YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Aprel döyüşləri - Zəfər yolu” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Aprel döyüşləri - Zəfər yolu” adlı tədbir keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Aprel döyüşlərindən bəhs edən videoçarx nümayiş olunub.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov çıxış edərək bildirib ki, Aprel döyüşləri tarixi ədalətin və böyük zəfərin başlanğıcı olub: “Aprel qələbəsi xalqımızın Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, igid əsgərlərimizin Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad edilməsinə tam hazır olduğunu sübut etdi”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxışında Aprel döyüşlərinin yaratdığı ruh yüksəkliyindən və əhəmiyyətindən bəhs edərək qeyd edib ki, bu döyüşlər sonrakı böyük qələbələrin təməlini qoyub. O bildirib ki, dörd gün davam edən Aprel döyüşləri 44 günlük Vətən müharibəsində Şuşaya bayraq sancılması ilə nəticələndi. "Ardınca keçirilən antiterror əməliyyatları Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin azad olunması ilə yekunlaşdı. Bu, qəhrəmanlıq irsidir".

YAP İdarə Heyətinin üzvü,  YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov da çıxışında vurğulayıb ki, Azərbaycanın əldə etdiyi şanlı Zəfərin əsası məhz Aprel döyüşləri ilə qoyulub. Onun sözlərinə görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə xalq-dövlət-ordu birliyinin bariz nümunəsidir və uzun illərin işğalına son qoyulmasının qanunauyğun nəticəsidir.

Tədbirdə Aprel döyüşlərinin qazisi Bəxtiyar Feyruzi, universitetin müəllimləri Eldar Mehdiyev və Üzeyir Balakişiyev, Tələbə Gənclər Təşkilatının sədri İsrafil Abbasov və tələbə Sücayət İsmayılova da çıxış edərək şəhidlərin xatirəsinin daim ehtiramla yad olunduğunu və onların gələcək nəsillər üçün örnək olduğunu bildiriblər.

Sonda Gəncə Dövlət Universitetinin tələbələrinin hazırladığı “Qarabağ Azərbaycandır” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.