YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaur Əliyev: İcbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissəsidir

“İcbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissəsidir. İcbari tibbi sığorta səhiyyənin maliyyələşməsinin yeni formasıdır və sistemin tətbiqi səhiyyə sisteminin maliyyə potensialını gücləndirəcək. İcbari tibbi sığortanın tətbiqi nəticəsində tibb müəssisələrinin idarəedilməsi təkmilləşəcək, əhalinin tibbi xidmətlərə əlçatanlığı artacaq, səhiyyə müəssisələri, eləcə də tibb işçiləri arasında sağlam rəqabət mühiti yaranacaq”. Bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

Z.Əliyev bildirib ki,  ölkə üzrə icbari tibbi sığortanın tətbiqi məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə verilən tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturu qurulur. Bu fəaliyyət tibb müəssisələrində İKT-nin imkanlarından istifadə etməklə, icbari tibbi sığortanın məlumat bazasının, habelə müvafiq proqram təminatının yaradılması və geniş tətbiqi məqsədini daşıyır.

Proqram təminatı vətəndaşın elektron qaydada qeydiyyatının aparılmasına, pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator, diaqnostik və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradacaq. Həmçinin vətəndaşların diaqnozları və laborator analizlərinin nəticələri haqqında məlumatları rahatlıqla əldə etmələrinə xidmət edəcək.

“Xəstəxanalara müraciət edən vətəndaşların elektron qaydada qeydiyyatının aparılması zamanı şəxsiyyət vəsiqəsinin qeydiyyatçıya təqdim olunması mütləqdir. Bunun üçün hər bir vətəndaşdan tibb müəssisəsinə gəldikdə şəxsiyyət vəsiqəsinin gətirilməsi xahiş olunur. Eyni zamanda, hər bir vətəndaş bilməlidir ki, səhhətində yaranan problemlə əlaqədar (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) ilk növbədə şəxsiyyət vəsiqəsi ilə birgə öz ailə həkiminə (ilkin səhiyyə müəssisəsi/Ailə Sağlamlıq Mərkəzi) müraciət etməlidir. Ailə həkimi uşaqların və böyüklərin xəstəliklərinin profilaktikası, diaqnozu və müalicəsi ilə məşğul olan həkimdir. O vətəndaşı müayinə/müalicə etdikdən sonra xəstəliyi ilə bağlı ixtisas həkimi tərəfindən müalicəyə ehtiyac gördükdə ixtisas həkiminə göndəriş verir. Bundan sonra ailə həkiminin göndərişi əsasında vətəndaş tibb müəssisəsinə (ixtisas həkiminə) müraciət edə bilər”-deyə, Z.Əliyev vurğulayıb.