YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müstəqilliyini təmin edən böyük qayıdış

Milli Məclisin deputatı Ceyhun Məmmədov

15 İyun - Milli Qurtuluş Günü heç vaxt xalqımızın yaddaşından silinməyəcək tarixi bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı kimi tariximizə düşən bu gün ölkəmizin müstəqil bir dövlət kimi inkişafının başlanğıcı oldu. Xalqımız hər il Azərbaycan tarixində ən əlamətdar hadisələrdən biri olan bu günü böyük təntənə ilə qeyd edir. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bu gün Azərbaycan dövləti yaşadıqca millətin yaddaşında əbədi qalacaqdır.

Dövlət müstəqilliyimizin bərpasından ötən illərə nəzər saldıqda bir daha əminliklə söyləmək olar ki, həqiqətən də, tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Belə tarixi şəxsiyyətlər nadir hallarda yetişir və belə dühalar özləri tarix yaradırlar.
Azərbaycan xalqının böyük və dahi oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev məhz tarix yaradan əvəzolunmaz şəxsiyyət idi. Müasir Azərbaycan tarixinin 34 illik bütöv bir epoxası, bu illərdə xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində inkişafı və dirçəlişi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasına və xalqımızın uzun illərdən bəri arzuladığı müstəqilliyinə çatmasına nail olmuşdur. Azərbaycanın bu gün müstəqil dövlət kimi mövcudluğu üçün Heydər Əliyevə borcluyuq. Onun polad iradəsi və qətiyyəti, fədakar əməyi sayəsində müasir Azərbaycan dövlətinin möhkəm təməl üzərində bünövrəsi ucaldılıb. Heydər Əliyev deyirdi: “Doğma, canım, varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqəsinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram”.

1991-ci ilin oktyabrında öz dövlət müstəqilliyini ikinci dəfə qazanmış respublikamız 1993-cü ilin iyununa qədərki müddətdə böhran, xaos və anarxiya, çaxnaşmalarla qarşılaşmışdı, böhran son dərəcə kəskinləşmişdi. Belə bir ağır və çıxılmaz vəziyyətdə Azərbaycanın əsl xilaskara ehtiyacı vardı. Artıq hamıya aydın idi ki, nə o vaxtkı iqtidar, nə də o dövrdə hakimiyyətə iddialı olan müxtəlif qüvvələr ölkəni düşdüyü bu iflic vəziyyətdən çıxara bilməyəcək. Çıxılması mümkün görünməyən belə bir vəziyyətdə xalq öz fədakar oğlu Heydər Əliyevə müraciət etdi. Xalqımız yaxşı bilirdi ki, belə bir anda yalnız və yalnız Heydər Əliyev dühası milləti bu düşdüyü bəlalardan qurtara bilər. Xalq ayağa qalxdı və əldən getməkdə olan müstəqilliyinin nicatı üçün Heydər Əliyevi təkidlə Naxçıvandan Bakıya dəvət etdi. Xalqın çağırışına, taleyinə heç vaxt biganə olmayan ulu öndərimiz 1993-cü il iyunun 9-da respublika paytaxtına gəldi və iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin sessiyasında Ali Sovetin sədri seçildi. Heydər Əliyevin ölkə rəhbərliyinə bu böyük qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətdən xilas etdi. Ölkədə tüğyan edən hərc-mərclik, vətəndaş müharibəsi, qeyri-qanuni fəaliyyət göstərən silahlı dəstələr və digər xoşagəlməz mənfi amillərin qarşısının alınması üçün öz həyatını belə böyük təhlükə altına ataraq bu hallara qarşı kəskin mübarizə başladı və qısa bir zaman kəsiyində bu neqativ ünsürlərin, özbaşınalığın qarşısını birdəfəlik aldı, qanunsuz silahlı dəstələr tərksilah edildi. Azərbaycan parçalanıb məhv olmaq təhlükəsindən xilas olundu. Bu, böyük ürəkli, cəsarətli Vətən oğlunun öz milləti, öz Vətəni qarşısındakı misilsiz fədakarlığı idi. Həmin tarixi dövr xalqımızın taleyində dönüş anı, itirilmiş inamının qaytarılması, anarxiyadan sabitliyə və inkişafa doğru yeni bir mərhələ oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin dövrü belə xarakterizə etmişdir: “Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi -sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoyuldu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı”.

Ümummilli liderimiz Heydər Əliyev öz şərəfli və möhtəşəm fəaliyyəti ilə müasir, müstəqil Azərbaycan dövlətini yaratdı. Azərbaycanı həmişə müstəqil, inkişaf etmiş dünya dövlətləri sırasında görmək istəyən Heydər Əliyev bu barədə demişdir: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun olaraq istifadə olunmasında ulu öndər Heydər Əliyevin neft strategiyası mühüm əhəmiyyət daşınmışdır. 1994-cü il sentyabrın 20-də böyük dövlətlərin iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” və 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul zirvə toplantısında Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin inşa olunmasına dair bağlanmış saziş müstəqil Azərbaycanın iqtisadi inkişafında müstəsna rol oynadı. Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir. Respublikamız BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər mötəbər təşkilatların üzvüdür, NATO və Avropa Birliyi ilə sıx və işgüzar əlaqələr qurub. Heydər Əliyev yaratdığı iqtisadi-siyasi bazaya əsaslanaraq deyirdi: “İnanıram ki, Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”.

Ulu öndər hakimiyyətə qayıtdığı ilk gündən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini də daim diqqət mərkəzində saxlayaraq bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin etmişdir. Heydər Əliyev böyük siyasət ustadı olaraq hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. 1995-ci ildən Azərbaycanda aparılmış hüquqi islahatlar respublikada sabitliyin və inkişafın təməl prinsiplərini müəyyənləşdirmişdir. Heydər Əliyev ölkəmizin gələcək inkişaf istiqamətlərindən danışarkən demişdir: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur.

Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri də milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, proqmatik xarici siyasət kursunu dünyanın bir çox aparıcı dövlətləri ilə qarşılıqlı hörmət və əməksaşlıq prinsipləri əsasında qurmaq zərurəti yaratmışdı. Düşünülmüş xarici siyasət hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinə, mövcud problemlərin həllində mühüm amillərdəndir. Dövlətçiliyin, müstəqilliyin qorunması, milli təhlükəsizliyin təmin olunmasında əsas rol oynayır.

Ümummilli lider Heydər Əliyev fəaliyyətinin ilk günlədindən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər, ilk növbədə keçmiş səriştəsiz hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycanın ətrafənda formalaşmış çox qərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirdi, ölkəmiz Cənubi Qafqazın aparıcı lokomotiv dövlətinə çevrildi. Dahi öndərin xarici ölkələrə çoxsaylı səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, regional təşkilatlarla aparılan qərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verməyə başladı. Ümummilli liderin apardığı ardıcıl və məqsədyönlü siyasəti sayəsində beynəlxalq aləmdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktının tanınması və erməniləri işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti apararaq separatçı qurum yaratma cəhdinin təsdiqlənməsi, bu məsələnin BMT Baş Məclisinin sessiyasının gündəliyinə salınması, dünyanın ən nüfuzlu təşkilatların Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini bəyan edən, erməni silahlı qüvvələriniun Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyri-şərtsiz çıxarılmasını təmin edən, bu ərazilərdən qovulmuş, didərgin düşmüş əhalinin öz doğma, ata-baba yurd-yuvalarına qayıtma hüququnu təsdiq edən və işğal nəticəsində yaranmış vəziyyəti heç bir dövlətin qanuni hesab edə bilmədiyini vurğulayan qətnamə qəbul etməsi, ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərdə ermənilərin qeyri-qanuni olaraq məskunlaşdırılmasını etiraf etməsi Azərbaycanın xarici siyasət sahəsində apardığı qərgin və məqsədyönlü işin parlaq nəticəsi, Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində qazanılan çox mühüm diplomatik nailiyyəti idi.

Bugünkü qüdrətli Azərbaycan Respublikasının milli dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən xarici siyasət strategiyasının əsas istiqamətlərini uzaqgörən dahi, ulu öndər Heydər Əliyev müəyyənləşdirmişdir. Bu kursun əsas vəzifəsi dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarətdir. Bu prioritetlər bu gün də Azəerbaycan xarici kursunu əsas vəzifələrindən birini təşkil edir. Bu gün inamla deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulmuş, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmiş, bütün bunlar isə diplomatik reallıqlar fonunda respublikamızın imicini xeyli yüksəltmişdir. Azərbaycan bu gün artıq müstəqil dövlət kimi nüfuzlu beynəlxalq təşkilatlarda özünün maraq və mənafeyini maksimum dərəcədə təmin edib. Ölkəmizin beynəlxalq iqtisadi münasibətlər sisteminə qoşulması ilə sosial-iqtisadi, siyasi və təhlüqkəsizlik məsələlərinin tənzimlənməsində böyük nailiyyətlər əldə edilmişdir. Bütün bunlar ulu öndər tərəfindən əsası qoyulmuş, düşünülmüş və bu gün uğurla həyata keçirilən siyasətin nəticəsində əldə olunmuşdur. Prezidentliyə başladığı ilk gündən cənab İlham Əliyev Heydər Əliuyev siyasi kursunun davam etdiriləcəyini bir daha bəyan etdi:”Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zamanın tələbidir. Bu, yeganə siyasətidir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir”.

Dahi Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra onun iqtisadi-siyasi kursunu davam etdirə biləcək layiqli varis yetişdirməsidir. O, 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün qürur hissi ilə deyə bilərik ki, dahi Heydər Əliyevin dediyi sözlər, cənab İlham Əliyevə bəslədiyi ümidlər özünü doğruldur. 2003-cü ildə böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilən İlham Əliyev ötən 17 il ərzində ulu öndərin təməlini qoyduğu siyasi-iqtisadi kursunu qloballaşan dünyanın tələblərinə uyğun olaraq inam və ardıcıllıqla davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan dünyada böyük nüfuza, iqtisadi gücə malik ölkə kimi tanınır. Ölkəmiz iqtisadi artım tempinə görə dünya ölkələri sırasında lider mövqedədir. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, - deyən cənab İlham Əliyev, doğrudan da, hər bir azərbaycanlının Prezidenti oldu. Cənab Prezident İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən vurğulayıb ki, Azərbaycanda Heydər Əliyev siyasi-iqtisadi inkişaf kursu davam etdiriləcək. Çünki bu kursa alternativ yoxdur, bu kurs yüksək inkişaf və tərəqqi yoludur. Bu gün fəxrlə qeyd edirik ki, Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş uğurların miqyası olduqca böyükdür. Ötən 17 il ərzində İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrində davamlı islahatlar aparılmış, beynəlxalq aləmdə ölkəmizin nüfuz və hörməti artıb, sosial məsələlərə diqqət artırılıb, demokratik inkişaf yolu ilə gedən Azərbaycanda bütün azadlıqlar təmin olunub. Bu gün Azərbaycan xalqı öz taleyinin və milli sərvətinin sahibidir. Ulu öndərin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi. Ondan sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi Azərbaycanı qaz ixrac edən ölkəyə çevirdi. Regionda ölkəmizin iştirakı olmadan heç bir beynəlxalq əhəmiyyət daşıyan layihələr icra olunmur. Son illər bölgədə beynəlxalq əhəmiyyətə malik infrastruktur layihələrinin təşəbbüskarı və təşkilatçısı da məhz Azərbaycandır. Ötən ilin oktyabrında Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi də ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərdəndir. Bundan başqa, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin tikintisi də sürətlə aparılır ki, burada əsas təşəbbüskar məhz Azərbaycandır. Bu, dəhlizlərin istifadəyə verilməsi ilə ölkəmiz həm regionda, həm də dünyada böyük nəqliyyat mərkəzlərindən birinə çevriləcəkdir.
 

Dahi Heydər Əliyevin Azərbaycanda hakimiyyətə yenidən qayıdışından sonra bütün sahələrdə olduğu kimi respublikamızda dini etiqat azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi, milli- mənəvi dəyərlərimizin qorunub saxlanması və dini məbədlərimizin bərpası istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başladı. Uzun illərdən bəri fəaliyyətsiz qalan ibadət ocaqları bərpa edildi və yeni məscidlər inşa olundu və ya əsaslı təmir edildi. Məhz Heydər Əliyevin bu sahəyə diqqəti nəticəsində Azərbaycan Rspublikasının Konstitusiyasına dini etiqat azadlığı ilə bağlı mühüm maddələr əlavə olundu. Konstitusiyada ölkəmizdə fəaliyyət göstərən bütün dini icmaların, dinlərin bərabərhüquqlu, vətəndaşların etiqat azadlığı ön plana çəkildi. Bütün bu məsələlər 1996 və 1997-ci illərdə “Dini etiqat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklərdə özünü açıq şəkildə göstərdi. Beləliklə, dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyuldu, dövlətin din sahəsinə diqqət və qayğısı artdı. Dini etiqad azadlığının təmin olunmasında dini dözümlülük ənənlərinin möhkəmləndirilməsində mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlıq xüsusi rol oynayır. Heydər Əliyev bütün dinlərin dəyərlərinə hörmətlə yanaşır, tolerantlıq ənənlərini möhkəmləndirir, dini ədavət və düşmənçilik çağırışlarınn qarşısını alır, xalqlar, dinlər və sivilizasiyalararası dialoqun və əməkdaşlığın gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirirdi. Mütəmadi oıaraq Heydər Əliyev digər dini konfesiyaların rəhbərlərini qəbul edər, müxtəlif tədbirlərdə onlarla görüşər, fikir mübadiləsi aparardı.

Heydər əliyevin dini fəaliyyət sahəsində həyata keçirdiyi ən böyük xidmətlərindən biri də 2001-ci ildə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin  yaradılması olmuşdur. Dövlət Komitəsi yaradıldıqdan sonra ölkədə dövlət din münasibətlərində yeni bir mərhələ başladı və bu dövrdən başlayaraq dini etiqat azadlığının təmin olunmasına, dini icmaların ayin və mərasimlərin sərbəst yerinə yetirilməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və tolerantlıq ənənlərinin gücləndirilməsinə diqqət daha da artırıldı. Eyni zamanda radikal dini qruplaşmaların fəaliyyətinə nəzarət daha da gücləndirildi.

Ulu öndərin başladığı bi işi bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva uğurla davam etdirir, ölkəmizdə yeni-yeni məscidlər, kilsə və sinaqoqlar tikilir və dini təhsil ocaqları yaradılır. Məqsədyönlü həyata keçirilən bu tədbirlərin nəticəsidir ki, Azərbaycan bu gün dünyada multikulturalizm mərkəzlərindən birinə çevrilmişdir.