Xəbərlər
Aprel döyüşlərində qazanılan böyük qələbə hər zaman qürurla xatırlanacaqdır
Səbinə Xasayeva
Milli Məclisin deputatı
Ermənistan elan etmədən başladığı müharibəni daha da genişləndirir, atəşkəs razılığına məhəl qoymadan yeni ərazilər işğal etmək niyyəti ilə hücumlarını, təxribatlarını davam etdirirdi. Azərbaycan Ordusunun hissələri bu hücumların qarşısını qətiyyətlə alırdı. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə 1994-cü il may ayının 12-də imzalanmış atəşkəsdən sonra Ermənistanın bu hücumu miqyasına və qoşun növlərinin iştirakına görə ən böyük hücum idi. Düşmən ön mövqelərimiizi, ön mövqelərə yaxın yaşayış məntəqələrimizi intensiv artilleriya atəşinə tutmuşdu, Ordu hissələrimizə əks-hücum əmri verildi. Bu əmr Azərbaycanın dövlətçilik tarixində Aprel döyüşləri kimi tarixləşdi.
2016-cı ilin əvvəllərində Müdafiə Nazirliyi bildirirdi ki, 2016-cı ilin 2 aprel tarixində səhər erkən saatlardan başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar törədib: “Bu müddət ərzində Ermənistan tərəfi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar edib. 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb. Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəyib. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılıb. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilib. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub”.
Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirdi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.
Döyüşlərin ilk günü düşmən ciddi itkilər vermişdi. Bu məğlubiyyət düşməni hərbi əməliyyata başlamasına – yenidən hücuma keçməsinə sövq etmişdi. Düşmən aprelin 4-də Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi. Döyüşçülərimiz müdafiədən hücuma keçməyə nail oldu, düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahını, döyüşə gətirilməkdə olan erməni könüllüləri ilə dolu avtobusunu sıradan çıxartdı.
Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri də məhv edildi. Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunmasına imkan verəcək Lələtəpə yüksəkliyi, ətrafındakı strateji ərazilər düşməndən azad edildi. Ermənistan silahlı qüvvələri Aprel döyüşlərində böyük itkilər verdi. Düşmənin 320-dən artıq canlı qüvvəsi, 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı, 30-dək tankı, zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Azərbaycan Ordusu Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılmasına nail oldu. Talış kəndi ətrafındakı yüksəkliklər, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Madagiz kəndi istiqamətində yollar düşməndən təmizləndi, ümumilikdə 2000 hektarlıq ərazi azad edildi, daha çox ərazini nəzarətə götürdü.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı, Moskvada Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında razılaşma əldə olundu və döyüşlər aprelin 5-də saat 12-dən etibarən dayandırıldı. 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun Horadiz əməliyyatından sonra ilk uğurlu döyüş əməliyyatı oldu və ordunun şəxsi heyətinin döyüş əzminin, qələbə ruhunun yüksəldilməsində tarixi stimul oldu.
