YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Səbail rayon təşkilatında qadın seçicilərlə görüş keçirildi

Bu gün, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində 2019-cu il 23 dekabr tarixində keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin rayonun qadın seçiciləri ilə görüşü keçirildi.

Görüşü giriş sözü ilə açıq elan edən YAP Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramov Səbail rayonunun ictimai-siyasi həyatında yaxından iştirak edən fəal qadınları Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev adından salamladı və 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Səbail rayonunda seçicilərlə keçirilmiş çoxsaylı görüşlər haqqında tədbir iştirakçılarına məlumat verdi. Ülvilik, gözəllik rəmzi olan Azərbaycan qadınlarının milli-mənəvi dəyərlərimizin qorunması, yaşadılması və gələcək nəsillərə aşılanmasındakı müstəsna rolu haqqında danışan Aparat rəhbəri vurğuladı ki, qadınlarımız bütün dövrlərdə respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində cəmiyyətimizin ən öndə gedən zümrəsi olmuşlar. Ölkə əhalisinin 51%-ni təşkil edən qadınlar bu gün respublikamızın ictimai-siyasi həyatında da fəal iştirak etməklə, dövlətçiliyimizin möhkəmləndirilməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlər göstərirlər. Bu gün Azərbaycan qadınına xas olan incəlik, insansevərlik, mərhəmətlik cəhətləri Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevada təcəssüm edilir. Xüsusi vurğulandı ki, onun çoxşaxəli fəaliyyəti istər respublikamızda, istər beynəlxalq aləmdə böyük rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir. Ölkəmizdəki siyasi proseslərdə qadınların xüsusi çəkisinin ildən-ilə yüksəldiyini xüsusi qeyd edən Z.Bayramov bildirdi ki, Yeni Azərbaycan Partiyası bu seçkilərdə də ən layiqli, savadlı və məsuliyyətli partiya fəallarının bələdiyyələrə namizədliyini irəli sürmüşdür. Qadın seçiciləri hər zaman olduğu kimi bu seçkilərdə də yüksək fəallıq nümayiş etdirməyə dəvət edən Z.Bayramov hər kəsi ən layiqli namizədlər olan YAP namizədlərinə səs verməyə çağırdı.

Çıxış edən Bakı Slavyan Universitetinin prorektoru, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Sahibə Qafarova ölkə ictimaiyyətinin seçki prosesinə yüksək əhval ruhiyyə ilə qoşulması haqqında danışaraq bildirdi ki, Azərbaycan qadınları bu gün cəmiyyətin ictimai-siyasi həyatının bütün sahələrində çox fəaldırlar, say etibarilə də ciddi elektorat təşkil edirlər. Bələdiyyə seçkilərində namizədlərin sırasında qadınların xüsusi çəkisinin ildən-ilə yüksəldiyini xüsusi qeyd edən deputat diqqətə çatdırdı ki, ölkəmizdə dövlət qadın siyasəti uğurla həyata keçirilir, qadınlar respublikada, eləcə də Səbail rayonunda gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə yaxından iştirak edirlər. Səbail rayon qadınlarının ictimai-siyasi proseslərdə hər zaman xüsusi fəallıqları ilə seçildiklərini vurğulayan deputat diqqətə çatdırdı ki, nisbətən gənc qurum olan bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin daha da yüksəlməsi bələdiyyə üzvlərindən, rayon ərazisində aparılan maarifləndirmə işindən, o cümlədən qadınların bu işə töhfəsindən asılıdır. Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərə seçkilərdə uğurlar arzu edən S.Qafarova bütün rayon sakinlərini 2019-cu il 23 dekabr seçki günündə fəal olmağa və YAP namizədlərini dəstəkləməyə çağırdı.

YAP Səbail rayon Qadınlar Şurasının sədri Təranə Kərimova ölkə başçısı cənab İlham Əliyevin məharətli idarəçiliyi ilə cəmiyyət həyatımızın bütün sahələrində qazanılan uğurlardan, Azərbaycanda qurulan rifah cəmiyyətindən bəhs etdi və qeyd etdi ki, qadınlar ölkəmizin ictimai-siyasi həyatında gedən bütün proseslərdə siyasi fəallıq nümayiş etdirərək dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfələrini verirlər, Azərbaycanı beynəlxalq aləmdə də layiqincə təmsil edirlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu mənada universal və milli örnək təşkil etdiyini xüsusi vurğulayan T.Kərimova qeyd etdi ki, Mehriban xanımın genişmiqyaslı fəaliyyəti artıq bütün dünyanın dəyərlər zəncirinin mühüm həlqəsinə çevrilib. T.Kərimova əminliyini ifadə etdi ki, ölkəmizdəki sabitlik və inkişafın davamlı olması üçün qadın seçicilər bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklər və qaliblərin, qələbələrin partiyası olan Yeni Azərbaycan Partiyası 23 dekabr tarixində növbəti uğuruna imza atacaq.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədr müavini, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin qərargah üzvü Mehman İsmayılov qeyd etdi ki, Azərbaycan xanımı tarixən hər zaman həm cəmiyətdə, həm cəbhədə, həm siyasət meydanında Azərbaycan kişisinin yanında olub. M.İsmayılov diqqətə çatdırdı ki, bələdiyyə seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin tərkibinə baxsaq bütün seçki məntəqələri üzrə qadınların xüsusi çəkisi demək olar ki, kişilərlə bərabərdir. Bu isə çox təqdir olunası haldır, çünki qadın olan yerdə sevgi, rifah, səliqə və məsuliyyət var. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva başda olmaqla bütün Azərbaycan xanımlarına cansağlığı arzu edən M.İsmayılov Vətənimizin, dövlətimizin çiçəklənməsi naminə Azərbaycan qadınına bütün istiqamətlərdəki fəaliyyətində uğurlar arzuladı.

Görüşdə Səbail, Badamdar və Bibi-heybət bələdiyyələrinə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş qadın namizədlərdən Sədaqət Həsənova, Xatirə Əliyeva, Nərgiz Ələkbərova və Xədicə Həsənova çıxış etdilər. Qeyd olundu ki, bələdiyyə seçkilərində namizədlərin sırasında qadınların və gənclərin çoxluq təşkil etməsi bələdiyyə institutunun inkişafında mühüm rol oynayacaq. Seçki platformaları və görəcəkləri işlər haqqında seçicilərə ətraflı məlumat verən qadın namizədlər Səbail rayon qadın seçicilərini iş yerlərində, ictimai-siyasi fəalliyyətdə daha da fəal olmağa səslədilər və seçki günü həmrəylik nümayiş etdirərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdılar.

Görüşdə çıxış edən qadın seçicilər seçki prosesində fəal iştirak edəcəklərini və xalqın partiyası olan YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildirdilər. Sonda qadın seçicilərin sualları cavablandırıldı və onların təklifləri dinlənildi.