YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Əfəndiyev: Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinin qarantıdır

“Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Azərbaycanın Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücum etməyə cəhd göstərib. Ordumuzun operativ cavab tədbirləri nəticəsində düşmən böyük itki verərək geri oturdulub”. Bu fikirləri  Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Regionda böyük qüvvələrin maraqlarının toqquşmasının, habelə Ermənistan rəhbərliyinin öz xalqına xəyanətinin bölgədə sülhün və əmin-amanlığın bərqərar olunmasına maneə törətdiyini deyən deputat bildirib: “Azərbaycan rəhbərliyi uğurlu daxili və xarici siyasətini davam etdirməklə bir daha bölgədə sülhün qorunması, insan itkisinin olmaması, işğal altındakı ərazilərin qeyd-şərtsiz azad edilməsi istiqamətində səylə çalışır.

Xüsusilə də COVID-19 pandemiyasının vurduğu zərərin aradan qaldırılması, Azərbaycan vətəndaşının sağlamlığının qorunması, eləcə də təcavüz nəticəsində sərhəd bölgələrdə yerləşən rayon və kəndlərimizə dəymiş ziyanın operativ qaydada aradan qaldırılması diqqət mərkəzindədir”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il 20 iyul tarixli Sərəncamı ilə İşçi Qrupu formalaşdırılıb, rayon və kəndlərdə əhaliyə, infrastruktura dəymiş ziyanın dövlət tərəfindən kompensasiya olunması qərara alınıb. Xüsusilə də Tovuz rayonunun altı kəndində normal həyata qayıdışı bərpa etmək üçün təxirəsalınmaz işlərin görülməsi, əhalinin bir-birinə yaxından kömək göstərməsi xalqımızın əzmkarlığını və Vətənə sevgisini bir daha ifadə edir.

Avqustun 25-də Azərbaycanın Tovuz rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan 450 min manat vəsaitin ayrılması hökumətin əhalinin həyat şəraitinin təmin olunmasına dəstəyini nümayiş etdirir.

“İstər canını fəda edərək şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin ailələrinin, istərsə də öz ata-baba yurdundan didərgin düşən vətəndaşlarının rifah halının yaxşılaşdırılması üçün dövlət bütün imkanlarını səfərbər edərək ardıcıl işlər aparır. Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinin qarantıdır”, - deyə M.Əfəndiyev qeyd edib.