YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Ermənistandan heç bir konstruktiv addım gözləməyə dəyməz

«2015-ci ildə Ermənistandan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı pozitiv nə isə gözləmək çox çətin məsələdir. Çünki, 2015-ci ildə Ermənistan qondarma “erməni soyqırımı”nın 100 illiyinə hazırlaşır. Ona görə də Ermənistandan heç bir konstruktiv addım gözləməyə dəyməz». Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki,  xeyli müddətdir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Böyük Sülh Sazişi”nin hazırlanması məsələsi aktuallaşıb. Onun sözlərinə görə, ötən ilin avqust ayının 10-da Rusiya prezidenti Vladimir Putinin, ardınca NATO-nun Uels sammitində ABŞ Dövlət Katibi Con Kerrinin, Parisdə Fransa prezidenti Fransua Ollandın təşkil etdiyi Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarında “Böyük Sülh Sazişi” ilə bağlı məsələ xüsusi diqqət mərkəzində saxlanılıb.

«Xüsusilə Paris danışıqlarında Fransa prezidenti Fransua Olland bu məsələ üzərində dayandı və onun vacibliyini qeyd etdi. Amma hadisələrin sonrakı gedişi onu göstərdi ki, Ermənistan tərəfi sanki ATƏT-in Minsk qrupu həmsədrlərinin bu bəyanatlara uyğun əməli addımlar atmayacaqlarının fərqindədir. Yəni, Ermənistan tərəfi dəfələrlə şahidi olub ki, sülh danışıqlarını pozduğuna və ya sülh danışıqlarını pozmaqla bağlı müxtəlif təxribatlara əl atdığına görə cəzaya məruz qalmayıb. Buna görə, Ermənistana münasibətdə heç bir təzyiq və təsir mexanizmləri işə salınmayıb. Bu vəziyyətdən yeganə çıxış yolumuz ölkə başçısı İlham Əliyevin də bildirdiyi kimi yalnız güclənməkdən keçir. Yalnız bu yolla biz Ermənistanı sülhə gətirə bilərik. Bu halda beynəlxalq hüquq, beynəlxalq təşkilatlar bizi müdafiə edəcək»- deyə, politoloq qeyd edib.