YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Virtual ictimai qeybət, mənəvi-siyasi iflas, yaxud “Milli şura”nın sonunun başlanğıcı...

Hikmət BABAOĞLU
Milli Məclisin deputatı

“Milli şura”nın koordinasiya mərkəzinin “zoom” vasitəsilə keçirilən iclasında baş verənlər artıq sosial şəbəkələrdə və mediada ikrah hissi yaradan bir hadisə kimi geniş müzakirə predmetinə çevrilib. Əslində, bu süni qurumun və onun üzvlərinin siyasi etika, mədəniyyət və əxlaq baxımından hansı səviyyədə olmaları hamıya bəlli idi. Ancaq görünür, onların hansı mövzuları necə müzakirə etmələri, hansı üslubdan istifadə etmələri, siyasət haqqında təsəvvürlərinin nədən ibarət olmaları, Qərb siyasətini necə dərk etmələri və ümumiyyətlə, siyasi və əxlaqi məsələlərə münasibətləri haqqında bilməyənlərdə də düzgün təsəvvürün yaranması üçün bu iclasın, ya da daha doğrusu, ictimai qeybətin bir daha açıq şəkildə sosial şəbəkələrdə yayılmasına ehtiyac var idi. Ona görə yox ki, cəmiyyətin bu ictimai qeybətə ehtiyacı var idi. Əsla yox! Ona görə ki, Azərbaycan cəmiyyəti bir daha əmin olmalı idi ki, “Milli şura” adlandırılan qurum kimlərdən ibarətdir, məqsədləri və məramları nədir... 
Bu baxımdan, həmin iclas adıçəkilən qurumun özünüifşası kimi yadda qaldı. Bir daha hər kəsə aydın oldu ki, ölkəmizdə hakimiyyətə iddia edən bu insanlar hansı siyasi və intellektual keyfiyyətlərə sahibdirlər, onlardan nə gözləmək olar və onlar nə üçün dialoqdan imtina edirlər, yaxud siyasi dialoq apara biləcək səviyyəyə malik deyillər... Ancaq məsələnin ikinci tərəfi də var. Bu isə ondan ibarətdir ki, sözügedən toplantıdakı özünüifşadan sonra onların “beşinci kolon” imiclərində də ciddi zərbə dəydi. Bir daha antiazərbaycançı mərkəzlərdən aldıqları direktivləri siyasətə transfer edib manipulyasiya edə bilməmək “qabiliyyət”ləri üzə çıxdı. Görünür, Gültəkin Hacıbəylinin də üzr istəməsi  konkret təbəqədən daha çox direktiv aldıqları mərkəzə şamil edilməlidir...

Virtual iclas “Milli Şura” üzvlərinin sosial kimliyinin lakmusu oldu  

Yuxarıda “Milli şura”nın  iclasını “virtual ictimai qeybət” adlandırdıq, ancaq  bu, qeybətdən daha aşağı səviyyəli bir hadisə idi. Çünki qeybət də onu edənlərin səviyyəsinə uyğun olaraq baş tutan müzakirə, yaxud dialoqdur. İfadə edilən fikirlər həmin söz sahiblərinin əxlaqi-mədəni keyfiyyətlərinin göstəricisi idi. Gültəkin Hacıbəylinin “Qabildir, Qalibdir, nədir... o yaramaz gədə”, yaxud “Xədicə sağ olsun, ağzına gələni onun statusunun altına yazdı” ifadələri, Rafiq Manaflının Hitlerin kimlərisə qırıb qurtarmamasına təəssüf etməsi və digər nüanslar həmin sözlərin müəlliflərinin sosial kimliklərinin lakmusudur. Ancaq bütün bunlar bir yana, iclas iştirakçılarından R.Manafovlının “Gültəkin xanım, kişi ......dən  başqa nə gözləyirsiniz” deməsi və işlədilən  əxlaqsız sözün olduqca adi və təbii qarşılanması bu tipli ifadələrin “Milli şura” üzvlərinin gündəlik leksikonu olduğunu göstərir. Belə olan halda, “şura”da olan mənəvi-siyasi iqlim də bir daha hamıya aydın oldu.

Gültəkin Hacıbəylinin siyasi məntiqi, ya da məntiqsizliyi

İndi isə bir qədər bu “siyasətçilər”in siyasi fəhmləri və siyasəti necə dərk etmələri məsələsinə toxunmaq lazımdır. Əgər bir siyasətçi, konkret olaraq Gültəkin Hacıbəyli Qərbin bir nömrəli prioritetini azlıqların hüquqlarının qorunması kimi başa düşürsə, bu, onun siyasi və məntiqi iflasıdır. Əgər “Milli şura” adlandırılan qurum demokratiya, insan hüquqları kimi universal dəyərləri mənimsəmiş və onun uğrunda mübarizə aparan bir təşkilatlanmadırsa, onda hər şeydən əvvəl qurumun öz daxilində bunlar təmin edilməlidir. Ancaq Gültəkin Hacıbəyli deyir ki “sədrimiz yazıbsa, sədrimizin fikri bizim ümumi fikrimizdir”... Bəs onda demokratiya və söz azadlığı hüququ harada qaldı və Siz başqalarını demokratiya, söz azadlığı, insan hüquqları uğrunda mübarizə apardığınıza necə inandıra bilərsininz? Deməli, bu dəyərlər də digər bütün fəaliyyətinizdə olduğu kimi, sizin əlinizdə bir istismar alətidir və təəssüf ki, bu alət ictimai maraqlarımızın əleyhinə işləyir. İctimai  virtual qeybətin maraqlı məqamlarından biri də yenə Gültəkin Hacıbəylinin “Eldəniz Quliyevin cəbhəyə nə aidiyyatı var” deməsidir. Necə aidiyyatı yoxdur ki, dünənə qədər Eldəniz Quliyev “Milli şura”nın koordinasiya şurasının üzvü kimi AXC-nin müttəfiqi idi. Siyasətlə məşğul olan hər kəs bilir ki, eyni siyasi çətir altında yalnız eyni maraqları və eyni düşüncələri olan insanlar fəaliyyət göstərə bilər. Bu mənada, Eldəniz Quliyevə AXCP eyni təşkilatda siyasi müttəfiqlər idi. Yalnız məlum iclasdan sonra Eldəniz Quliyev istefa verdiyini bildirdi... 

Ancaq “siyasətçi olmayıb siyasətə qulluq etdirilənlər” özlərini belə  ifşa edə bilərlər   

Virtual ictimai qeybətdə diqqət çəkən daha bir məqam isə sosial şəbəkələrdə “Milli şura”nın fəaliyyətini izləyən və ona münasibət bildirən ictimai fəalların mövqeyi idi. Ancaq bundan daha maraqlısı həmin mövqelərin Gültəkin Hacıbəyli tərəfindən səsləndirilməsi və özünəməxsus tərzdə qiymətləndirilməsi idi. Əslində, bu fikirlər həmin quruma olan münasibətin göstəricisidir və sosial-siyasi mesaj kimi də düzgün başa düşülməlidir. Gültəkin Hacıbəyli yazılan şərhlərdən şikayətlənərkən deyir ki “...İsmayıl ...nə dəhşətli bir şeydir... şüvənlik edir, yaxud bizi qoruyun Əli Kərimlinin əlindən, bizi qoruyun cəbhənin əlindən, cəbhə bizi öldürür, cəbhə bizi məhv edir...” və s... Göründüyü kimi, təkcə bir iclasın kiçik bir epizodu, əslində, “Milli şura”da toplaşanların kim olduğunu, dünyanı və dünya siyasətini necə dərk etdiklərini, hansı mənəvi-siyasi və əxlaqi dəyərlərə sahib olduqlarını ifşa etməyə yetir. Belə olan halda, nə üçün dialoqdan imtina etdikləri də, siyasətə qərəzli yanaşmaları da, radikal mövqeləri də, nəhayət, xalq tərəfindən dəstək ala bilməmələri də aydın olur. Siyasət ciddi fəaliyyət növüdür, hər cür qeybətdən, korporotiv maraqlardan üstündür. Əsl siyasət xalqa və onun maraqlarına xidmət etməlidir. Yalnız belə olduğu təqdirdə, o siyasət xalq tərəfindən dəstəklənir...

Ağıllınız kimdir ? ...qabaqda gedən Cəmil Həsənli...

Baş verən bütün bu rüsvayçılığa nəhayət Cəmil Həsənli münasibət bildirərək yenə də hər şeydə hakimiyyəti ittiham edir. Əgər belə demək mümkündürsə, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, davranışları, siyasi mədəniyyəti, üslubu, məntiqi, hadisələrə yanaşma tərzi, məntiqsizliyi əsla onu maraqlandırmır. Ona görə ki, əqidədaşları ilə dediyimiz bütün dəyərləri o da eyni dərəcədə paylaşır, onlardan biridir, onlardan fərqlənmir. Hətta iclasdakı qeyri-əxlaqi və qeyri-siyasi mühitin fərqidə belə deyil, çünki sadəcə, belə şeylərin fərqində olacaq keyfiyyətlərə sahib deyil. Ona görə də, görünür, yeni öyrəndiyi kibercinayətkarlıq terminini tez-tez təkrarlamaqla hakimiyyəti ittiham etməyi ən ağıllı hərəkət hesab edir. Əlbəttə, siyasi fəaliyyətin məqsəd və məramı milli maraqlara xidmət etmək olmadıqda, siyasi hesabat verəcəyin subeykt xalq olmadıqda, nə siyasi əxlaqa, nə ictimai məsuliyyətə, nə də mədəniyyətə ehtiyac var. Ona görə də “Milli şura” üçün bu dəyərlər bir heçdir. Çünki hesabat verdikləri subyekt xalq deyil, onlara direktiv göndərən antiazərbaycançı mərkəzlərdir.