YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin nümayəndə heyəti Gürcüstanda səfərdə olub

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, sədr müavini Fəsli Nəbiyev və Birliyin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayevadan ibarət nümayəndə heyəti “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Gənclər Təşkilatının dəvəti ilə 2025-ci il 3-5 dekabr tarixlərində Gürcüstanda səfərdə olub.

Dekabrın 3-də nümayəndə heyətinin “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Gənclər Təşkilatının üzvləri ilə görüşü keçirilib. Görüşdə gənclər təşkilatları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb, təcrübə və fikir mübadiləsi, birgə layihələr, təlim və seminarların təşkili istiqamətində qarşılıqlı maraq ifadə olunub. Vurğulanıb ki, bu ilin iyul-avqust aylarında Azərbaycanda və Gürcüstanda keçirilmiş Azərbaycan-Gürcüstan Gənclər Forumu gənclər arasında mövcud əməkdaşlığın müsbət nümunəsidir.

Görüş çərçivəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ilə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Gənclər Təşkilatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd qarşılıqlı fəaliyyətin genişləndirilməsini, birgə təşəbbüslərin həyata keçirilməsini və gənclərin inkişafına yönəlmiş proqramların dəstəklənməsini nəzərdə tutur.

“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Gənclər Təşkilatının sədri Giorgi Çakvetadze hakim partiyaların gənclər birlikləri arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, imzalanan Memorandum gələcək ortaq təşəbbüslər, proqram və layihələrin reallaşdırılması üçün yeni imkanlar açır.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov isə bildirib ki, imzalanmış Əməkdaşlıq Memorandumu Azərbaycan və Gürcüstan gəncləri arasında uzunmüddətli işbirliyinin möhkəmlənməsinə xidmət edir. O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin siyasi iradələri sayəsində uğurla davam edən yüksək səviyyəli münasibətlər gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi üçün də əlverişli şərait yaradır.

Dekabrın 4-də nümayəndə heyətinin Tbilisi Şəhər Assambleyasında görüşü baş tutub. Görüşdə Assambleyanın sədri Zurab Abaşidze, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Şəhər Assambleyasında fraksiya rəhbəri Zurab Çikviladze, eləcə də Assambleya üzvləri iştirak ediblər. Tərəflər yerli özünüidarəetmə, gənclərin ictimai-siyasi fəallığının artırılması, bələdiyyə səviyyəsində həyata keçirilən gənclər təşəbbüsləri və Azərbaycan-Gürcüstan əməkdaşlığı çərçivəsində birgə layihələrin reallaşdırılması barədə fikir mübadiləsi aparıblar.

Daha sonra nümayəndə heyəti ilə Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Mariam Laşki arasında görüş keçirilib. Görüşdə iki ölkənin gənclər siyasətinin prioritet istiqamətləri, təhsil sahəsində əməkdaşlıq imkanları və gənclərin qanunvericilik təşəbbüslərində iştirakı müzakirə olunub.

Səfər çərçivəsində nümayəndə heyətinin Gürcüstan Parlamentində Azərbaycan Parlamenti ilə Dostluq Qrupunun sədri İrakli Kadaqişvili ilə görüşü də baş tutub. Tərəflər Azərbaycan-Gürcüstan münasibətlərinin strateji xarakter daşıdığını qeyd edərək, bu əməkdaşlığın gənclər təşkilatları arasında da genişləndirilməsinin vacibliyini vurğulayıblar. Səfər çərçivəsində keçirilən görüşlərin iki ölkənin gəncləri arasında əlaqələrin daha da dərinləşməsinə əlavə imkanlar yaratdığı qeyd olunub.

DİGƏR Partiya xəbərləri Arxiv