YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq elmi-nəzəri konfrans keçirilib

Dekabrın 16-da Mərkəzi Alimlər Evində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mədəniyyətlərin dialoqu: sosial, siyasi və dəyər aspektləri” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sədrliyi ilə konfransın təşkilat komitəsinə fəlsəfə elmləri doktoru, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti Aleksandr Çumakov, Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü, hüquq elmləri doktoru, REA-nın Dövlət və Hüquq İnstitutunun insan hüquqları bölməsinin müdiri Yelena Lukaşeva, fəlsəfə elmləri doktoru, Rusiya Federasiyasının prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru Nizami Məmmədov kimi tanınmış alimlər daxil idi. Konfransın iştirakçıları müasir dövrün aktual məsələlərini – mədəniyyət anlayışının çoxmənalılığı, mədəniyyətin inkişafında şəxsiyyət amili, mədəniyyətlərin vəhdəti və müxtəlifliyi, mədəniyyətlərin qarşılıqlı təsir forması olan dialoq, mədəniyyətlərin dialoqunun germenevtik funksiyası, siyasi dialoqun zəmini kimi mədəniyyətlərin dialoqu, mədəniyyətlərin dəyər konvergensiyası və beynəlxalq hüququn inkişafı, qlobal təfəkkür üsulunun formalaşmasının mədəni konteksti, dünya mədəniyyətinin təşəkkülü, təcrübələrin müxtəlifliyi və universal dəyərlər barədə məsələləri müzakirə ediblər.
Mərkəzi Alimlər Evinin qədim Malaxit zalında Rusiya paytaxtının akademik elminin tanınmış nümayəndələri toplaşmışdılar. Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfransda Azərbaycan xalqının Ümummilli Liderini sağlığında tanıyan, Moskvada onunla işləmiş alimlər iştirak edirdilər. Gənc alimlər öz çıxışlarında Ulu Öndərin siyasətinin və strategiyasının uzaqgörənliyini və müdrikliyini xüsusi vurğulayıblar.
Konfransı AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə açıb. O, zaman və nəsillərin dialoqunda Heydər Əliyevin rolu haqqında məruzə ilə çıxış edərək bildirib ki, Heydər Əliyev azərbaycanlıları birləşdirən bir şəxsiyyətdir. Onun sözlərinə görə, əsas birləşdirici amil təhsil, elm və mədəniyyətdir. İ.Məmmədzadə deyib: “Bu amillərin köməyi ilə Heydər Əliyev azərbaycanlıları Sovet İttifaqının ən yaxşı ali məktəblərinə təhsil almağa göndərməklə xalqları və mədəniyyətləri birləşdirirdi. Bu gün bu missiyanı Azərbaycan Prezidenti İlham Əliyev davam etdirir”.
Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundova 1993—2003-cü illərdə Azərbaycan-Rusiya münasibətlərinin təşəkkülündə Heydər Əliyevin rolundan danışıb. E.Axundova qeyd edib ki, Rusiya ilə, onun liderləri ilə qarşılıqlı münasibətlərdə Heydər Əliyev çox vaxt sağlam praqmatizm nümayiş etdirirdi. 2001-ci il yanvarın 9-10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Bakıya ilk rəsmi səfəri nəticəsində Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətlərində əsl dönüş baş verdi. Bu və növbəti görüşlərdən sonra Heydər Əliyev Azərbaycan ilə Rusiya arasında yüksək etimad ruhunun yarandığını, habelə ikitərəfli baxımdan çətin həll olunan məsələ qalmadığını bildirmişdi.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev ölkəmizin RF-dəki fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun adından konfrans iştirakçılarını salamlayıb. O, Azərbaycan ilə Rusiya arasında münasibətlərin möhkəmlənməsində və inkişafında bu beynəlxalq elmi-nəzəri konfransın əhəmiyyətini və belə tədbirlərin rolunu xüsusi vurğulayıb.
Fəlsəfə elmləri doktoru, professor, Rusiya Estetika Assosiasiyasının prezidenti Konstantin Dolqov “Qloballaşma dövründə mədəniyyət” adlı məruzəsində müasir dövrün mühüm problemlərinə toxunub. O, Ümummilli Liderlə birgə işlədiyi illəri xatırlayaraq qeyd edib ki, Heydər Əliyev Sovet İttifaqı üçün müstəsna əhəmiyyətli məsələlərdə - səhiyyə, təhsil, BAM və s. məsələlərdə ən düzgün yolları seçirdi. K.Dolqov deyib: “O, hər baxımdan qeyri-adi insan idi”.
REA-nın Fəlsəfə İnstitutunun direktoru Abdusalam Hüseynovun sözlərinə görə, konfransda müzakirə olunan məsələlər siyasi aspektlə yanaşı, mühüm nəzəri əhəmiyyət kəsb edir.
Professor P.Qureviçin “Mədəniyyətlərin dialoqu” ifadəsinin arxasında nə gizlənir?”, akademik A.Çumakovun “Müasir dialoqun mədəni-sivilizasiya əsasları”, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki V.Fedotovanın “Müasir dünyada kommunikasiya və dialoq”, fəlsəfə doktoru A.Gözəlovun “Mədəniyyətlərin dialoqunda milli diasporların rolu” məruzələrində qeyd edilib ki, Heydər Əliyev qloballaşmanın mahiyyətinə fəlsəfi baxımdan qiymət verərək ən yeni dövrün çağırışlarını layiqincə qarşılaya bildi. O, güclü dövləti yeni demokratik inkişaf potensialı ilə, tarixi ənənəni modernləşmə ilə birləşdirdi. Ümummilli lider Heydər Əliyev güclü daxili potensiala malik yeni milli dövlət sistemi yaratdı. O, Azərbaycanın siyasi və işgüzar elitasının qlobal dünyaya inteqrasiyası üçün zəmin yaratdı. Hazırda bu xətti Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.
Sonda konfransın iştirakçıları yekdilliklə belə qənaətə gəldiklərini bildiriblər ki, sivilizasiyaların qarşılıqlı təsirinin tədqiqi, gələcəkdə bu mürəkkəb mövzunun tarixi, fəlsəfi, sosioloji, politoloji, hüquqi, psixoloji və digər aspektlərinin üzə çıxarılması sahəsində işi davam etdirmək lazımdır.