YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Ölkə Prezidentinin tövsiyələri Milli Məclisin yeni tərkibinin fəliyyətinə böyük stimul oldu

Ölkə Prezidenti İlham Əliyevin milli maraqlara söykənən balanslaşdırılmış praqmatik siyasəti sayəsində ölkədə bütün sahələrdə aparılan islahatlarla yanaşı qanunverici orqan kimi Milli Məclisə növbədənkənar şəffaf seçkilərin keçirilməsi , yeni tərkibin formalaşdırılması zərurətdən, dövrün tələbindən irəli gəldi. Siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan müstəqil Azərbaycanın Parlamentinin yeni tərkibi də ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsinə öz töhfəsini vermək əzmindədir.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, ölkə Prezidentinin VI çağırış Milli Məclisinin ilk iclasında söylədiyi kimi islahatların dərinləşməsi, əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. “Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir”-deyə Prezident İlham Əliyev qanunvericilik sahəsində deputatlar qarşısında böyük vəzifələrin durduğunu diqqətə çatdırdı və daha çox keyfiyyətə fikir verilməsini tövsiyə etdi.

Prezident İlham Əliyevin millət vəkillərinin xüsusi ilə beynəlxalq fəaliyyəti ilə bağlı dəyərli məsləhətləri bizi daha məsuliyyətli olmağa, Azərbaycan həqiqətlərini dünyaya çatdırmalmasında daha fəal olmağa ruhlandırdı.

Deputatların bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətləri ortaya qoymalı olduqlarını bildirən ölkə Prezidenti vurğulayıb ki, XX əsrin əvvəllərində Rus imperiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir görəsən ki, orada indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Bunu demək lazımdır, o xəritələri gətirmək lazımdır. İşğal edilmiş indiki torpaqlarımızın xəritələrini gətirmək lazımdır. Bütün beynəlxalq təşkilatları, orada fəaliyyət göstərən nümayəndələri tanış etmək lazımdır. Eyni zamanda, müsəlman ölkələrinin parlamentlərinin nümayəndələri ilə görüşlər əsnasında mütləq ermənilər tərəfindən dağıdılmış məscidlərimizin şəkilləri göstərilməlidir.

Proqram xarakterli çıxışı ilə dövlət Başçısı bu məlumatı kifayət qədər çatdıra bilmədiyimizi qeyd edərək, bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan bütün təşkilatlarda biz fəal olmalıyıq, hücum diplomatiyası aparmalıyıq, çünki haqq-ədalət bizim tərəfimizdədir.

Bəli, Prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubu kimi motəbər bir forumun tribunasından "Qarabağ Azərbaycandır və nida işarəsi!" bəyanatından, MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında tutarlı faktlara əsaslanan nitqindən sonra Münxen müzakirəsi zamanı səsləndirdiyi tutarlı cavablarından sonra biz millət vəkillərinin də üzərinə böyük məsuliyyət düşür.

İnanırıq ki, Milli Məclisin yeni tərkibi müstəqilliyimizin qorunması və müdafiəsi naminə normativ-hüquqi bazanın möhkəmləndirilməsinə töhfələrini verməklə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində daha məqsədyönlü fəaliyyət göstərəcəklər. Ölkə Prezidentinin dediyi kimi beynəlxalq qurumlarda deputatlar dünya içtimaiyyətində Ermənistanın işğalçı siyasəti haqqında aydın fikir yaratmalı, Azərbaycanın ədalətli mövqeyi, dəqiq faktlar qarşısında açiz duruma düşən paşinyanların iç üzünü dünyaya nümayiş etdirməlidirlər.