YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Yaponiyanın “World Investors TV” televiziyası yeni ildə ilk verilişini Naxçıvan Muxtar Respublikasına həsr edib

Yaponiyanın “World Investors TV” internet televiziyası yeni ildə ilk verilişini Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr edib.
Yanvarın 5-də AzərTAc-ın Yaponiyadakı bürosunun təşəbbüsü ilə canlı olaraq yayımlanmış verilişdə aparıcılar Kazuyasu İşida və Hiroko Ueyama Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası haqqında tamaşaçılara məlumat veriblər. K.İşidanın ötən ilin sonunda işıq üzü görmüş “Yaponların tanımadığı, sürətlə inkişaf edən ölkə - Azərbaycan” bələdçi kitabında bu qədim Azərbaycan torpağı haqqında da ətraflı məlumatların yer aldığı diqqətə çatdırılıb.
AzərTAc-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayevin də iştirak etdiyi verilişdə qeyd edilib ki, Azərbaycanın ən qədim ərazilərindən olan, “Şərqin qapısı” adlandırılan Naxçıvan dünya sivilizasiyalarının mərkəzlərindəndir. Azərbaycan xalqı bu diyarda tarixi çox qədimlərə gedib çıxan zəngin mədəniyyət yaradıb. Sistemli araşdırmalar sübut edib ki, Azərbaycanın tərkib hissəsi olan Naxçıvan 5 min ildən çox yaşı ilə dünyanın ən qədim yaşayış məskənlərindəndir. Naxçıvanın “İpək Yolu” kimi qədim ticarət yollarının qovşağında yerləşməsi bu ərazidə sivilizasiyanın inkişafına təkan verib.
Məhz bəşər övladının ilk mədəni nümunələrinin qorunduğu və Nuhun gəmisinin lövbər saldığı Gəmiqaya abidəsi, əsrlərə meydan oxuyan, yaşı min ildən çox olan Möminə Xatun türbəsi, azərbaycanlıların qəhrəmanlıq simvolu, 14 il Əmir Teymurun qoşunları ilə mübarizədə təslim olmamış Əlincə qalası Naxçıvanda yerləşir. Müqəddəs Qurani Kərimin “Əl- Kəhf” surəsində bəhs edilən Əshabi-Kəhf ziyarətgahı da məhz Naxçıvandadır.
Vurğulanıb ki, Naxçıvanda böyük dövlətçilik ənənələrinin əsası çox qədim dövrlərdən qoyulub. Hələ X əsrdə “Naxçıvan şahlığı”, XII əsrdə isə Atabəylər dövləti yaranıb. XVIII əsrdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı inzibati idarəçiliyin formalaşmasına mühüm töhfələr verib. XX əsrin əvvəllərində 1 milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmlənməsində və tarixi ərazisinin qorunmasında taleyüklü xidmətlər göstərib.
Bildirilib ki, Naxçıvanın muxtariyyəti dövlətçilik ənənələrinin davamı olaraq meydana gəlib. Naxçıvan Muxtar Respublikası 1918-1924-cü illərdə cərəyan edən gərgin siyasi proseslərin, daxili və xarici amillərin təsiri altında yaranıb. Naxçıvan əhalisinin qətiyyətli mübarizəsi, Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən Moskva və Qars müqavilələrinin imzalanması, bu sənədlər əsasında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının təşkil olunması ilə birlikdə qədim diyarın təhlükəsizliyi və gələcək inkişafı da təmin edilib.
Qeyd edilib ki, dünyada və regionda gedən gərgin tarixi və siyasi proseslər nəticəsində Naxçıvan Muxtar Respublikası XX əsrin sonlarında yenidən dünyanın qaynar nöqtələrindən birinə çevrilib. Sovet İttifaqının son günlərində yaranmış siyasi vəziyyətdən istifadə etməyə çalışan ermənilər məkrli planlarını davam etdirərək Naxçıvanı Azərbaycandan qoparmağa cəhd ediblər. Nəticədə Azərbaycan bir daha erməni terrorizmi ilə üzləşib. Ermənistan ərazisində yaşayan azərbaycanlılar öz ata-baba yurdlarından sürgün edilib, Qarabağ və Naxçıvan üzərinə silahlı hücumlar başlanıb.
Verilişdə vurğulanıb ki, əhalinin təkidli tələbi ilə 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etməyə razılıq verən ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü (1990-1993) Azərbaycan tarixinin möhtəşəm səhifələrindəndir. Ulu öndər Heydər Əliyev Naxçıvanı Azərbaycanın müstəqillik mübarizəsinin ideya və real fəaliyyət mərkəzinə çevirib. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın milli dövlət rəmzləri ilk dəfə Naxçıvanda qəbul edilib, Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb, Kommunist Partiyasının yerli orqanlarının işi dayandırılıb. Sovet qoşunları bölgədən çıxarılıb, aqrar islahatlar aparılıb, tarixi ədaləti və müstəqil dövlətçilik prinsiplərini bərqərar edən fərmanlar imzalanıb.
Verilişdə Naxçıvanın müalicəvi iqlimi, dərman bitkilərinin bolluğu, şəfalı mineral suları ilə fərqləndiyi də yapon tamaşaçıların diqqətinə çatdırılıb. Bildirilib ki, Naxçıvanın digər bir möcüzəli təbii səhiyyə ocağı “Duzdağ” Fizioterapiya Mərkəzidir. Təbii ehtiyatları 90 milyon ton təşkil edən bu mərkəz saf və təmiz duz istehsalı ilə yanaşı, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınıb.
Qeyd edilib ki, bu gün də Naxçıvan Azərbaycanın idarəçiliyində muxtar respublika kimi mövcudluğunu qoruyur və inkişaf edir. Ermənistan tərəfindən blokadaya alınmasına baxmayaraq, Naxçıvanın inkişafı gündən-günə daha da sürətlənir. Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi barədə Sərəncamına əsasən bu əlamətdar hadisənin yalnız Azərbaycanda deyil, dünyanın digər ölkələrində də qeyd olunması xüsusi vurğulanıb.
Verilişdə AzərTAc-ın “Gəzdim Azərbaycanı” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikası barədə çəkilmiş filmdən parçalar da tamaşaçılara təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv