Xəbərlər
Karlovı Varıdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş qolf üzrə turnir və qəbul keçirilmişdir
Çexiyanın ən gözəl guşələrindən birində, dünya şöhrətli Karlovı Varı kurort şəhərciyinin yaxınlığında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş tədbirlər keçirilmişdir. Tədbirlər Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın Çexiyadakı səfirliyi və Karlovı Varıdakı fəxri konsulluğu tərəfindən təşkil olunmuşdur.
Qolf üzrə turnir Azərbaycanın Çexiyadakı səfiri T.Tağızadənin, fəxri konsul F.Mirzəyevin və Karlovı Varının keçmiş meri V.Qauptmanın iştirakı ilə açıq elan edilmişdir. Sigelnı klubunun (Cihelny) qolf meydanında keçirilmiş turnirdə 40-dan çox oyunçu, o cümlədən Çexiyanın PGA reytinqli ilk onluğundan iki peşəkar idmançı, habelə görkəmli çex siyasətçiləri, o cümlədən ölkənin qanunvericilik orqanı Senatının və Nümayəndələr Palatasının üzvləri iştirak etmişlər.
Turnirin yekunları üzrə qaliblərə Azərbaycanda istehsal olunmuş mükafatlar və qiymətli hədiyyələr təqdim edilmişdir.
Yarışlar başa çatdıqdan sonra səfirlik və fəxri konsulluq rəsmi qəbul keçirmişlər.
Tədbirdə çıxış edən Çexiya parlamentinin vitse-spikeri V.Filip istər dövlətlərarası, istərsə də insanlararası səviyyələrdə Çexiya-Azərbaycan münasibətlərinin səviyyəsindən çox razı qaldığını bildirmişdir. Onun fikrincə, Praqada Azərbaycan diplomatiyasının yeddi illik intensiv fəaliyyətindən sonra iki ölkə arasında münasibətlər dönməz xarakter almışdır.
Karlovı Varının meri Petr Kulqanek öz çıxışında rəhbərlik etdiyi şəhərin Çexiya-Azərbaycan əlaqələrinin inkişafında xüsusi rol oynadığını qeyd etmişdir.
Qeyd etmək lazımdır ki, Karlovı Varıda təşkil edilmiş tədbirlər Çexiya parlamentinin vitse-spikeri V.Filipin rəsmi himayəsi, ölkənin daxili işlər naziri M.Xovanetsin, xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə senat komitəsinin sədri Y.Regetsin, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Q.Kmoniçekin, Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi sədrinin müavini K.Koneçnanın, bir çox çex senatorlarının, habelə Çexiya və Slovakiya parlamentlərinin iyirmiyə yaxın deputatının iştirakı ilə Çexiya cəmiyyəti üçün misli görünməmiş yüksək siyasi səviyyədə keçmişdir. Qonaqlar arasında xarici ölkələrin Çexiya Respublikasında akkreditə olunmuş diplomatik missiyalarının rəhbərləri də olmuşlar.