YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Qənizadə: “Amnesty International” təşkilatı Azərbaycana qarşı hər zaman qərəzli mövqe nümayiş etdirir

“Azərbaycanda mövcud olan demokratik mühit, bu istiqamətdə yürüdülən uğurlu siyasət, xalq-dövlət vəhdəti və sürətli inkişaf bir sıra Avropa və Qərb dövlətlərini, o cümlədən həmin dövlətlərin əlində oyuncağa çevrilmiş qərəzli beynəlxalq təşkilatları ciddi narahat edir. Həmin qərəzli beynəlxalq təşkilatlar əsassız hesabatları və reallıqdan tam uzaq olan yalanla dolu bəyanatları ilə ölkəmizin beynəlxalq aləmdəki reytinqinə xələl gətirmək və mənfi rəy formalaşdırmaq istəyirlər, ancaq xəbis niyyətlərinə nail ola bilmirlər”. Bu fikirləri  Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə deyib ki, zaman-zaman “Human Rights Watch”, “Freedom House”, “Amnesty International” kimi ermənipərəst dairələr tərəfindən maliyyələşən təşkilatlar ikili standartlardan və böhtandan əl çəkmir, yalanları ilə onlara olan inamı heçə endiriblər. Təbii ki, bu cür qərəzli təşkilatlar sıradan hesabatlar hazırlamırlar. Onların bu məsələdə hamisi rolunu məhz güclü erməni lobbisi oynayır. Bir çox hallarda bənzər təşkilatların şər-böhtan xarakterli hesabatları məhz özlərini “müxalifət”, eləcə də “insan hüquqlarının müdafiəsi” istiqamətində fəaliyyət göstərən QHT-lər adlandıran “beşinci kolon”un ötürdüyü yalan məlumatlar hesabına ictimailəşdirilir.

“Son illər Ermənistan ordusunun sərhədboyu ərazilərdə törətdiyi təxribatlara, bunun nəticəsində hərbçilərin və mülki əhalinin qətlə yetirilməsinə və ağır yaralanmalarına, yaşayış məntəqələrinin dağıdılmasına göz yuman beynəlxalq təşkilatlar, deyəsən, qəflət yuxusundan oyanırlar. Bunun da səbəbi Ermənistan ordusunun sentyabrın 27-dən başlayaraq həyata keçirdiyi genişmiqyaslı təxribatlarının qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması və əks-hücumlar zamanı düşməni darmadağın etməsidir. Görünür, ermənipərəst dairələr hələ də “güclü Ermənistan ordusu”nun qələbəsinə inanırmışlar. Ona görə də işğalçıların ərköyünlüyünə, təxribatlarına göz yumurdular. Azərbaycan Ordusunun bir-birinin ardınca qazandığı qələbələr, işğalda olan ərazilərimizin 27 ildən sonra azad edilməsi ermənipərəst dairələr kimi “Amnesty International” təşkilatını da yandırıb-yaxıb. Bunu təşkilatın ikrah hissi yaradan bəyanatı da təsdiqləyir. Həmin təşkilatın rəhbərliyinə Prezident İlham Əliyevin bəzi fikirlərini çatdırmaq istərdim: “Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar”-deyə, Ç.Qənizadə qeyd edib.