Milli Məclisin deputatı Nigar Arpadari tədbirdə çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsini tarixi hadisə kimi səciyyələndirib. Onun sözlərinə görə, növbəti mərhələlərdə insanların doğma yurdlarına qayıtması prosesi başlayacaq. Məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıtması Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq. Bu rayonların zəngin resursları, yaradılacaq yeni infrastruktur həmin ərazilərdə yaşayan insanların, o cümlədən gənclərin rifahına öz müsbət təsirini göstərəcək.

Təhsil nazirinin müavini Firudin Qurbanov gənclərin dayanıqlı inkişafının əhəmiyyətindən bəhs edib. O bildirib ki, təhsil dayanıqlı inkişaf məqsədləri arasında xüsusi yer tutur.  Cəmiyyətin inkişafında təhsil böyük əhəmiyyətə malikdir. Lakin heç də bütün ölkələrdə təhsil üçün əlverişli şərait yoxdur. Azərbaycan dövləti təhsilə xüsusi əhəmiyyət verir. Ölkəmizdə təhsilin inkişaf etdirilməsi üçün ardıcıl işlər görülür. Bu mənada gənclərin yüksək təhsil alması, yüksək bilikli vətəndaş kimi formalaşması onların dayanıqlı inkişafında mühüm rol oynayır. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərimzdə təhsil infrastrukturunun bərpa olunması öz müsbət nəticələrini göstərəcək.

Çıxış edən Gənclər və İdman nazirinin müavini  Fərhad Hacıyevisə bildirib ki, Azərbaycan gəncliyi bütün platformalarda ölkəmizi layiqincə təmsil edir. Onun fikrincə, gənclərimiz cəmiyyətimizin aparıcı qüvvəsi olaraq işğaldan azad edilmiş ərazilərimizin bərpasında da fəal iştirak edəcəklər. Eyni zamanda, həmin ərazilərimizdə yaşayışın bərpa olunması, həyatın canlanması gənclərin dayanıqlı və fərdi  inkişafına əhəmiyyətli təsirini göstərəcək.   

Tədbirdə həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da çıxış edərək işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri istiqamətində tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O, bu istiqamətdə təmsil etdiyi Dövlət Komitəsinin üzərinə düşən vəzifələrdən bəhs edib, bu məqsədlə layihələrin nəzərdə tuutulduğunu söyləyib.

Qeyd edək ki, tədbirdə bütün çıxışlar zamanı Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi ərzində qazandığı möhtəşəm qələbə xüsusi vurğulanıb, qələbənin əldə edilməsində gənclərimizin rolu qeyd edilib.

Sonda videokonfrans iştirakçılarının sualları cavablandırılıb.

DİGƏR Xəbərlər Arxiv