YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycan ictimaiyyəti ölkədə aparılan islahatları dəstəkləyir

“Dünyanın inkişaf etmiş, ayrı-ayrı ölkələrinin tarixini nəzərdən keçirsək dövlətlərdə baş verən köklü dəyişikliklər və əldə olunan uğurlar bu islahatları həyata keçirən liderlərin adı ilə bağlı olub”. Bu fikirləri  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Müasir Azərbaycanın Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplər, onun yaratdığı möhkəm dövlətçilik təməli üzərində qurulduğunu deyən deputat söyləyib ki, həmin prinsipləri əsas tutaraq, Prezident İlham Əliyev XXI əsrdə qloballaşan dünyanın çağırışlarına cavab olaraq, ölkəmizdə yaxın, orta və uzaq məsafə üçün uzunmüddətli, dayanıqlı inkişaf strategiyasını müəyyən etmişdir: “Bu mənada Ulu öndər Heydər Əliyev çağdaş müstəqil dövlətimizin banisi kimi, xalqın xilaskarı kimi tarixə yazılacaqsa, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın qurucu və islahatçı Prezidenti kimi tarixə yazılacaq”.

M. İbrahimqızı bildirib ki, hazırda koronovirus pandemiyası ilə əlaqədar dünyanın çətin durumda olmasına baxmayaraq, ölkəmizdə 2018-ci ildən bütün sahələrdə - sosial, iqtisadi, siyasi, kadr və struktur islahatlarının bu gün də ardıcıl və davamlı strategiya və fəaliyyət planı üzrə davam etməsi Prezident İlham Əliyevin qəti siyasi iradəsinin nəticəsidir: “Möhtərəm Prezidentimizin sözləri ilə desək islahatlar olmasa ölkənin tərəqqisi də olmaz. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, qətiyyətli siyasəti nəticəsində reallaşan struktur və kadr islahatları, korrupsiyaya qarşı aparılan mübarizə, ədaləlilik, qanunun aliliyi və insanların qanun qarşısında bərabərliyinin təmin olunması bu məsələlərin Onun əsas fəaliyyət prinsipi olmasından xəbər verir. Kadr islahatları çərçivəsində nəzərdə tutulan təxirə salınmaz tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında da mühüm rol oynayır. Bu mənada prokurorluq sistemində də gənc və peşəkar kadrların irəli çəkilməsi prioritetlərdən biri olmalıdır”.

M.İbrahimqızı söyləyib ki, Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən islahatların gələcəkdə davam etdirilməsinin aydın konturlarını bugünlərdə yeni təyin olunan Baş prokuror Kamran Əliyevi videoformatda qəbulu zamanı bir daha səsləndirdi: “Ölkə başçısı qeyd etdi ki, bundan sonra da qanun aliliyi, ədalət prinsipi, heç kəsin siyasi baxışlarına görə təqib edilməməsi və sosial rifah dövlət siyasətinin önəmli strateji xəttini təşkil edəcək. Möhtərəm Prezident İlham Əliyev bu görüşdə dövlətimizin siyasi sistemiminin möhkəmləndirilməsi, siyasi proseslərin sağlam zəmində gücləndirilməsinin vacibliyi, genişmiqyaslı siyasi islahatların aparılması yeni siyasi konfiqurasiyanın formalaşmasına güclü təkan verdi. O, siyasi baxışına görə vətəndaşın təzyiq edilməsi və ya təqib edilməsinin yeni siyasi konfiqurasiya tələblərinə və şərtlərinə zidd olduğunu vurğuladı. Möhtərəm Prezidentimiz Baş Prokurora prokurorluq orqanlarında peşəkar və gənc kadrların önə çəkilməsinin zəruri olduğunu deyərək onun gələcək fəaliyyətində bu amilərə əməl etməyi tapşırdı”.

M. İbrahimqızı vurğulayıb ki, bununla yanaşı dövlət başçısı ölkəmizdə həyata keçirilən islahatların daha uğurlu və səmərəli olmasında mühüm əhəmiyyət daşıyan, dövlətin istər yerli icra strukturlarında, istərsə də yüksək çinli məmurları arasında rüşvətxorluq və korrupsiya hallarına qarşı mübarizədə heç bir güzəştin olmayacağını və bu mübarizədə Prokurorluğun ön sırada olacağına əminliyini bildirdi: “İcra və mərkəzi icra strukturlarında, korrupsiyaya bulaşmış yüksək vəzifələrdə çalışanlara qarşı daha amansız mübarizə bunun bariz nümunəsidir. Digər tərəfdən siyasi baxışları fərqli olan bütün qüvvələrin normal fəaliyyətinə maneçilik yaratmamaq, ölkəmizin inkişafında onların da töhfə vermələrinə, eləcə də onların da dövlət idarəçiliyində təmsil olunmasına imkan yaradılması yeni siyasi konfiqurasiyada yeni münasibətlərin formaşlaşdığını nümayiş etdirməlidir”.

Deputat qeyd edib ki, ölkə başçısının videoformatda keçirdiyi qəbul zamanı səsləndirdiyi fikirlər və mesajlar əslində bütün ölkə ictimaiyyətinə, xüsusən də vəzifəli şəxslərə aiddir: “Yəni bu çıxışdan hər kəs dərs çıxarmalıdır. Ötən ildən ölkədə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən rüşvətxorluğa və korrupsiyaya qarşı çox barışmaz, prinsipial və davamlı mübarizə aparılmasına baxmayaraq, əgər yüksək dövlət məmuru yenə də çirkli,  vicdansız əməllərlə məşğuldursa, deməli onların ya eşitmə funksiyalarında, ya dərk etmək qabiliyyətlərində problem var, ya da ki qış yuxusundadırlar. Ən əsas odur ki, Azərbaycan ictimaiyyəti möhtərəm Prezidentimizin həyata keçirdiyi hər bir siyasəti, eləcə də son illərdə aparılan islahatları dəstəkləyir və onun arxasında olduqlarını bildirirlər”.